Azərbaycan respublikasinin mülki məCƏLLƏsi [1]


§ 2. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi



Yüklə 2,79 Mb.
səhifə13/138
tarix05.01.2022
ölçüsü2,79 Mb.
#111605
1   ...   9   10   11   12   13   14   15   16   ...   138
§ 2. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi

Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları

181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi.

181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir.

181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldəetmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. cxxxi[135]

181.5. (Çıxarılıb) cxxxii[136]

181.6. Hüquqi şəxs yenidən təşkil edildikdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə (hüquqi şəxslərə) keçir.

181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər.

181.8. (Çıxarılıb) cxxxiii[137]

Maddə 182. Vicdanlı əldə edən

182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

Maddə 183. Mülkiyyətin qiymətli kağızlar vasitəsi ilə verilməsi

Mülkiyyətin əldə edənə keçməsi üçün əşyanın verilməsi əvəzinə qiymətli kağız verilməsi məcburidirsə, özgəninkiləşdirənin qiymətli kağızı əldə edənə verdiyi andan mülkiyyət əldə edənə keçmiş sayılır.



Maddə 184. Sahibsiz daşınar əşyaya mülkiyyətin əldə edilməsi

184.1. Əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir.

184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır.

Maddə 185. Mülkiyyətçinin imtina etdiyi daşınar əşya

185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər.

185.2. Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa obyekt olan şəxs, əgər orada dəyəri şərti maliyyə vahidi miqdarının əlli mislindən aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir. cxxxiv[138]

185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir.



Maddə 186. Tapıntı

186.1. itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir.

186.2. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

186.3. Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin beş faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.

186.4. Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.

186.5. Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.



Maddə 187. Dəfinə

187.1. Dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur.

187.2. Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir.

187.3. Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür.

187.4. Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir.

187.5. Bu maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək və ya qulluq vəzifələrinə aid olan şəxslərə tətbiq edilmir.



Maddə 188. Emal

188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir.

188.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, özünün materiallarından hazırlanmış əmlaka mülkiyyət hüququ əldə edən mülkiyyətçi emalın dəyərini emal edən şəxsə ödəməlidir. cxxxv[139]

188.3. Materialları emal etmiş şəxsin vicdansız hərəkətləri nəticəsində onları itirən materialların mülkiyyətçisi yeni əmlakın öz mülkiyyətinə verilməsini və ona vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.



Maddə 189. Yığılması hamıya müyəssər olan əmlakın mülkiyyətə götürülməsi

Qanunvericiliyə, mülkiyyətçinin verdiyi ümumi icazəyə və ya yerli adətə uyğun olaraq meşələrdə, sututarlarda və ya başqa ərazidə giləmeyvə yığılmasına, balıq tutulmasına, heyvan ovuna və ya hamıya müyəssər olan digər əmlakın yığılmasına yol verildiyi hallarda müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan və ya ovlayan şəxs əldə edir.



Maddə 190. Torpaq sahəsinin tərkib hissəsinə mülkiyyətin əldə edilməsi

Daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur.



Maddə 191. Birləşmə nəticəsində yaranan əşyaya birgə mülkiyyət

191.1. Daşınar əşyaların bir-birinə bağlılığı nəticəsində onlar yeni vahid əşyanın tərkib hissələrinə çevrildikdə və ya daşınar əşyalar birləşdikdə, onların əvvəlki sahibləri bu yeni əşyanın mülkiyyətçiləri olurlar. Paylar həmin əşyaların birləşməzdən əvvəlki dəyərinə uyğun müəyyənləşdirilir.

191.2. Əşyalardan biri, bərqərar olmuş rəyə görə, baş əşya sayılırsa, onun mülkiyyətçisi həmin əşyanın ləvazimatına da mülkiyyət əldə edir.

Maddə 191-1. Yeni mülkiyyətçiyə qarşı zərərin əvəzinin ödənilməsi tələbi cxxxvi[140]

191-1.1. Bu Məcəllənin 188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq mülkiyyətini itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması tələbi yolverilməzdir.

191-1.2. Əgər yeni mülkiyyətçi əşyanı əvəzli müqavilə əsasında üçüncü şəxsdən əldə edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində nəzərdə tutulmuş tələb əmələ gəlmir.

Maddə 192. Nəzarətsiz heyvanlar

192.1. Nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun olduğu yer bilinmədikdə isə, onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər görməlidir.

192.2. Heyvanları tutan şəxs mülkiyyətçinin axtarıldığı müddətdə onları özündə saxlaya və istifadə edə bilər, yaxud saxlanmaq və istifadə üçün başqa şəxsə verə bilər. Nəzarətsiz heyvanları tutan şəxsin xahişi ilə polis onları saxlamaq üçün lazımi şəraiti olan şəxsi axtarır və heyvanları ona verir.

192.3. Nəzarətsiz heyvanları tutan şəxs, habelə saxlanmaq və istifadə üçün onların verildiyi şəxs heyvanları lazımi qaydada saxlamalıdırlar. Həmin şəxslər heyvanların tələf olmasında və ya azarlamasında təqsirli olduqda, onların dəyəri həddində məsuliyyət daşıyırlar.

192.4. Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay müddətində onların mülkiyyətçisi aşkar edilməzsə və ya özü onlara hüququnu bildirməzsə, heyvanları saxlayan və onlardan istifadə edən şəxs onlara mülkiyyət hüququ əldə edir. Həmin şəxs saxladığı heyvanları mülkiyyətə götürməkdən imtina etdikdə, onlar dövlət mülkiyyətinə daxil olur.

192.5. Heyvanlar başqa şəxsin mülkiyyətinə keçdikdən sonra onların əvvəlki mülkiyyətçisi gəldikdə, əgər həmin heyvanların ona bağlılığını saxladığını sübut edən hallar olarsa, yeni mülkiyyətçi ilə razılaşma əsasında müəyyənləşdirilən şərtlərlə, razılaşma əldə edilmədikdə isə məhkəmə yolu ilə heyvanların qaytarılmasını tələb edə bilər.

192.6. Nəzarətsiz heyvanlar mülkiyyətçisinə qaytarıldıqda, onları saxlamış şəxs, heyvanlardan istifadə nəticəsində götürdüyü mənfəəti çıxmaq şərti ilə, onların saxlanması ilə bağlı çəkdiyi zəruri xərclərin əvəzinin heyvanların mülkiyyətçisi tərəfindən ödənilməsi hüququna malikdir. Nəzarətsiz heyvanları tutmuş şəxs bu Məcəllənin 186.3-cü maddəsinə uyğun olaraq bəxşiş hüququna malikdir.


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin