Alimentin ödənilməsi barədə saziş
Maddə 94. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması
94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.
94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
94.3. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.
Maddə 95. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması qaydası
95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur.
95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir.
95.3. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.
95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.
Maddə 96. Aliment alanın maraqları pozulduqda aliment ödənilməsi barədə sazişin etibarsız sayılması
96.1. Alimentin ödənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci maddəsinin tələblərinə əməl edilmədikdə həmin saziş mübahisələndirilə bilər.
96.2. Bu saziş azyaşlı uşağın və ya yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün qanuni nümayəndəsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilə bilər.
Maddə 97. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı və indeksasiyası
97.1. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur.
97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.
97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır.
Maddə 98. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları
98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.
98.3. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər.
17-ci fəsil
Dostları ilə paylaş: |