§ 4. Borcun bağışlanması ilə öhdəliyin xitamı
Maddə 546. Borcun bağışlanması anlayışı
Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın.
Maddə 547. Borcun bağışlanmasının digər birgə borclular üçün nəticələri
Birgə borclulardan birinə borcun bağışlanması digər birgə borcluları da azad edir, amma kreditorun onlara qarşı tələbini özündə saxlaması halı istisna təşkil edir. Bu halda kreditor azad edilmiş borclunun payını çıxmaqla, qalan birgə borclular barəsində yalnız bir tələbdən istifadə edə bilər.
Maddə 548. Borcun əsas borcluya bağışlanmasının nəticələri
548.1. Borcun əsas borcluya bağışlanması zaminləri də azad edir.
548.2. Zaminin borcu ödəməkdən azad edilməsi əsas borclunu öhdəliyin icrasından azad etmir.
548.3. Zaminlərdən birinin borcu ödəməkdən azad edilməsi digər borcluları da azad edir.
Maddə 549. İkitərəfli müqavilə üzrə tələblərdən imtinanın nəticələri
İkitərəfli müqavilənin tərəflərindən birinin öz tələbindən imtina etməsi öhdəliyin xitamına səbəb olmur. Həmin tərəf digər tərəfin də öz tələbindən imtina etməsinə qədər müqavilədə nəzərdə tutulmuş öhdəliklərini icra etməlidir.
Dostları ilə paylaş: |