3.2. Hər bir inzibati prosedurla bağlı əməliyyatların məzmunu və nəticələri:
3.2.1. Sistemə giriş: İstifadəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş istifadəçi adını və şifrəni aidiyyəti sahələrə daxil edib “təsdiqlə” düyməsini vuraraq sistem tərəfindən eyniləşdirilir və əsas səhifəyə keçid alır;
3.2.2. Şifrənin dəyişdirilməsi: İstifadəçi əsas səhifənin yuxarı sağ küncündəki qeyri-hökumət təşkilatının adı əks olunan düymə vasitəsilə “şifrəni dəyişdirmək” menyusuna keçir və burada həm köhnə, həm də yeni şifrələri daxil edərək şifrəni dəyişdirir;
3.2.3. Qeyri-hökumət təşkilatlarının reyestr məlumatları ilə tanışlıq:
- İstifadəçi sistemin əsas pəncərəsinin yuxarı hissəsində yerləşən “qeyri hökumət təşkilatının reyestr məlumatları” sahəsində özünün reyestr məlumatlarını nəzərdən keçirir;
- “Qeyri hökumət təşkilatının reyestr məlumatları” sahəsinin aşağı sağ küncündə yerləşən “ətraflı” düyməsi vurulduqda əlavə olaraq təsisçilər, təmsilçilər, təşkilatın rəhbəri, nizamnaməsinə edilmiş dəyişikliklər, aldığı (verdiyi) qrantlar barədə məlumatları ehtiva edən cədvəllər açılır;
- Cədvəllərdəki “ətraflı” düyməsi vasitəsilə istifadəçi orada yerləşən məlumatların hər birinin təfərrüatlı versiyası ilə tanış olur;
- İstifadəçi qeyd olunan cədvəllərin sonunda yerləşən “ümumi məlumatlar” düyməsini aktivləşdirdikdə qeyri-hökumət təşkilatı barədə başlıca məlumatları əks etdirən sistemdən çıxarışı generasiya edir və “çap” düyməsi vasitəsilə onu çap edir.
3.2.4. Qeyri-hökumət təşkilatının fəaliyyətinə dair arayışların, elanların və digər məlumatların daxil edilməsi, eləcə də özünün və digər təşkilatların daxil etdikləri məlumatların nəzərdən keçirilməsi:
- Əsas səhifənin orta hissəsində “Təşkilatın fəaliyyətinə dair arayışlar, elanlar və digər məlumatlar” sahəsi yerləşir. Burada istifadəçi özünün və digər qeyri-hökumət təşkilatlarının bütün sistem istifadəçiləri üçün açıqlanılması məqsədilə yerləşdirdikləri arayış, elan və digər məlumatlarla tanış olur;
- İstifadəçi yeni arayış, elan və ya məlumatın yerləşdirilməsini, redaktə edilməsini, eləcə də silinməsini sistemin əsas səhifəsinin yuxarı sağ küncündəki qeyri-hökumət təşkilatının adı əks olunan düymə vasitəsilə “arayışlar, elanlar, məlumatlar” menyusuna keçməklə həyata keçirir.
3.2.5. Fərdi elektron kabinet:
Əsas səhifənin aşağı hissəsində “Fərdi elektron kabinet” sahəsi yerləşir. Bu sahədə aşağıdakı bölmələr mövcuddur:
- “Müraciətlər” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi sistemin iştirakçıları olan qeyri-hökumət təşkilatlarına və dövlət qurumlarına müraciət göndərir, onlardan daxil olan məktubları nəzərdən keçirir;
- “Statistika” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qrantlar, əməkdaşlarının sayı, maliyyələşməsi barədə hesabatları hazırlaya bilər. Bundan başqa burada aidiyyəti dövlət qurumlarında mövcud olan həmin növ statistik göstəricilərlə tanış olmaq mümkündür;
- “Elektron xidmətlər” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi sistemin iştirakçıları olan dövlət qurumları tərəfindən göstərilən bütün elektron xidmətlərdən vahid mənbədən istifadə edir;
- “Qrantların qeydiyyatı üçün müraciət” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi bağladığı qrant müqavilələrinin, o cümlədən subqrantın, qranta əlavələrin, eləcə də qrant müqavilələrinə edilmiş dəyişikliklərin qeydə alınması üçün müraciət edir;
- “Qeydiyyat proseduru və qeydiyyata alınmış təşkilatlar” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin qeydiyyatı proseduru və ya hər hansı qeyri-kommersiya təşkilatının qeydiyyata alınıb-alınmaması barədə məlumatı əldə edir;
- “Mətbu nəşrlərin uçotu” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi mətbu nəşrlərin uçotu üçün müraciəti və sənədləri təqdim edir;
- “Qanunvericilik” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların bazasından istifadə edir;
- “Dəftərxana” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-hökumət təşkilatlarında aparılan elektron və kağız üzərində korrespondensiyanı sistemləşdirilmiş qaydada vahid mənbədə saxlayır;
- “QHT-lərin axtarışı” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi reyestrdəki qeyri-hökumət təşkilatlarını axtarır, habelə açıq istifadə üçün nəzərdə tutulmuş reyestr məlumatları, arayış, elan və digər məlumatları ilə tanış olur.