Mövzu 7. Bankların mahiyyəti və növləri .
Banklar haqqında yazarkən ilk növbədə onu qeyd etmək lazımdır ki, hələ ilk banklar orta əsrlərdə yaranmışdır. Qədim xalqların ilk pulları haqqında müəyyən qədər məlumat bu günə qədər gəlib çıxsa da, banklar haqqında yetərincə geniş məlumat bizə çatmamışdir. Hətta, iqtisadi ədəbiyyatlarda bankların yaranma mərhələləri belə müəyyən olunmamışdır. Bank nədir ? Ən sadə şəkildə desək bank pulların saxlanıldığı yerdir. Lakin bu tərif bankların mahiyyətini tam şəkildə açıqlaya bilməz. Bankların yaranması və inkişaf tarixi haqqında alimlərin və mütəxəssislərin fikir ayrılığı mövcuddur. Onların bəzilərinin fikrincə ilk banklar XIV və XV əsrlərdə ayrı-ayrı İtalyan şəhərlərində, kapitalizmin manufaktura mərhələsində yaranmışdır. Bankların kapitalist təsərrüfatçılığının yaranması ilə xarakterizə olunmasına səbəb kimi, bankların məhz pul tədavülünü tənzimləyən və daha geniş həcmli kredit əməliyyatlarını yerinə yetirən xüsusi təşkilati bir zəncirin lazım olduğu bir vaxtda yaranması göstərilir və bunu da kreditin elə bir inkişaf mərhələsində yaranması ilə izah olunur ki, onun köməyi olmadan kapitalist müəssisələri geniş fəaliyyət göstərə bilməzdi.
Digər mütəxəssislər isə bankların daha erkən mərhələdə - feodalizm mərhələsində yarandıqlarını bildirirlər. Onlar belə izah edirlər ki, hələ antik və feodal təsərrufat dövründə bankların ödəmələrdəki vasitəçilik funksiyasına tələbat var idi. Başqa alimlərin banklar haqqında maraqlı mülahizələri vardır. Onlar ``Bank`` sözünün onun mahiyyətini açıqlamadığını və ilk kredit təşkilatları haqqında mülahizələri çətinləşdirdiyini söyləyirlər. Bank sözü italyan sözü olan ``banko`` sözündən götürülüb, masa mənasını verir. Bu masa-banklar malların gur ticarəti baş verən meydanlarda qurulurdu. Aydın məsələdir ki, o dövrdə vahid pul sistemi yox idi. Alqı-satqı zamanı müxtəlif dəyərli, cürbəcür pullara rast gəlmək olurdu. Belə bir şəraitdə pulların bir-birinə dəyişdirilməsinin hansı nisbətdə aparılmasını məsləhət görən peşəkarlara ehtiyac var idi və bu peşəkarların ticarət meydanında öz fəaliyyətlərini yerinə yetirmək üçün xüsusi masaları olurdu. Nəzərə alsaq ki, X əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu və bura dünyanın hər yerindən müxtəlif ölkələrin malları və pul nişanları axışırdı, o zaman ticarət əməliyyatlarında bankirlərin iştrakının vacibliyini və onların masa banklarının daha geniş yayılmasının səbəbini başa düşmək olar.
Dostları ilə paylaş: |