AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
KOLLEGİYA QƏRARI
№ 18-N
Bakı şəhəri 29 iyun 2018-ci il
“Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 468 nömrəli qərarına uyğun olaraq Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 19-cu bəndini rəhbər tutaraq Kollegiya
QƏRARA ALIR:
-
“Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).
-
Bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).
-
Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin (E.Qasımov).
|
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29.06.2018-ci il tarixli 18-N nömrəli Qərarı ilə təsdiq edilmişdir.
|
Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin şəxs tərəfindən internet vasitəsilə ödənilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 165-ci maddəsi;
1.3.2. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu, 30-cu və 90-cı maddələri;
1.3.3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu, 12-ci, 13-1-ci maddələri;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.9-cu bəndi;
1.3.5. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.6. Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.21-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: “Azericard” MMC.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı ödənişlərin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Şəxs tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumlarının və (və ya) haqqın, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı dövlət rüsumlarının elektron qaydada internet vasitəsilə ödənilməsinin təmin edilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.
2.2.1. Azərbaycan Respublikası Mərkəzi Bankı və Hesablaşma Xidmətinə qoşulmuş banklar arasında ödəniş kartları vasitəsi ilə dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına həyata keçirilən ödənişlər üzrə ölkədaxili xidmət tariflərinin müəyyən olunması üzrə 2012-ci il 12 yanvar tarixli Kollektiv Sazişə əsasən ödəniləcək məbləğin 0.5%-i (minimum 0.30 manat olmaqla) kart sahibindən tutulur. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin edir.
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər və dövlət qurumları.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. http://www.e-gov.az;
2.4.2. http://exidmet.justice.gov.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. İnternet ünvanı: http://www.e-gov.az; http://www.justice.gov.az, www.dxr.az;
2.5.2. Elektron poçt: contact@justice.gov.az;
2.5.3. Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi və ya fərdi identifikasiya nömrəsi (FİN) məlumatları.
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması:
1. İstifadəçi bu Reqlamentin 2.4.1-ci yarımbəndində qeyd edilən internet ünvanına daxil olduqdan sonra “Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi” xidmətini seçərək “Elektron hökumət” portalının autentifikasiya vasitələri ilə identikləşdirilir, açılan pəncərədə ödəniş ediləcək xidmətin növünü və həmin xidmətə dair müvafiq məlumatları seçib, habelə bu reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatları interaktiv qaydada daxil edib “Təsdiq” düyməsini vuraraq sorğunu formalaşdırır.
2. İstifadəçi bu Reqlamentin 2.4.2-ci yarımbəndində qeyd edilən internet ünvanına daxil olduqdan sonra “Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi” xidmətini seçərək açılan pəncərədə ödəniş ediləcək xidmətin növünü və həmin xidmətə dair müvafiq məlumatları, habelə bu Reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatları interaktiv qaydada daxil edib “Təsdiq” düyməsini vuraraq sorğunu formalaşdırır.
3.2.2. Sorğunun qəbulu: Sorğu bu Reqlamentin 3.2.1-ci yarımbəndinə uyğun formalaşdırıldıqda real vaxt rejimində informasiya sistemi tərəfindən qəbul olunur, özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd dərhal istifadəçinin ekranına çıxır. Sənəd sistem tərəfindən istifadəçinin elektron poçt ünvanına da göndərilə bilər.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
1. İstifadəçi tərəfindən təqdim olunmuş məlumatlarda çatışmazlıqlar (müvafiq sahələrin tam doldurulmaması və ya səhv daxil edilməsi, bank hesabı və ya plastik kart ilə bağlı problemlər) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir, bu barədə bildiriş dərhal istifadəçinin ekranına çıxır.
2. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı rüsumların elektron qaydada internet vasitəsilə ödənilməsi üçün elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.
3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlarda çatışmazlıqlar aşkar edilməzsə sorğu qəbul olunur. Sorğu qəbul olunduğu təqdirdə özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd dərhal istifadəçinin ekranına çıxır. Sənəd sistem tərəfindən istifadəçinin elektron poçt ünvanına da göndərilə bilər.
1. Sənəd həm informasiya sistemindən, həm də elektron poçt ünvanından çap oluna bilər.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində ödəniş ediləcək xidmətin növünü və həmin xidmətə dair müvafiq məlumatları seçir, habelə bu Reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatları daxil edir;
2. İstifadəçi real vaxt rejimində ödənişi həyata keçirir və bu barədə ona informasiya sistemi tərəfindən özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd təqdim olunur.
İnzibati əməliyyatın həyata keçirilməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi məsuldur.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
1. İstifadəçi informasiya sisteminin müvafiq pəncərəsində ödəniş ediləcək xidmətin növünü və həmin xidmətə dair müvafiq məlumatları seçir, habelə bu Reqlamentin 2.6-cı bəndində qeyd olunan müvafiq məlumatları daxil edir – real vaxt rejimində;
2. İstifadəçi ödənişi həyata keçirir və bu barədə ona informasiya sistemi tərəfindən özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd təqdim olunur – real vaxt rejimində.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: Yoxdur.
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:
İstifadəçi elektron xidmət vasitəsilə notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı ödənişləri internet vasitəsilə ödəyir və bu barədə ona informasiya sistemi tərəfindən özündə müvafiq məlumatları əks etdirən ödəniş barədə sənəd təqdim olunur.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən həyata keçirilir.
3.5.1. Nəzarət forması: Xidmətin daim işlək vəziyyətdə olması gündəlik nəzarətdə saxlanılır.
3.5.2. Nəzarət qaydası: Xidmətin daim işlək vəziyyətdə olması, habelə ödənilən vəsaitin vaxtında müvafiq hesablara yerləşdirilməsi sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Xidmətin icrası zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
Dostları ilə paylaş: |