Övladlığa götürmə
Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar
117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir.
117.2. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.
117.3. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.
117.4. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.
117.5. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların, habelə Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Məcəlləyə uyğun olaraq vahid uçota alınmış uşaqların, övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.
117.6. Uşaqlar (bu Məcəllənin 117.6-1-ci maddəsində göstərilən hal istisna olmaqla) Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alındığı gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.
Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq vahid uçota alınmış uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə 1 (bir) il müddət keçdikdən sonra yol verilir.
117.7. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında yol verilir.
Dostları ilə paylaş: |