Ağı sən götür
Gündüzü, gecəni əziz saxlayaq,
Günəş sənə düşsün,
Ay mənə qalsın.
Bizik bu dünyaya səninlə şərik,
Bizsiz nə qış gülər,
Nə də ki, bahar [120, 156].
5. İdeoloji mövqeyinə görə bir-birindən fərqlənən insanların mənsub olduğu təbəqələri və cərəyanları təsvir edərkən onların həm xarakterik xüsusiyyətləri, həm də fərqləndirici əlamətləri antonimlər vasitəsilə ifadə olunur:
Varlılar keyf çəkir xanimanlarda,
Dilənçi çoxalır
səxavət gedir [124, 18].
Məzluma verdiyi əziyyət üçün
Zalıma məhkəmə qurular bir gün
Əgər cahillərdən uzağa qaçsan,
Onda aqillərə qovuşacaqsan
Əgər mömin şəxsə
Dərdini desən,
Mərhəmət görərsən sən ki Allahdan
Nəbadə kafirə gileylənəsən,
Şikayət edirsən, sanki Allahdan [124,96-100].
6. Bəzən şair antonimlərdən bədii dilin ifadə vasitəsi kimi təbiəti obrazlı şəkildə təsvir etmək üçün istifadə edir:
Arzular baharda, ömür qışdadır
Quru haray çəkər, yaş tökülərsə [123, 23].
Ağ səma çayı tək axın, durnalar!
Qara ürəklərdən qorxun, durnalar! [123, 109]
7. Eyni zamanda şeirdə təsvir zamanı təzadlı zaman, məkan və kəmiyyət anlayışları vermək üçün antonimlərdən istifadə olunur:
Gündüz şəkillərdə susanım mənim,
Gecə yuxularda danışanımsan
Ruhun gecə-gündüz hifz edir məni [123, 46]
Bayırda şaxtadır...
Evdə soyuqdur... [123, 228]
Dəniz dalğalanar
Hər səhər-axşam,
Qarı əridikcə uca zirvənin [122, 59]
Axdı...kəndlər gördü sağda, solda o,
Tarlalar içdimi onun suyundan?! [122, 75]
İllər ötüb keçdi arzular təki,
İndi axşam-səhər axtar sən məni [122, 139]
Gör təbiət nə varlıdır,
Qızıl səpir sağa-sola [122, 157].
O, bir meyvəsidir bəxtəvər ömrün
Yatmayır nə gecə, nə gündüz səhər [119, 141]
8. Antonimlərdən ibarət olan başlıqlar diqqəti cəlb etməklə yanaşı, eyni zamanda şeir haqqında müəyyən təsəvvür yaratdığı üçün onlardan poeziyada da istifadə olunur.N.Xəzrinin şeirləri də belə başlıqlarla onun üslubunu fərdiləşdirir:
«Asiman altında, torpaq üstündə», «Uzun sözün qısası», «Yalan və həqiqət», «Ad günü-fəryad günü», «Bir ömrün əvvəli, bir ömrün sonu», «Həm ölum, həm əbədiyyət», «Sən məni öldürdün, məni diriltdin», «Gələrmi, gəlməzmi?», «Qoca və cavan», «Göylə yer arasında», «Kiçik və böyük», «Gəlsən də, gəlməsən də», «Sualsız cavablar», «Şair və şah», «Uşaq...cavan...qoca...», «Qorxu və cəsarət», «Susmaq... danışmaq...», «Bir daş altdan, bir daş üstdən», «Xeyir və şər», «Sizə salam olsun, mənə əlvida», «Gün çıxıb...yağış yağır», «Hələlik və əlvida»,»Yer də,göy də susur», «Təbəssüm və göz yaşları» və s.
9. Antonimlər bədii ədəbiyyatda, xüsusən şeirdə təzad yaratmaq üçün geniş işlədilir ki, bunun da əsasında antiteza yaranır. Antitezanın əsasını təzad təşkil etdiyi üçün burada təzadlı hadisələr qarşı-qarşıya qoyularaq tutuşdurulur. «Antonimlərdən düzələn antiteza bədii bir vasitə kimi hadisələr arasında əksmənalılıq və qarşılaşdırmanı qüvvətləndirir. İfadələr daha təsirli, məna daha dəqiq, nitq daha emosional olur» [38,86]. «Antonimlər vasitəsilə yaranan antiteza müxtəlif ziddiyyətli anlayışları bir-birindən fərqləndirməklə bərabər,üslubi effekt yaratmaq üçün də istifadə edilir. Ədəbiyyatşünaslıq və üslubiyyat kitablarında antiteza antonim sözlərdən, obrazlardan və situasiyalardan yaranan fiqur kimi müəyyənləşdirilir və hadisələri mahiyyətinə, dərəcəsinə, vəziyyətinə və keyfiyyətinə görə müqayisə edir, yaxud bir-birilə təzadlı şəkildə qarşılaşdırır» [27,106]. Antitezaya verilən şərhlərdən aydın olur ki, onlar antonimlərdən daha geniş anlayışa malikdir.Antiteza antonim sözlər əsasında yaransa da, onlar bir-birindən fərqlənir. Belə ki, antiteza obraz və hadisələrin müqayisəsində daha effektli üsullardan olduğu üçün həm də bədii təsvir vasitəsidir.
Qədim yunan alimləri antitezanı qüvvətli bədii təsvir vasitəsi kimi yüksək qiymətləndirmişlər. Onların fikrincə, antiteza ziddiyyətləri açmaqda ən təsirli yollardan biridir. T.Ə.Əfəndiyeva antonimlərdən bəhs edərkən yunan alimi Aristotelin fikrinə istinad etmişdir: «Bu cür təsvir əlverişlidir. Çünki ziddiyyətli qarşılaşdırmalar olduqca anlaşıqlıdır. Onlar yanaşı durduqda isə daha anlayışlı olur. Həm də ona görə ki, təsvirin bu üsulu sillogizmə bənzəyir: həqiqi sübut ziddiyyətlərin qarşılaşdırılmasıdır» [26,72].
Bədii söz sənətkarlarımız faktların, obraz və hadisələrin təsviri zamanı onların bir-birinə olan ziddiyyətli münasibətlərini və hərəkətlərini məhz antiteza vasitəsilə qarşılaşdırıb fərqləndirməklə qiymətləndirirlər. Bu cəhətdən poeziyada da antiteza geniş istifadə olunan bədii təsvir vasitəsidir. Şeirdə işlənən antiteza təsvir olunan əşya və hadisələr arasındakı ziddiyyətləri müqayisə yolu ilə müəyyənləşdirir:
Görüş gözləyirdim, hicrana döndü,
Mənim taleyimdən pozuldu bu gün [123, 204]
Ömrün ağ günündə, qara günündə,
O qara gözləri gözlərəm yenə [123, 212]
Sən parlaq Günəşsən,
Mən solğun Ayam,
Ayam, yoxsa sönmüş
Bir çırağammı? [124, 30]
Bir gözüm ağladı,
Bir gözüm güldü,
Hayıf, görmədim [124, 112].
Şəfəqlər ucadır,
kölgələr qısa,
Tabutum üstünə günəş əyilsin [124, 115]
Zülmət üfüqlərdə solğun bir işıq,
Təbiət göylərə ulduzlar düzür [124, 148].
Gördüyümüz kimi, yuxarıdakı nümunələrdə şair əşya və hadisələr arasındakı fərqli cəhətləri, özünün daxili aləmindəki ziddiyyətli hissləri məhz antiteza vasitəsilə yüksək ifadəli, qabarıq şəkildə verə bilmişdir. Buna görə də professor Y.Seyidov «Sözün qüdrəti» kitabında N.Xəzrinin dili haqqında yazır: «Onun şeirində söz düzümü, çalın-çarpaz təzadlı kəlmə hörükləri – dilimizin ən zərif, sonsuz assosiativ imkanlar açan büllur qaynaqlarına, dərin poetik qatlarına bağlanması ilə gözəldir. Bu mənada Nəbi Xəzrinin poeziyası bizi həm də Azərbaycan dilinin ən təmiz, ən gözəl guşələrinə, dərinliyinə və ucalığına aparır. Söz düzümləri arasında güclü daxili təzad yaratmaq müəllifin başlıca ifadə üsullarındandır» [80, 246].
Beləliklə, apardığımız müşahidələrdən bir daha aydın olur ki, antiteza poetik dildə məna kəsb etməsi baxımından rəngarəng və üslubi imkanları daha genişdir. Hətta poeziyada bütövlükdə antiteza üzərində qurulan şeirlərə də rast gəlinir. N.Xəzrinin «İstə»,«Sən məni öldürdün,məni diriltdin»,«Qoca və cavan», «Hanı?», «İkilikdə», «İllər və sahillər», «Kiçik və böyük» və s. adlı şeirləri buna misal ola bilər. Bütün bunlara əsasən deyə bilərik ki,antonimlər dildə leksik-semantik kateqoriya olmaqla yanaşı, eyni zamanda leksik-üslubi kateqoriyadır. Çünki antonimlərdən bədii dildə üslubi cəhətdən qüvvətli bədii ifadə və təsvir vasitəsi kimi geniş istifadə olunur.
Dostları ilə paylaş: |