Xristofor Kolumb (1451-1506) - 1451-ci ilin payızında Genuyada toxucu ailəsində anadan olmuş Italiyan mənşəli məşhur dənizçi olmuşdur. Onun hər-hansı bir məktəbi bitirməsi barəsində dəqiq məlumat olmasa da, italyan, ispan, portuqal və latın dillərində oxuyub-yaza bilməsi şübhə doğurmur. 1474-1475-ci illərdə Egey dənizinə təşkil olunan ekspedisiyada iştirak etmiş Kolumb, 1476-cı ildə ticarət evinin darğası kimi Lissabona göndərilməklə 9 ay orada yaşayır. XV əsrdə bir sıra alimlərin yerin kürə formasında olması fikrinə tərəfdar olan Kolumb qərb istiqamətdə üzməklə Çin və Hindistana getmək fikrinə düşür. Kolumb qeyd olunan ölkələrə getmək üçün qərb istiqamətini ən qısa yol hesab edirdi. Italyan astronom və coğrafiyaçısı Paolo Toskanellinin yeni tərtib etdiyi dünyanın xəritəsində də belə idi. Onun tərtib etdiyi xəritəyə görə qərb istiqamətdə Hindistana yol şərqə nisbətən iki dəfə qısadır. Lakin fransız mənşəli amerikalı «antikolumbçu» Vino Toskanelli ilə Kolumb arasındakı münasibətlərin olmasını Kolumbun qardaşının uydurması hesab edir. Vinoya görə bunu 30 aprel 1492-ci ildə kral Ferdinand və Izabellanın Kolumbla aralarında bağlanan müqavilə də təsdiq edir. Bu müqavilədə Hindistanın adı çəkilmir.
1476-cı ildə Italiyadan Portuqaliyaya köçən Xristofor Kolumb Çin və Hindistana qərb istiqamətdə üzmə planını (layihəsini) II Ivana təklif edir. Kralın nəqliyyat təlimatlarının tərtibi üçün təşkil olunmuş elmi şuraya təqdim etdiyi layihə 1484-cü ildə rədd olunur. Rədd cavabı alan Kolumb elə həmin ildə kiçik qardaşı Bartolome Kolumbun köməyi ilə Ispaniyaya köçür və layihəni ispan kralına təqdim edir. Layihənin təqdim olunmasında hersoq Medinaselinin mühüm rolu olmuşdur. Medinaseli hətta ekspedisiyanın xərclərini öz boynuna götürür. Lakin kraliça Izabellanın din və saray adamlarından ibarət komissiyaya müzakirəyə verdiyi layihə yenidən rədd edilir.
Din xadimlərinin güclü müqavimətinə baxmayaraq Portuqaliyanın Ispaniyanı qabaqlayacağından qorxaraq Kral 17 aprel 1492-ci ildə layihənin təsdiq olunmasına yazılı surətdə razılıq verir.
Xristofor Kolumb ekspedisiyanı uğurla başa çatdırmaq üçün aşağıdakı şəkildə tələblər qarşıya qoyur: əgər o, Asiya qitəsində yeni torpaqlar kəşf edərsə həmin torpaqlar üzrə VitseKral (Ispan kralının müavini) təyin olunmalı, ticarətdən əldə olunmuş gəlirin 25%-i onun hesabına keçirilməli, admiral rütbəsi verilməli, verilmiş ad və rütbə irsi olaraq uşaqlarına keçməlidir. Gəlir iki dəfə azaldılmaq şərti ilə 30 aprel 1492-ci il tarixində Kolumbun vərəsəlik hüququ təsdiq edildi.