§ 2. Order
Maddə 998. Order anlayışı
998.1. Order elə bir sənəddir ki, onun əsasında bir şəxs (çıxarıcı) başqa şəxsə (ödəyiciyə) çıxarıcının hesabına remitentə pul, qiymətli kağızlar və ya digər əvəzolunan əşyalar verməyi tapşırır. Order remitentin adına,adsız və ya əmrə dair qeyd-şərtlə verilə bilər. Əgər order "veksel" və ya "çek" kimi göstərilirsə, onda, birinci növbədə, bu Məcəllənin veksellər və ya çeklər haqqında müddəaları tətbiq edilir.
998.2. Orderi almaqla remitent ödəyicidən öhdəliyin icrasını öz adından tələb etmək hüququ qazanır.
998.3. Ödəyici remitent barəsində öhdəliyi icra etməlidir.
Maddə 999. Orderin ödəyici tərəfindən aksept edilməsi
999.1. Ödəyici remitentə icranı yalnız onun orderi aksept etdiyi halda həyata keçirməlidir. Lakin əgər ödəyici çıxarıcının borclusudursa, ödəyici icranı aksept edilmədən də həyata keçirməlidir.
999.2. Aksept etmə icradan əvvəl və ya icra zamanı bəyan oluna bilər. Əgər aksept etmə icradan əvvəl elan olunursa, ödəyici orderdə aksept haqqında qeyd yazır. Əgər orderdə qeyd onun remitentə təqdim edilməsinədək yazılmışdırsa, remitent üçün aksept ancaq təqdim edilmə anından qüvvəyə malikdir.
999.3. Order ödəyici üçün aksept edildikdə icranı remitentə həyata keçirmək barəsində birbaşa öhdəlik əmələ gəlir. Order aksept edildikdən sonra o, remitentə yalnız akseptin etibarlığına aid olan və ya orderin, yaxud akseptin məzmunundan irəli gələn etirazlarını bildirə bilər.
Maddə 1000. Aksept etməkdən və ya ödənişdən imtina
Əgər ödəniş müddəti çatanadək ödəyici orderi aksept etməkdən və ya ödənişi həyata keçirməkdən imtina edirsə, remitent bu barədə çıxarıcıya dərhal bildiriş verməlidir. Remitent orderdən irəli gələn hüququnu həyata keçirə bilmədikdə və ya həyata keçirmək niyyətində olmadıqda da eyni qayda tətbiq olunur.
Maddə 1001. Çıxarıcının remitentlə münasibətləri
1001.1. Əgər ödəyicinin icranı həyata keçirməsi ilə çıxarıcının borcu ödənilməlidirsə, ödəniş yalnız ödəyici tərəfindən orderin remitentə icrasından sonra yerinə yetirilmiş sayılır.
1001.2. Remitent orderi qəbul edərək, çıxarıcıya qarşı öz tələb hüququnu yalnız o halda həyata keçirə bilər ki, ödəyicidən ödənişin icrasını tələb etsin və onu orderdə nəzərdə tutulan müddət qurtardıqdan sonra almasın.
1001.3. Order ona dəlalət edir ki, başlıca əqd üzrə ixtiyarlının çıxarıcıya qarşı müvafiq tələbi vardır.
Maddə 1002. Orderin geri götürülməsi
Ödəyici orderi aksept edənədək və ya ödənişi icra edənədək çıxarıcı ondan orderi geri götürə bilər.
Maddə 1003. Orderin başqasına verilməsi
1003.1. Remitent orderi hələ aksept edilməmiş olsa belə, hər hansı üçüncü şəxsə keçirə bilər.
1003.2. Çıxarıcı orderin keçirilməsini istisna edə bilər. Ödəyici üçün belə istisna yalnız o halda etibarlıdır ki, orderdə onun haqqında qeyd-şərt edilmiş olsun və ya ödəyici orderi aksept etməzdən və ya ödənişi icra etməzdən əvvəl çıxarıcı ödəyiciyə bu barədə məlumat vermiş olsun.
Dostları ilə paylaş: |