Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat


Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma



Yüklə 1,92 Mb.
səhifə6/15
tarix25.07.2018
ölçüsü1,92 Mb.
#57723
1   2   3   4   5   6   7   8   9   ...   15

 

Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma


 

159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma -

iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma -

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma -

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə



 

160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə – 

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

160.2. Eyni hərəkətlər:

160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;

160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya //çıxarılıb// iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma



 

161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması - 

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması – 

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

 

Maddə 162. Əmək mühafizəsi qaydalarını pozma



 

162.1. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—

üç //çıxarılıb// ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 

Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi



 

162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —

yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

162-1.2. Eyni əməllər təkrar törədildikdə —

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

 

Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma



 

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Maddə 164. Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma



 

Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır.

 

Maddə 165. Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma



 

165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

165.2. Eyni əməllər:

165.2.1. təkrar törədildikdə;

165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—



//çıxarılıb// beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: 

Bu Məcəllənin 165-166-cı maddələrində “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.

 

Maddə 165-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma



 

165-1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə, satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa –

yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

165-1.2. Eyni əməllər:

165-1.2.1. təkrar törədildikdə;

165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

//çıxarılıb////çıxarılıb//.


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin