Yürüş addımı(əməli). Yürüş addımla və ya yüyürərək komandası ilə icra edilir. Addımla yerişin normal sürəti dəqiqədə 110-120 addım, addımın ölçüsü 70-80 sm olmalıdır. Yüyürərək yerişin normal sürəti dəqiqədə 165-180 addım, addımın ölçüsü 85-90 sm olmalıdır.
Sıra addımı(əməli).Sıra addımı, bölmələr təntənəli marşla keçdikdə, yerişdə əsgəri salam verdikdə, hərbi qulluqçular rəisə yaxınlaşdıqda və ondan ayrılanda, sıradan çıxdıqda və sıraya qayıtdıqda, habelə sıra təlimlərində tətbiq edilir. Sıra addımı ilə yeriyərkən pəncəsi qabağa dartılmış ayağı yerdən 15-20 sm qaldırmalı və onu yerə pəncə-daban üstünə möhkəm qoymalı, eyni zamanda o biri ayağı yerdən aralamalı. Barmaqlar yarımbükülmüş vəziyyətdə, ovuclar yerə baxaraq qolların şalvarın yan tikişinə paralel olmaqla irəli, çiyin bərabərliyində geriyə yellənir.