mövzusundakı dissertasiya işinin
R E F E R A T I
Mövzunun aktuallığı: Dövlət maliyyəsi dövlətin və dövlət müəssisələrinin sərəncamındakı pul vəsaitlərinin və ümumilikdə maliyyə resurslarının formalaşdırılmasına xidmət edən, ictimai zəruri məhsulun, habelə, milli sərvətin bir qisminin dəyərinin bölgüsü və yenidən bölgüsü ilə həyata keçirilən fundamental pul münasibətləri sistemini özündə əks etdirir. Bu sahədə pul münasibətlərinin subyekti kimi dövlət, müəssisə və təşkilatlar, birliklər və ayrı-ayrılıqda rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər, vətəndaşlar çıxış edirlər.
Büdcə sistemi dövlətin maliyyə sisteminin mühüm həlqəsi olmaqla ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının icra olunmasının əsas maliyyə təminatı rolunu oynayır. Büdcə sisteminin qurulması, onun ayrı-ayrı həlqələri arasında maliyyə münasibətlərinin müəyyən edilməsi dövlətin funksiyalarının həyata keçirilməsinə, dövlətin iqtisadi və sosial cəhətdən inkişaf etməsinə xidmət edir. Dövlət büdcəsi və yerli hakimiyyət orqanlarının büdcələri qarşılıqlı əlaqələr və müəyyən maliyyə münasibətləri əsasında tərtib və icra edilir. Büdcə sisteminin qurulması və onlar arasındakı maliyyə münasibətləri müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplər ölkədə büdcə quruculuğunun əsasını təşkil edir. Büdcənin təşkili prinsiplərinin tədqiq edilməsi və öyrənilməsi böyük əhəmiyyətə malikdir.
Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı dövlətin iqtisadi əsaslarının daha da möhkəmlənməsi, xüsusilə qeyri-neft sektorunun infrastruktur sahələrinin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması və digər məsələlərin həlli istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.
Ölkəmiz müstəqillik əldə etdikdən və yeni iqtisadi sistemə, bazar iqtisadiyyatına keçdikdən sonra iqtisadiyyatda islahatlar aparılmış, iqtisadiyyatın bir çox sahələrində olduğu kimi dövlətin əsas maliyyə planı olan dövlət büdcəsi də yenidən işlənib hazırlanmışdır.
Ölkəmizin özünəməxsus büdcə sistemi, büdcə quruluşu, büdcə hüquqları və büdcə həlqələri mövcuddur ki, bunlar da“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Büdcə vəsaitlərinin istifadə olunması haqqında danışarkən onun fomalaşma mənbələri, xərclərinin istiqamətləri haqqında danışmamaq qeyri-mümküdür. Dövlətin iqtisadi gücü onun büdcəsində əks olunur. Büdcənin gəlirləri və xərcləri arasındakı balans nə qədər mükəmməl olsa dövlət bir o qədər qüdrətli hesab olunur. Büdcənin gəlirlərinin formalaşdırılması, xərclərinin planının tərtib edilməsi hər bir dövlət üçün ən mühüm məsələlərdəndir.
Hal-hazırki dövrdə büdcə sisteminin və onun əsası olan dövlət büdcəsinin zəruliliyini, sosial-iqtisadi mahiyyətini, iqtisadi, sosial-mədəni quruculuqda oynadığı rolu və eləcə də bu fonda büdcə vəsaitlərindən səmərəli istifadə olunması üsullarını dərindən öyrənməyə və elmi-nəzəri tədqiqatlar aparmağa böyük ehtiyac vardır.
Problemin öyrənilmə səviyyəsi: Maliyyə sisteminin və bütövlükdə iqtisadiyyatın dövlət tənzimlənməsi mexanizmində büdcə vəsaitlərinin formalaşması, səmərəliliyinin artırılması, onun idarə edilməsi, xüsusilə də dövlət büdcəsinin gəlir və xərcləri, onlar arasında mütənasibliyin və nisbətin müdafiəsi, təkmilləşdirilməsi probleminin öyrənilməsi məsələləri həmişə iqtisadçı və maliyyəçi alimlər, tədqiqatçılar tərəfindən diqqət mərkəzində olmuşdur. Büdcə sisteminin formalaşması, dövlət xərclərinin büdcə sistemi həlqələri arasında ədalətli bölüşdürülməsi, regional büdcələrin tərtibi və s. bu kimi çox cəhətli məsələlərin nəzəri-təcrübi aspektlərini A.Sokolov, D.Çernik, C.Mill, Q.Menkyu, A.Brizqalin və başqaları öz əsərlərində geniş tədqiq etmişlər. Büdcə vəsaitlərinin idarə edilməsi məsələsinin öyrənilməsi çox qədim tarixə malikdir. Bu məsələnin tədqiqatı ilə A.Smit, D.Rikardo, C.Keyns və digər iqtisadçılar məşğul olmuşlar. Qeyd olunan alimlərin tədqiqatları şübhəsiz boyük elmi dəyərə malikdir, amma onu da nəzərə almaq lazımdır ki, büdcə vəsaitlərinin səmərəli idarə olunması həm də dəyişən iqtisadi mühitdən, konyunkturadan çox asılıdır. Buna görə də sürətlə dəyisən iqtisadi mühitə adekvat olaraq uyğun tədqiqatlar aparılması elmi nəzəriyyənin daimi yenilənməsini və təkmilləşdirilməsini tələb edir.
Büdcə vəsaitlərinin formalaşması, səmərəli istifadəsinin təkmilləşməsi məsələlərini isə dünya miqyasında öyrənənlərə misal kimi S.Ştrayev, R.Ryabov, Q.Rabinoviç, L.Dukaniç, M.Dmitriyev, M.Boqdaçevski və başqa rus iqtisadçı alimlərini göstərmək olar. Ölkəmizdə də tanınmış maliyyəçi tədqiqatçılarımız bu məsələlər ətrafında monoqrafiya, dissertasiya, avtoreferatlarında və elmi əsərlərində problemin tədqiqinə geniş yer vermişlər. Belə ki, D.Bağırov, Ə.Ələkbərov, M.Həsənli, N.Xudiyev, Ş.Bədəlov, B.Xankişiyev, M.Sadıqov, T.Hasilov, B.Qurbanov, T.Qurbanova və digər elm xadimlərini bu siyahıda xüsusi ilə qeyd etmək istərdim.
Dostları ilə paylaş: |