Azərbaycan respublikasinin mülki məCƏLLƏsi [1]


§ 2. Heyvanların, quşların və balıqların alğı-satqısı



Yüklə 2,79 Mb.
səhifə55/138
tarix05.01.2022
ölçüsü2,79 Mb.
#111605
1   ...   51   52   53   54   55   56   57   58   ...   138
§ 2. Heyvanların, quşların və balıqların alğı-satqısı

Maddə 608. Alğı-satqı haqqında müddəaların tətbiqi

Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.



Maddə 609. Heyvan, quş və balıq satıcısının məsuliyyətinin başlıca qüsurlarla məhdudlaşdırılması

609.1. Heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır.

609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır:

609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə;

609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə;

609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə.

609.3. Yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır:

609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə;

609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə;

609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə;

609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə.

609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir.

609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır.

Maddə 610. Məsuliyyətin genişləndirilməsi və məhdudlaşdırılması

Yazılı müqavilədə tərəflər bu Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının xüsusi şərtləri barəsində razılığa gələ bilərlər. Həmin şərtlərə əsasən başlıca qüsurların olmamasına və ya müəyyən xassələrin olmasına təminat verilə bilər, qarantiya müddətləri uzadıla və ya qısaldıla bilər.



Maddə 611. Heyvan, quş və balıq satıcısının təqsirinin prezumpsiyası

Qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi.



Maddə 612. Heyvan, quş və balıq alıcısının hüquqi müdafiəsi vasitələri

612.1. Heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz.

612.1.1. Bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir.

612.1.2. Əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir.

612.1.3. Müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir.

612.2. Müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin.

612.3. Əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Maddə 613. Heyvan, quş və balıq alıcısının hüquqlarını itirməsi

613.1. Alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir.

613.2. Satıcının müqavilənin ləğv edilməsi, dəyişdirmə üçün göndərilmə və ya zərərin əvəzinin ödənilməsi hüquqları qarantiya müddəti qurtardıqdan iki ay sonra müddətin keçməsinə görə qüvvədən düşür.


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin