§1.1. Radioelektronikanın predmeti və əsas tətbiq sahələri
Radionun kəşfi (7 may 1895-ci il) böyük rus alimi A.S.Popovun adı ilə bağlıdır. R a d i o termini radiasiya (şüalanma) mənasını verən latın sözü olan «r a d i a r e» sözündən götürülmüşdür. Radio kəşfindən sonra keçən təxminən iyirmi il ərzində yalnız rabitə məqsədi ilə tətbiq olunmuşdur. İnformasiyanın elektromaqnit dalğaları vasitəsilə naqilsiz ötürülməsi məsələləri ilə məşğul olan elm və texnikanın bu sahəsi r a d i o t e x n i k a adlanır. Radiotexnika və elektrotexnika arasında olan əsas prinsipial fərq də elə bundan ibarətdir: el e k t r o t e x n i k a qiymətcə böyük enerjinin naqillərlə, radiotexnika isə müəyyən informasiya daşıyan enerjinin (siqnalın) məftilsiz ötürülməsi problemləri ilə məşğul olur. Qeyd etmək lazımdır ki, radiotexnikada ötürülən enerji elektrotexnikada ötürülən enerjidən qat-qat kiçikdir. Radiotexnikanın əsasında radiorabitə yarandı. Radiorabitə isə bir sıra yeni sahələri əhatə edir: radioyayım, televiziya, radiolokasiya, radionavigasiya, radiotelemetriya və radioidarəetmə, radioastronomiya və s. Bunlara raditexnikanın sahələri də deyilir. Məlumatın elektromaqnit dalğaları vasitəsi ilə ötürülməsi radiorabitə adlanır:
Radioyayim -- məlumatın kütləvi radiodinləyicilərinə çatdırılması.
Televiziya--raditexniki qurğuların köməyi ilə təsvirin məsafəyə ötürülməsi və qəbulu.
Radiolokasiya—radiotexniki qurğuların köməyi ilə müxtəlif obyeklərin aşkara çıxarılması
Radionavigasiya-- radiotexniki qurğuların köməyi ilə naviqasiyanın (dəniz gəmilərinin hərəkətinin) idarə olunması.
Radiotelemetriya-- radiotexniki qurğuların köməyi ilə məsafədən idarəetmə və ölçmə.
Radioastronomiya-- radiotexniki qurğuların köməyi ilə kainatın və günəş sisteminin öyrənilməsi.
Radiotexnikanın element bazasını e l e k t r o n i k a təşkil edir. Müasir elektronika aparılan tədqiqatların istiqamətinə və tətbiq sahələrinə görə iki hissəyə bölünür: fiziki və texniki elektronika.
F i z i k i e l e k t r o n i k a – vakuumda, qazlarda və bərk cisimlərdə, o cümlədən yarımkeçiricilərdə gedən elektron və ion proseslərini nəzəri və təcrübi tədqiq etməklə məşğul olan bir sahədir.
T e x n i k i e l e k t r o n i k a isə yuxarıda sadalanan proseslərin əsasında yaradılan cihaz, qurğu və sistemlərin quruluşlarının öyrənilməsi və texnikada, sənayedə tətbiqi ilə məşğul olur.
Son illərdə elektronika böyük sürətlə inkişaf edir: yeni növ elektrovakuum və yarımkeçirici cihazlar yaradılmış, elektronikanın elementləri miniatürləşdirilmiş, mikromodul, inteqral, nəhayət, nano və molekulyar elektron elementləri və mikrosxemləri meydana gəlmişdir. Elektronikanın həm keyfiyyət, həm də kəmiyyətcə bu cür dəyişməsi radiotexnikada inqilab yaratmışdır. Radiotexnika da, öz növbəsində, elektronikanın inkişafına güclü təsir göstərmişdir. Hazırda elm və texnikanın bu iki sahəsi bir-birinə o qədər nüfuz edib qarışmışdır ki, bunlar arasındakı sərhəd tamamilə yox olmuş və elmin bu iki sahəsi əsasında müstəqil r a d i o e l e k t r o n i k a elmi meydana gəlmişdir. Müasir radioelektronika, hər şeydən əvvəl, yüksəktezlikli elektromaqnit dalğalarının köməyi ilə informasiyanın ötürülməsi, qəbulu və işlənilməsi problemləriilə məşğul olan bir elmdir. Bu termin XX əsrin 50-ci illərində meydana gəlmişdir.
Radiofizika və radioelektronika inkişaf etdikcə onların əsasında elm və texnikanın bir sıra yeni sahələri: kvant elektronikası, mikroelektronika, nanoelekronika, optoelektronika, infraqırmızı dalğalar texnikası, akusto və maqnitoelektronika və s. sahələr yaranmışdır. Hazırda radioelektron qurğuları xalq təsərrüfatının, demək olar ki, bütün sahələrində
s ə n a y e d ə – istehsal proseslərinin avtomatlaşdırılmasında (müxtəlif avtomatlar, sayğaclar, robotlar və s.);
t i b b d ə – ürəyin biocərəyanlarının qeyd edilməsində (elektro- kardioqraf), bədənin müxtəlif hissələrinin yüksəktezlikli cərəyanlarla qızdırıb müalicə edilməsində (diatermiya);
k i b e r n e t i k a d a – elektron hesablama maşınlarında (EHM), informasiyanın ötürülməsində;
k o s m o n a v t i k a d a – kosmik aparatların uçuşlarının avtomatik idarə edilməsində, kosmonavtların bir-birilə və Yerlə rabitə yaradılmasında;
a s t r o f i z i k a d a – planetlərin və digər kosmik obyektlərin tədqiqində və s. geniş tətbiq olunur.
Bunlardan başqa, müasir radioelektronikanın nailiyyətlərindən fiziki, kimyəvi və bioloji tədqiqatlarda, məişətdə, iqtisadiyyatda, dilçilikdə, psixologiyada, arxeologiyada və başqa sahələrdə də istifadə olunur.
Dostları ilə paylaş: |