Fəsil III. Büdcə vəsaitlərindən səmərəli istifadə və onun
idarə olunmasının təkmilləşdirilməsi istiqamətləri.
3.1. Büdcə vəsaitlərinin düzgün və səmərəli istiqamətləndirilməsi üzrə beynəlxalq təcrübə.
Büdcələrarası münasibətlərdə yaranan həm üfüqi, həm də şaquli uyğunsuzluq vergi bazasının bölüşdürülməsi, transferlər, qrantlar, yaxud da borc mexanizmi kimi vasitələrdən biri (bəzi hallarda bir neçəsi) vasitəsilə aradan qaldırılır. Məsələn, Kanada, ABŞ və Avstraliyada yerli və regional büdcələrdəki kəsiri aradan qaldırmaq üçün vahid tarazlaşdırıcı transferlərdən və xüsusi qrantlardan istifadə olunur. Lakin inkişaf etmiş ölkələrdə milli büdcədən yerli büdcələrə tarazlaşdırıcı vəsaitlər verilərkən bir sıra meyarlar əsas götürülür. Həmin meyarlar aşağıdakılardan ibarətdir:
1. Yerli büdcənin xərc tələbatı və gəlir imkanları düzgün qiymətləndirilir. Xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi üçün təcrübədə “xərc tələbatının faktor təhlili” metodundan istifadə olunur. Burada regionlardakı dövlət xidmətlərinin dəyərini müəyyənləşdirən amillər əsas götürülür.
2. Tarazlaşdırıcı transferlərə yerli büdcənin gəlir və xərcləri arasında fərqi ötürən mexaniki vasitə kimi baxılmır. Çünki bu zaman bölgü sistemi elə qurulur ki, yerli hakimiyyət xərc siyasəti sahəsində qərarları ilə transferlərin həcminə təsir göstərə bilmir. [34]
Bununla əlaqədar olaraq, belə qənaətə gəlmək olur ki, büdcələrarası münasibətlərin formalaşdırılması böyük dərəcədə bu prosesin hansı məqsədlərə və ya məqsədlər qrupuna ünvanlanmasından asılıdır. Bu məqsədlərə daha çox aşağıdakılar aid edilir:
- ərazinin inkişafının tarazlaşdırılması;
- ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini;
- ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması.
-Azərbaycanda bu siyahını aşağıdakı məqsədlər hesabına daha da genişləndirmək mümkündür:
- ayrıca ərazilər üzrə sosial-mədəni inkişafın stimullaşdırılması;
- regionlar arasında rəqabət mühitinin yaradılması;
- regionlararası inkişaf tarazlığının təminatı.
Büdcələrarası münasibətlərin tədqiqatının əsas aspektlərindən biri müxtəlif səviyyəli büdcə münasibətləri modellərinin fəaliyyəti şəraitində vergi gəlirlərinin yığılması və yenidən bölüşdürülməsi prinsiplərinə baxışdır. Odur ki, müxtəlif ölkələr üzrə büdcə vəsaitlərinin formalaşdırılması və bölüşdürülməsinin, bütövlükdə büdcə prosesinin başlıca məqamlarına diqqət yetirək.
Amerika modelinin aşağıdakı xüsusiyyətləri mövcuddur:
1. Qanunverici baza
Amerika Birləşmiş Ştatlarının konstitusiyasına görə, dövlət hakimiyyəti federal hökumətlə ştat hakimiyyəti arasında bölüşdürülür: sonuncusu, öz növbəsində, vergi qoyuluşu üzrə konstitusiya hüququndan istifadə edir. ABŞ-da müstəqil olaraq ayrıca federal və ştat vergi sistemləri mövcuddur. Yerli idarəetmənin inzibati vahidi ştatların tərkib hissəsi sayılır, eyni zamanda ştatın quruluşuna uyğun olaraq müəyyənləşdirilən vergi sisteminə malik olur. Hazırda ABŞ-da 50 ştat və 87000-ə yaxın bələdiyyə orqanı var. Onlardan 3043-ü qraflıqlar, 19296-ı bələdiyyələr, 16666-ı taunsiplər, 14556-ı məktəb dairələri, 33131-i xüsusi dairələrdir. [34]
ABŞ-ın büdcə sistemi federal büdcədən, ştatların büdcəsindən və yerli bələdiyyə büdcələrindən ibarətdir. Bu ölkədə bələdiyyələr korporasiya hüququ əsasında formalaşır. Belə ki, bu qurumlar şəxsi əmlaka malik ola, özəl firmalarla müqavilələr bağlaya, işgüzar əməliyyatlar apara bilər və s.
ABŞ konstitusiyasında vergi qoyuluşu məsələlərinə əhəmiyyətli dərəcədə geniş yer ayrılır. Diqqəti cəlb edən əsas məqamlar isə bunlardır:
- istənilən federal vergilər, yığımlar, rüsumlar bütün ölkə ərazisi üzrə mütləq
vahid formada olmalıdır;
- birbaşa vergilər yalnız əhalinin siyahıya alınması vasitəsilə təyin olunur;
- istənilən ştatdan gətirilən mallar heç bir vergi və rüsumlara cəlb edilə
bilməz.
Bunu belə izah etmək olar ki, ABŞ konstitusiyasının qəbul olunduğu gündən dövrümüzə qədər bütün ölkə ərazisi vahid vergi məkanı sayılır. Bununla belə, konstitusiyada vergiqoyma məsələlərində ştatların qanunverici orqanlarının rolu şərtləndirilməmişdir. Odur ki, onlar ştat ərazisində müstəqil surətdə vergiqoyma sistemi tətbiq edə bilərlər. ABŞ konstitusiyasına görə, yalnız federal və regional hökümətlər sərbəst olaraq vergiləri təyin edə bilər. Yerli bələdiyyə orqanları isə regional hökumətin razılığı ilə yerli vergiləri müəyyən edirlər. [34]
Federal büdcəyə, ştatların büdcəsinə və yerli orqanların büdcəsinə eyni zamanda müxtəlif proposiyalar üzrə daxilolmalar bu vergilər hesabına həyata keçirilir:
- birbaşa vergilər – fiziki şəxslərdən gəlir vergisi, korporasiyalardan gəlir
vergisi, miras və bağışlama vergisi;
- dolayı vergilər – aksizlər (universal aksizlər və ya satışdan vergi) və gömrük
rüsumları.
-əmlak vergisi yerli hökümət orqanlarının və ştatların büdcəsinə, sosial sığorta
vergiləri isə ştatların və federal hökumətin büdcəsinə ödənilir.
Qeyd etmək lazımdır ki, ABŞ-da ümumi vergi daxilolmalarının 70 faizə qədərini fiziki şəxslərdən gəlir vergisi, sosial vergi və korporasiyaların gəlirlərindən vergilər təşkil edir. ABŞ-da 3 səviyyə büdcə sistemi mövcuddur:
(1) federal büdcə; (2) ştatların büdcəsi; (3) yerli hökumət orqanlarının büdcəsi.
2. Federal büdcənin gəlir və xərclər hissəsinin formalaşdırılması.
ABŞ-ın federal büdcəsinin gəlirlər hissəsinin quruluşuna nəzər salaq. ABŞ-ın federal büdcəsinin xərclər hissəsi 20 əsas kateqoriyaya, o cümlədən müdafiəyə, beynəlxalq işin aparılmasına, kənd təsərrüfatına, nəqliyyata, energetikanın inkişafına, səhiyyəyə, sosial sığortaya, dövlət borcları üzrə faizlərin ödənilməsinə və başqalarına bölünür. Ümumi dövlət xərclərinin 60 faizinə qədəri federal büdcə, 40 faizə qədəri ştat və yerli hökumət orqanlarının büdcələri vasitəsilə bölüşdürülür.
Ştatların vergilərinin strukturu və vergi dərəcələri heç də bütün ştatlar üzrə eyni deyildir. Məsələn, bizdə əlavə dəyər vergisi funksiyasını oynayan və onun analoqu olan satış vergisinin dərəcələri müxtəlif ştatlar üzrə 3 faizdən (Kolorado,Corciya, Kanzas, Simali Karolina ştatlarında) 7.5 (Luiziana və digərlərində) faizədək fərqlənir.Əksər ştatlarda orta göstərici 4-5% intervalındadır. [32]
ABŞ-da ştatlar üzrə həyat səviyyəsinin fərqli olmasına baxmayaraq, dotasiya, subsidiya və digər yenidən bölüşdürmə alətləri vasitəsilə fiskal bərabərləşdirmə (fiscal equalization) nəzərdə tutulmur. Lakin bunun müqabilində tətbiq olunan büdcələrarası tarazlaşdırma sistemi, əsasən, müxtəlif səviyyəli büdcələr tərəfindən ayrılan qrantlar hesabına formalaşır. Belə ki, hələ 1991-ci ildə federal büdcə tərəfindən ayrılan qrantlar konsolidə edilmiş büdcənin 17.6%-ni təşkil edirdi. Yerli büdcələrin isə xərclərinin 34.4%-i regional büdcələr tərəfindən maliyyələşdirilirdi. ABŞ-da aşağı səviyyəli büdcələrə kömək həm məqsədli, həm də ümumi (yəni konkret məqsədli göstərilməyən) olur. Hazırda federal büdcə tərəfindən ümumi yardım həyata keçirilmir. Bu tip yardım ancaq regional büdcələr tərəfindən yerli hökümət orqanlarının büdcələrinə edilir . Məqsədli yardım isə 2 tip qrant formasında nəzərdə tutulur:
1.Blok qrantı, əsasən, regional büdcələri tarazlaşdımaq, sosial təminat və bu tip digər xərc maddələrini maliyyələşdirmək məqsədi güdür;
2. Kateqoriya qrantı isə konkret layihələrin maliyyələşdirilməsinə yönəldilir.
Məqsədli yardımın, demək olar ki, yarısından çoxu pay prinsipi əsasında ayrılır. Bu prinsipə əsasən yuxarı səviyyədə duran büdcədən aşağı səviyyəli büdcələrə o şərtlə məqsədli yardım ayrılır ki, ayrılmış yardımın obyekti olan xərclər maddəsinin bir hissəsi regional və ya yerli büdcə tərəfindən maliyyələşdirilsin.
Dostları ilə paylaş: |