Satın almaqda üstünlük hüququ və dİgər üstünlük hüquqları
Maddə 659. Satın almaqda üstünlük hüququ və digər üstünlük hüquqları haqqında ümumi müddəalar
659.1. Satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavilə əsasında əmələ gələ bilər. Əgər belə hüquqlar müqaviləyə əsaslanırsa, yalnız müqavilə iştirakçılarını mükəlləfiyyətli edir və həmin əşyanı və ya həmin hüququ arxayın əldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz.
659.2. Satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər üstünlük hüquqları yalnız nəzərdə tutduqları əqdin etibarlığı üçün tələb edilən formada qeydə alınmış olduqda etibarlıdır.
659.3. Satın almaqda üstünlük hüququnun və digər üstünlük hüquqlarının aşağıdakı hallarda qüvvəsi yoxdur:
659.3.1. onlar başqasına verilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi prosedurlarla tənzimlənən obyektlərə və ya hüquqlara aid olduqda;
659.3.2. icraat çərçivəsində, o cümlədən məcburi auksion satışı çərçivəsində satış halında.
659.4. Əgər satın almaqda üstünlük hüququ və müqaviləyə əsaslanan digər üstünlük hüquqları qıt olan ən zəruri əşyalara və hüquqlara aiddirsə, maraqlı şəxslər onların etibarlığı barəsində mübahisə edə bilərlər.
659.5. Əgər satın almaqda hər hansı üstünlük hüququnun və digər üstünlük hüququnun qüvvəsi yoxdursa, belə hüququn verilməsi üçün ödənilmiş haqqın əvəzi, o cümlədən onun ödənildiyi gündən qanunla müəyyənləşdirilmiş faizlər ödənilməlidir.
Maddə 660. Satın almaqda üstünlük hüququ
660.1. Hər hansı obyekti üstün satın almağa ixtiyar verilmiş şəxs bu hüququnu satın almaqda üstünlük hüququ üzrə mükəlləfiyyətli olan şəxs həmin obyektin alğı-satqısı barədə hər hansı üçüncü şəxslə müqavilə bağladıqdan sonra həyata keçirə bilər.
660.2. Mükəlləfiyyətli şəxs üçüncü şəxslə bağladığı müqavilənin məzmununu üstün satın almağa ixtiyar verilmiş şəxsə ləngimədən bildirməlidir. Mükəlləfiyyətli şəxsin məlumatı üçüncü şəxsin məlumatı ilə əvəz edilə bilər. Satın almaqda üstünlük hüququ məlumat alındıqdan sonra iki ay ərzində həyata keçirilə bilər.
660.3. Satın almaqda üstünlük hüququnun həyata keçirilməsi üçün mükəlləfiyyətli şəxsə bu barədə ərizə verilir. Ərizədən ötrü alğı-satqı müqavilələri üçün müəyyənləşdirilmiş forma tələb edilmir.
660.4. İxtiyarlı şəxs satın almaqda üstünlük hüququnu həyata keçirmək üçün mükəlləfiyyətli şəxslə alğı-satqı müqaviləsi bağlayır. Müqavilənin şərtləri mükəlləfiyyətli şəxslə üçüncü şəxs arasında razılaşdırılır. Əgər alış qiyməti cari qiymətdən yüksəkdirsə, ixtiyarlı şəxs onun cari qiymət səviyyəsinədək azaldılmasını tələb edə bilər. İxtiyarlı şəxs həmin hüququ həyata keçirdikdə mükəlləfiyyətli şəxs alğı-satqı müqaviləsini ləğv edə bilər. Müqavilə iştirakçılarının hüquqi müdafiə vasitələri alğı-satqı müqaviləsi ilə müəyyənləşdirilir. Əgər ixtiyarlı şəxs satın almaqda üstünlük hüququnu həyata keçirənədək əşyaya mülkiyyət hüququnu üçüncü şəxs arxayın əldə etmişdirsə, mükəlləfiyyətli şəxs barəsində ixtiyarlı şəxsin hüquqi müdafiə vasitələri onun icra etməmə nəticəsində zərərin əvəzinin ödənilməsi tələbi ilə məhdudlaşdırılır.
660.5. Mükəlləfiyyətli şəxsin üçüncü şəxslə razılaşması alqını satın almaqda üstünlük hüququnun həyata keçirilməməsindən asılı etdikdə və ya satın almaqda üstünlük hüququnun həyata keçirildiyi halda mükəlləfiyyətli şəxsin imtina hüququnu qüvvədə saxladıqda həmin razılaşmanın üstün satın almağa ixtiyar verilmiş şəxs üçün qüvvəsi yoxdur.
660.6. Əgər üçüncü şəxs üstün satın almağa ixtiyar verilmiş şəxsin icra etməyə qadir olmadığı hər hansı əlavə öhdəliyin icrasını müqaviləyə əsasən üzərinə götürürsə, ixtiyar verilmiş şəxs öhdəliyin icrası əvəzinə onun dəyərini ödəməlidir. Əgər öhdəliyi pulla qiymətləndirmək mümkün deyildirsə, satın almaqda üstünlük hüququnun həyata keçirilməsi istisna edilir. Lakin əgər üçüncü şəxslə müqavilə həmin öhdəliksiz də bağlana bilərsə, hər hansı əlavə öhdəlik haqqında şərt nəzərə alınmır.
660.7. Əgər üçüncü şəxs satın almaqda üstünlük hüququnun şamil edildiyi hər hansı obyekti digər obyektlərlə birlikdə ümumi qiymətə alırsa, üstün satın almağa ixtiyar verilmiş şəxs həmin ümumi qiymətin ağlabatan hissəsini ödəməlidir. Mükəlləfiyyətli şəxs tələb edə bilər ki, satın almaqda üstünlük hüququ bütün bölünməz əşyalara şamil edilsin.
660.8. Ayrı şərt qoyulmayıbsa, satın almaqda üstünlük hüququ ixtiyarlı şəxsin vərəsələrinə verilmir və keçmir. Hüquq konkret müddətlə məhdudlaşdırıldıqda, o, şübhə halında vərəsəlik üzrə verilir.
Maddə 661. Digər üstünlük hüquqları
Tətbiq edilə bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin müddəaları müvafiq olaraq digər üstünlük hüquqları, o cümlədən satılmış əşyanın yenidən alınması (satın alınması) hüququ və kirayəyə və ya icarəyə götürməkdə üstünlük hüquqları üçün etibarlıdır.
31-ci fəsil
Dostları ilə paylaş: |