Təşbeh. Frazeoloji vahidlərin bir qrupu bənzətmə, yəni təşbeh olmuş, dildə tez-tez təkrar olunduğuna görə bir tərkib kimi get-gedə sabitləşmiş,semantik bütövlük yaranmış və frazeoloji vahidlər sırasına keçmişdir.
Qeyd etdiyimiz kimi,bədii əsərdə çox istifadə edilən təsvir vasitələrindən biri də təşbehdir. Mənşəcə ərəb sözü olan təşbeh oxşatmaq, bənzətmək mənasını ifadə edir. Ona görə də Azərbaycan ədəbiyyatşünaslığında məcaz növlərindən biri kimi təşbeh sözünün əvəzinə bənzətmə termini də işlədilir.
Təşbeh məcazın sadə növlərindən biridir. Bədii ədəbiyyatda bir əşyanın və ya hadisənin müəyyən əlamətə görə özündən daha qüvvətli əşya və hadisəyə oxşdılmasına təşbeh, yaxud bənzətmə deyilir. Təşbehin əsasında müqayisə durur, bir əşya başqa bir əşya ilə qarşılaşdırılır. Lakin bu əşyalar arasında ancaq bir və ya bir neçə oxşarlıq yaradılır.
Y. Stepanov müqayisənin əsasən iki növünü [fərdi və ümumişlək] göstərir: «Hər şeydən əvvəl, müqayisələr fərdi və hamının qəbul etdiyi sabit söz birləşməsi şəklində ola bilər. Birinci halda onların məqsədi əşyanı ən müxtəlif cəhətdən xarakterizə etməkdir, lakin bunlar daha çox əşyanın təkraredilməz cəhətlərini əks etdirmək üçün işlənir... İkinci halda müqayisələr hamının qəbul etdiyi sabit söz birləşmələri olaraq, adətən, keyfiyyət dərəcəsini bildirir. Keyfiyyət özü isə ayrıca ifadə edilməlidir. Ona görə ki, fərdi müqayisələr əksər hallarda iki hissədən ibarət olur:müqayisə olunan əşyaya işarə və onun nə ilə müqayisə olunmasının təsviri» [115,161].
«Təşbeh müəyyən əlamətlərinə görə epitetlərdən fərqlənir. Epitetlər bir sözə qüvvətləndirici başqa bir söz əlavə etmək yolu ilə düzəlirsə, təşbeh iki əşya, yaxud hadisə arasında oxşar əlamət tapmaq yolu ilə yaranır. Təşbehin aşağıdakı tərkib hissələri – əlamətləri vardır:
1) Bənzəyən 2) Bənzədilən 3) Bənzətmə qoşması
4) Bənzətmə əlaməti
Hər bir tam təşbehi tərkib hissələrinə ayırdıqda dörd mühüm cəhət özünü göstərir: təşbehdə bənzəyən nədir; o, nəyə bənzədilir; bənzəyənlə bənzədilən arasındakı müştərək sifət nədir?; bənzətmə nəyin vasitəsilə ifadə olunur?» [75,152].
Təşbehin müvəffəqiyyətli olması üçün bənzətmə əlaməti [müştərək sifət] bənzəyənə nisbətən bənzədiləndə daha güclü, daha üstün olmalıdır:
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən,
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbimin sahillərinə,
yazaram dəniz kimi.
«Sevirəm» söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi [123, 50-52].
Nəbi Xəzrinin «Dəniz, göy, məhəbbət» şeirindən nümunə gətirdiyimiz bu poetik parçada şairin fikir və hissləri təşbeh, müqayisə və sintaktik təkrarlar vasitəsilə yüksək ifadəliliklə verilmişdir.
Dostları ilə paylaş: |