Azərbaycan Respublikasi Təhsil Nazirliyi Azərbaycan Dovlət
Iqtisad Universitetinin Nəzdində Sosial-Iqtisadi Kollec
SƏRBƏST MÖVZU
Müəllim: Muxtarlı Qələndər
Fənn: Azərbaycan tarixi
Mövzu: Nəsirəddin Tusinin ictimai və siyasi görüşləri
Tələbə: Məmmədova Xanimana
Kurs:2
Qrup: 585
Ixtisas: Mühasibat uçotu
Bakı – 2022/2023
XIII əsrdə, zəmanəsinin görkəmli filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, coğrafiyaşünası, maliyyəçisi və hüquqşünası sayılan Azərbaycan alimi, Tusitəxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özünün layihəsi ilə rəsədxana inşa etdirmiş və orada işləmişdir.
Əsas mənbələrdə göstərilir ki, Nəsirəddin Tusi 1201-ci ilin fevralın 18-də Həmədan şəhərinin Bahar bölgəsində anadan olmuşdur.
Lakin onu da qeyd etməliyiəm ki, Tusinin anadan olması ilə bağlı bəzi müxtəlif fikirlər var. Akademik Ziya Bünyadov bu barədə yazmışdır: “Bu günə qədər böyük alimin təvəllüd tarixi ənənəvi olaraq yanlış göstərilib. Lakin, mənbələr təsdiq edir ki, Nəsirəddin Tusi 1201-ci ildə deyil, daha əvvəl anadan olmuşdur. Ən nüfuzlu və dəqiq orta əsr tarixçilərindən Əl-Məqrizi “Kitab əs-süluk” əsərinin birinci cildinin ikinci hissəsində yazır ki, Nəsirəddin Tusi cəmadiyal əvvəl ayında, 577-ci ildə (12 sentyabr – 11 oktyabr 1181) anadan olmuşdur.
Qütbəddin Yuninin “Zeylmirat əz-zaman” əsərində göstərir ki, “Nəsirəddin Tusi 25. VI. 1274-cü ildə Bağdadda vəfat edərkən onun yaşı səksəndən çox idi”.
Bir çox İslam tarixçiləri Tusini monqol işğalçıları ilə birlikdə Bağdad Xilafətinin məhvində fəal iştirak etməyini pisləyirlər. Həmin dövrdə Yaxın Şərq üçün, o cümlədən Azərbaycan üçün həm Bağdad Xilafəti, həm də monqol işğalçıları eyni dərəcədə faciə idi. Lakin onlar bir-birilərilə toqquşmaqla öz güclərini zəiflətmiş olurdular.
Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağdadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.
Tarixdən bəllidir ki, Bağdada yaxınlaşan Hülaku xan eyni zamanda Səlcuq türklərinin məskunlaşdığı ərazinin sərhədində ayaq saxlayır. O, iki seçim qarşısında qalır: ərəb Xilafətinin sonuncu sığınacaq yeri sayılan Bağdad şəhərinə və yaxud da Konstantinopolun divarlarına qədər uzanan səlcuqilərin ərazisinə hücum etsin. Hülaku xan elə bir addım atmalı idi ki, yaratdığı “Elxanilər” dövləti bunun nəticəsində azacıq da olsun zəifləməsin.
Yersiz qığınlara sinə gərən Tusinin bu haqda çox gözəl fikirləri var: “Qələbədən sonra, əlbəttə, başdantutma edama başlamamalı, kin və nifrətdən əl çəkməli, ədavətə son qoymalıdır, çünki qələbədən sonra məğlub edilmişlər qulam və rəiyyət yerində olarlar.
Əfv edib bağışlayan şahlar bağışlamayanlardan daha yaxşıdır, çünki gücü göstərdikdən sonra bağışlamağın başqa hüsnü var”.
Hülaku xan Azərbaycanda olarkən, həqiqətən də dilemma qarşısında qalmışdı – Bağdada hücum etsin, yoxsa səlcuq türklərinin üzərinə yerisin? Bunun üçün əyanların məsləhəti hər şeyi kökündən dəyişə bilərdi.
Azərbaycan alimi türk milliyətindən olduğu üçün çox güman ki, belə bir vəziyyətdə səlcuq türklərini müdafiə etməli idi. Həm də o tarixdən çox yaxşı bilirdi ki, Ərəb Xilafəti yox, Kiçik Asiyanın Anadolu hissəsində yaşayan məhz türk tayfaları, dünyada İslam dininin müdafiəçiləri sayılırdılar. Çünki yalnız onlar, Roma papasının təhriki ilə Avropanın xristian hökmdarları, İslam dinini məhv etmək üçün səlcuq türklərinin üzərinə yeddi böyük səlib yürüşü təşkil etmişdilər. Bundan əlavə Anadoluda məskunlaşan türk tayfaları qərbdə xristian dünyası ilə “Elxanilər” dövləti arasında baryer rolunu oynayaraq, güclü müdafiə xətti təşkil edirdilər. Nəhayət sonda bildirmək istəyirəm ki, Hülaku xan İrana və Azərbaycana soxulandan sonra monqol ordusunun avanqardında türklərin süvariləri və piyada əsgərləri durmağa başladı. Söz yox ki, belə bir qüvvə ilə monqol xanı səlcuq türkləri üzərində qələbə əldə edə bilməzdi. Hülaku xan tarixdən bilirdi ki, türklər döyüşkən, bir-birilərinə sədaqətli, sadiq və çox nadir hallarda bir-birilərinə qarşı silah qaldırırlar. Bütün bu amillər, səlcuq türklərini böyük təlafatlardan xilas etmişdi. Sonrakı prosesdə Bağdad Xilafətinin darmadağın edilməsində, monqol ordusunun tərkibində olan avanqard türk dəstələri başlıca rol oynamışdılar.
Tusinin yaşadığı dövrdə monqollar Azərbaycanı bütünlüklə işğal etmişdilər. Orada yerləşən bütün inzibati və mədəni obyektlər monqolların nəzarəti altında olmuşdu. Bu ondan xəbər verir ki, azərbaycanlı alimin özü və gördüyü işlər də monqolların nəzarəti altında idi. Kamil və müdrik məsləhətləri ilə başqalarından fərqlənən Tusi monqolların hakimləri sayılan əvvəlcə Hülaku xanın, sonra isə Abaqa xanın saraylarında baş vəzir vəzifəsində işləmişdir. Həmin vəzifələrdə işləməsinə baxmayaraq, görkəmli alim elmi nailiyyətlərinə görə adları çəkilən xanların sevimlisinə çevirilmişdir.
Kamil düşüncəsi, ağıllı məsləhətləri və dünyagrüşü ilə bir çox vəzir-vəkillərdən qabarıq şəkildə seçilən Tusi Hülaku xanın gözündə ölkənin bacarıqlı və çevik siyasətçisi kimi görünürdü. Buna görə də alimin məsləhətləri monqol hökmdarı üçün bütün əyanların məsləhətindən üstün idi. Hülaku xan yaxşı bilirdi ki, Tusi təkcə əxlaqi nəsihətlər verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanılmasının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti, ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin, Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd edirlər ki, Platonun “Siyasət” kitabının təhlili Tusinin ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür. Ölkə idarəçiliyinin prinsiplərini təklif edən Tusi bu sahədəki siyasəti iki yerə bölür: birinci fəzilətli (demokratik – H. B.) siyasət, ikincisi zorakı (avtoritar – H. B.) siyasət.
Hülaku xanın tarixdə keçdiyi yol bir çox tədqiqatçılar üçün maraqlı olduğundan, onun dövrü fəaliyyəti diqqət mərkəzində olub. O, Çingiz xanın sevimli nəvələrindən biri olmuşdu. Bütün ömrüboyu köçəri həyat sürmüş Hülakunun ən sevimli əyləncələri şahin və pusqu ovlarına çıxmaq, böyük ziyafətlər təşkil etmək idi. Gözəl mallara olan həvəs onun istəyinə çevirilmişdi. O, nəinki Çingiz xanın hərbi məktəb sənətinə yiyələnmiş, həm də həmin sənəti düşmən əhatəsində öz şəxsi marağı üçün istifadə etməyi bacarırdı.
Rəşidəddinin sözlərinə görə Hülaku xan elmləri çox sevir və sarayında alimləri, müdrik adamları saxlamağı xoşlayır və onların biliyindən istifadə edərdi.
Hülaku xanın xüsusiyyətində mərdlik, zəhmlilik və qəddarlıq xeyli seçilir, lakin ona yaltaqlanmağı xeyli xoşlayırdı... Dostlarına qarşı ürəyiaçıq, düşmənlərinə qarşı isə çox rəzil, mali-mülkə hərisli olan Hülaku xan belə bir rəngarəng fiqur idi.
Hülaku xan Çin dövlətinin hökmdarı Xubilay xanın qardaşı idi və həmişə də nüfuzlu və qüdrətli hökmdarın yanında böyük hörmətə malik idi. Tusi çox yaxşı bilirdi ki, Xubilay xan öz qardaşının sözündən çıxmayacaq və məhz buna görə də əmin idi ki, Hülaku xan möhtəşəm rəsadxananın Azərbaycanda tikilməsi razılığını öz qohumundan alacaq. Razılıq almaqdan əlavə bu sahədə işləyən mütəxəssislərin Çindən Azərbaycana gətirilməsi vacib idi. Hülaku xan bu məsələ barəsində qardaşına müraciət edir və astronomiya sahəsində lazımi qədər təcrübəsi olan cavan alim Fao Mun-Çi Azərbaycana gəlməli olur.
Tusi bu məsələdə bir növ peşəkar diplomat kimi hərəkət etmişdi. Nəhəng imperiyanın (Yuan) hökmdarı Xubilay xan möhtəşəm bir rəsədxananın Çində tikilməsini istədiyi bir vaxt məhz Azərbaycanda tikilir. Əlbəttə, rəsədxananın tikintisinə külli-miqdarda pul sərf olunmalı və heç kim də əvvəlcədən zəmanət verə bilməzdi ki, həmin rəsədxana necə fəaliyyət göstərəcək. İmperiyanın hüdudlarında tikiləcək elm ocağının astronomiya elminə keyfiyyət baxımından müsbət təsir etməsi, bu işə sərmayə buraxan hər bir adamı möhkəm narahat etməli idi. Xubilay xan öz qardaşının xahişini yerinə yetirəndə nə etdiyini çox yaxşı bilirdi. Hülaku xanın verdiyi sərmayənin hesabına – 20 min dinar – Azərbaycanda tikiləcək rəsədxana keyfiyyət baxımından necə inşa ediləcək və onun fəaliyyəti hansı yönümdə qane etsə, onda o, da belə bir rəsədxananın Çində tikilməsinə səy göstərəcək və bunun üçün ən təcrübəli mütəxəssisləri məhz Azərbaycandan gətirəcəkdir.
Xubilay xan anlayırdı ki, Marağada rəsədxana işə salınandan sonra həmin elmi ocağın nəzdində astronomiya, riyaziyyat, həndəsə, coğrafiya elmini inkişaf etdirmək üçün mütəxəssislər hazırlanacaq. Belə olan halda, gələcəkdə Çində tikiləcək rəsədxananın işlədilməsi üçün Azərbaycandan gətirdiləcək mütəxəssislər əsas işlərin öhdəsindən gəlməlidirlər. Əlbəttə, Tusi məktəbinin yetirmələri nəinki Çində və Azərbaycanda, ümumiyyətlə, dünyanın hər bir yerində fəaliyyət göstərməli idilər.
Artıq erkən və orta əsrlərdə Azərbaycan özünün bütün Yaxın Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyətləri Mühəmməd Babakuhi Bakuvi, Şihabəddin Əbuhəfs Sührəvərdi, Qətran Təbrizi, Əli Xatib Təbrizi, Əfzələddin Xaqani Şirvani, Ömər ibn Osman Kafiəddin Şirvani, Əcəmi Naxçıvani, Mahmud Zəncani, Şeyx Nizami Gəncəvi, Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və mədəniyyətə böyük üstünlük verən Hülaku xan da müsbət fikirlər eşitmişdi. Adları çəkilən görkəmli şəxsiyyətlərdən fərqli olaraq, Tusi hərtərəfli inkişaf etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta düşmənlərini də valeh etmişdi. Hülaku xan ən ağır vəziyyətlərdə belə, başqa milliyətdən olan alimə bel bağlamışdı. Tusi həqiqətən də ən çətin məqamlarda və çıxılmaz vəziyyətlərdə çox ağıllı məsləhətlər verirdi. Onun elə bir məsləhəti olubdur ki, bir neçə yüz il qonşu regionlara meydan oxuyan böyük bir imperiyanı yer üzündən sildirərək tarixin səhifələrində dinamik bir dönüş yaratmışdı.
Bağdad Xilafəti süqut olandan sonra onun yerində heç bir dövlət yaranmadı, sadəcə olaraq həmin ərazi İlxanilər dövlətinin tərkibinə daxil olur. Bağdadın elm və mədəniyyət xəzinəsi başqa regionlardan olan alimlərin üzünə açılır. Bu tarixi prosesdə Tusi əvəzsiz rol oynamışdır.
Dövləti sülh şəraitində idarə etmək üçün hökmdar zəkasına etibar etdiyi Tusiyə, dövlət quruluşu və maliyyə sistemi barəsində kitab yazmağa həvalə edir. Həmin kitabda elə məqamlar var ki, indiki zamanda o öz aktuallığını hələ də itirməyibdir.
Xacə Nəsirəddin Mühəmməd Tusi cavanların işsizliyinin məsələsinə toxunaraq yazmışdır: “Əkinçilik, ticarət, məhkəmə və s. işlərlə məşğul olmayan sağlam və çevik cavanları işsiz qoymurdular. Orduya ləyaqətli olanlara silahdan istifadə etməyi öyrədib orduya cəlb edirlər. Yazıb-oxumağa həvəsi olanlara yazmaq öyrədirdilər. Ümumiyyətlə, kim hansı işə layiq idisə, onu həmin işlə təmin edirdilər və işsiz qalmağa qoymurdular”.
Tusi büdcədə işləyən dövlət qulluqçuları və məmurların da qayğısına qalaraq padşaha, belə adamlara təmin ediləcək miqdarda pul və məvacib verməsini tövsiyə etmişdir. O, yazır: “Belə olduqda dövlət məmuru padşah malını mənimsəməz, üzgörənlik etməz”.
Bundan əlavə onu da qeyd etmək istəyirəm ki, artıq Hülaku xan İran, Azərbaycan, Gürcüstan, İraq, Qızıl-İrmək çayına qədər Kiçik Asiya, Türkmənistan və Əfqanıstan daxil olmaqla, böyük bir regionu əhatə edən “Elxanilər” dövlətini yaratmışdı. Regionda qüdrətli və varlı dövlət sayılan Bağdad xəlifəsi birdəfəlik darmadağın edilmişdi. Səlcuq türklərinin başı isə Bizans imperiyasının torpaqlarının mənimsəməsinə qarışmışdı.
Öz iqamətgahını Azərbaycanda quran Hülaku xan işğalçılıq siyasətindən əl çəkərək, ömrünün qalan hissəsini yaratdığı dövlətinin idarəçiliyinə həsr etmişdi.
Bağdad üzərinə hücum vaxtı, məhz türk döyüşçüləri birinci olaraq şəhərə daxil olmuşdular. Onların ardınca monqol döyüşçüləri Yaxın Şərqin ən böyük şəhərinin bütün küçələrini nəzarət altına alıb ən möhtəşəm binalarda qarət və talanlar yaratdılar. Neçə əsr böyüyən və inkişaf edən Bağdad bir anlığa xarabazarlığa çevrilir. Həmin yürüşdə Hülaku xanı müşayiət edən Tusi bir çox qırğınların, alimlərin, qocaların, qadınların və uşaqların qətlinin qarşısını almışdı. Alim minlərlə günahsız adamları məhvdən qurtarmış və bu hadisə bir fakt olaraq tarixə düşübdür.
Düzdür, monqolların işğalı zamanı şəhərdə böyük dağıntılar və qırğınlar baş vermişdi. Lakin qısa bir müddətdən sonra Hülaku xan Tusi, Cüveyni kimi müdrik adamların məsləhəti ilə şəhərdəki xaosu aradan qaldırmış və oradakı vəziyyəti tam nəzarət altına almağa müvəffəq olmuşdur.
Əfqan alimi Sərv Quya Etimadi yazırdı: “O, (Nəsirəddin Tusi – R. D.) Bağdad dağılandan və xilafət süqut edəndən sonra bacardığı qədər adamların, elmə və ədəbi əsərlərin nicatı uğrunda çalışmışdır.
Əgər Xacənin misilsiz səyi olmasaydı, Bağdadda baş vermiş bu dəhşətli tufan və qan dolu dəlakətdən heç bir elmi-ədəbi nümunəni, misilsiz əsərləri xilas etmək olmazdı. Olan-qalanı da bu tufan məhv edəcəkdi”.
Bəzi tarixçilər Bağdadın işğal olmasını Tusinin qisasçılıq prinsipindən yarandığını göstərmək istəyirlər. Guya onun “Əlamut” qalasında keçirdiyi 20 illik dustaq həyatında Bağdad Xəlifəsinin böyük günahı vardı. Belə rəvayət edirlər ki, Tusi Kuhistanda qonaq olarkən Bağdad xəlifəsinə bir qəsidə ithaf edib ona göndərir. Bu isə xəlifənin baş vəziri ibn Əlqəminin tərəfdarlarının əlinə düşür. Qəsidə ilə tanış olan vəzir alimin təhlükəli rəqib hesab edərək, onun həbs edilməsi əmrini göndərir.
Yuxarıda göstərilən rəvayət Bağdad xəlifəsi Müstəsimin şəxsiyyətinə xələl gətirməməkdən ötrü islam tarixçiləri tərəfindən düzəldilmişdir. Lakin bütün bunlara baxmayaraq nə Nəsirəddin Möhtəşəm, nə də ki, ibn Əlqəmi Tusinin qəzəbinə düçar olmuşdular. Halbuki hamı çox yaxşı bilirdi ki, azərbaycanlı alim öz kamil zəkası ilə Hülaku xanın yanında böyük hüsn-rəğbət qazanmış bir şəxs idi.
Faktiki olaraq döyüşlər gedən zaman vəzir əl-Əlqəmi və nəsrani patriarxı xəlifə Müstəsimə xəyanət etmiş və təslim olmaq üçün onu razı salmışdılar. Bundan əlavə məhz xəyanət nəticəsində monqollar gizlin saxlanılan ləl-cəvahiratla, daş-qaşla, qızıl ilə dolu olan xəzinənin yerini öyrənmiş və on gündən sonra xəlifəni Abbasi nəslinə mənsub olan bütün kişi xeylaqları ilə birlikdə edam edirlər.
Birdəfəlik sübut olunub ki, Tusi humanist və rəhmdil bir şəxsiyyət olubdur. O, heç vaxt qisasçılıq prinsiplərinə söykənməmişdir. Bunun üçün əyani sübut aşağıda göstərilən tarixi hadisədir: Monqollar Bağdadı işğal edəndə təqibdən gizlənənlərdən biri Tusinin yaxşı tanıdığı xəlifənin vəziri ibn Hacib idi. Hələ cavan yaşlarında alim “Əhli beyt” haqqında yazdığı əsəri xəlifəyə təqdim etmək üçün Bağdada gəlir. Kitabı nəzərdən keçirən vəzir öz narazılığını bildirir və xəlifənin yanında Dəclə çayına atır. Tusinin dost-tanışları ibn Hacibi kitabın aqibəti kimi, Dəclə çayına atmağı məsləhət görürlər. Lakin alim öz humanistliyini nümayiş elətdirərək, vəzirə yaxşılıqdan başqa bir şey etmir.
Tusinin xasiyyəti təbiətən, istər dustaq həyatı keçirən zaman, istərsə də Hülaku xanın sarayında yüksək vəzifəyə qalxan zaman, dəyişməz olub. Artıq tarixdən məlumdur ki, Bağdad işğal olunandan sonra o, yüzlərlə insanın həyatını ölümün pəncəsindən qurtarıb, onalrın içərisində zəmanəsinin tanınmış adamları da az olmamışdır. Siyasi baxışlarına görə repressiyanın təqiblərinə məruz qalan adamlar çox hallarda haqq-ədalət tərəfdarı sayılan Tusidən kömək istəyirlərmiş. O, isə öz növbəsində bir başa Hülaku xana müraciət edərmiş.
Ədəbiyyat siyahısı
Ramiz Dəniz.”Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”: Bakı 2014.
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı-2001.