Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət
Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi
41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
41.3. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər.
41.4. Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad mülki qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu halda ödəmənin ər-arvadın əmlakına yönəldilməsi bu Məcəllənin 41.2-ci maddəsinə uyğun həyata keçirilir.
Maddə 42. Nikah müqaviləsi bağlanarkən, dəyişdirilərkən və pozularkən kreditorların hüquqlarına təminat verilməsi
42.1. Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna (kreditorlarına) məlumat verməlidir. Bu vəzifəni yerinə yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır.
42.2. Kreditor (kreditorlar) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir.
Dördüncü bölmə
Dostları ilə paylaş: |