Komİssİya
Maddə 808. Komissiya müqaviləsi
808.1. Komissiya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur.
808.2. (Çıxarılıb) cccxxiii[327]
808.3. Komissiya müqaviləsi müəyyən müddətə və ya qüvvədə olma müddəti göstərilmədən, icra ərazisi göstərilməklə və ya göstərilmədən, komitentin onun mənafeləri üçün və onun hesabına bağlamağı komisyonçuya tapşırdığı əqdləri bağlamaq hüququnu üçüncü şəxslərə verməmək öhdəliyi nəzərdə tutulmaqla və ya nəzərdə tutulmadan, komissiya predmeti olan malların çeşidi barəsində şərtlər qoyulmaqla və ya qoyulmadan bağlana bilər.
Maddə 809. Komisyonçunun ümumi vəzifələri
809.1. Komisyonçu tapşırılmış işi vicdanla aparmalı və komitentin mənafelərini qorumalıdır.
809.2. Komisyonçu əqdləri vicdanlı üçüncü şəxslərlə bağlamalı və komitentin razılığı olmadan üçüncü şəxslərə kredit verməməlidir.
809.3. Komisyonçu öz işlərinin gedişi, o cümlədən komisyon tapşırığının icrası gedişi barəsində komitentə məlumat verməlidir.
809.4. Komisyonçu komitentin icazəsi olmadan onun adını açıqlamamalıdır.
Maddə 810. Komitentin göstərişləri
810.1. Komisyonçu komitentin göstərişlərinə əməl etməli, o cümlədən qiymətlərin limitini gözləməlidir.
810.2. Komitent öz zərərinə olan kənarçıxmalarla bağlanan əqddən imtina edə bilər, amma komisyonçunun zərər üçün kompensasiya təklif etdiyi hallar istisna təşkil edir.
810.3. Komisyonçunun daha sərfəli şərtlərlə bağladığı əqddən bütün fayda komitentə çatır.
Maddə 811. Komisyonçunun hesabat verməsi
811.1. Komisyonçu əqdin müqavilə şərtləri haqqında, öz adından və sifarişçinin hesabına hərəkətləri yerinə yetirməsi haqqında komitentə məlumat verməyə borcludur.
811.2. Ayrı razılaşmanın olmadığı halda komisyonçu üçüncü şəxsin adını bildirməyə borclu deyildir, amma komisyonçunun ödəniş qabiliyyətli olmadığından ehtiyat edildiyi hallar istisna təşkil edir.
811.3. Üçüncü şəxsin adını bildirməkdən imtina hüququ hesabat üçün vacib olan hər hansı digər informasiyanı vermək vəzifəsinə təsir göstərmir. Komitentin xahişi ilə komisyonçu üçüncü şəxsin adı da daxil olmaqla, bütün informasiyanı notariusa verməlidir. Notarius isə üçüncü şəxsin anonimliyini saxlamaqla, bu informasiyanı komitentə verir.
Maddə 812. Komisyonçunun komisyon malı barəsində vəzifələri
812.1. Komitentin sərəncamı ilə komisyonçuya göndərilmiş komisyon malı zədələnmiş olduqda komisyonçu komitentin hüquqlarını müdafiə etməli, malın vəziyyəti barəsində sübutlar qayğısına qalmalı və bu barədə dərhal komitentə bildiriş verməlidir.
812.2. Komitent üçün nəzərdə tutulan komisyon malı barəsində komisyonçunun üzərinə satıcı hüquqları və vəzifələri qoyulur.
Maddə 813. Komisyonçunun mal üçün məsuliyyəti
Komisyonçu saxlamağa götürdüyü malın itməsi və zədələnməsi üçün, əgər qarşısıalınmaz qüvvə ilə bağlı hallar yoxdursa, məsuliyyət daşıyır.
Maddə 814. Əqdin üçüncü şəxs tərəfindən icrası üçün komisyonçunun məsuliyyəti
814.1. Komisyonçu komitentin hesabına əqd bağladığı üçüncü şəxsin öhdəliklərinin icrası üçün məsuliyyət daşıyır, bu şərtlə ki, o belə məsuliyyət götürmüş olsun. məsuliyyət üçüncü şəxslə bağlanmış əqddən onun üçün irəli gələn bütün öhdəliklərə şamil edilir.
814.2. Bu halda komisyonçuya əlavə muzd verilməlidir. Müqavilədə ayrı şərt qoyulmadıqda əlavə muzdun miqdarı bank zaminliyi üçün adi muzd üzrə müəyyənləşdirilir.
Maddə 815. Komisyon muzdu
815.1. Komisyonçu komitentin hesabına bağlanmış əqdin üçüncü şəxs tərəfindən icra edildiyi halda və ya komitentin cavabdeh olduğu səbəblərdən əqdin icra edilmədiyi halda komisyon muzdu tələb edə bilər.
815.2. Komisyon muzdunun miqdarı komissiya müqaviləsi ilə, belə qeyd-şərt olmadıqda isə, əgər komisyon əqdləri komisyonçunun müəssisəsinin fəaliyyət predmetinə aiddirsə, yerli işgüzar adətlər əsasında müəyyənləşdirilir.
815.3. Bundan başqa, komisyonçu komissiya müqaviləsinin yerinə yetirilməsi gedişində çəkdiyi və bütün halları nəzərə almaqla zəruri saydığı xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Komisyonçunun və ya onun işçi heyətinin adi işlərin yerinə yetirilməsi xərclərinin və müqaviləyə uyğun və ya komisyon muzdunun hesabına ödənilən digər xərclərin əvəzi ödənilmir.
Maddə 816. Komisyonçunun özü ilə əqdləri
816.1. Əgər malların rəsmi birja və ya bazar qiyməti vardırsa və komitent ayrı şərt qoymayıbsa, komisyonçunun özü ilə əqdlər bağlamaq hüququ vardır.
816.2. Komisyonçu özü ilə bağladığı əqdlər barəsində bildiriş verməli və bildirişin göndərildiyi an mövcud olmuş birja və ya bazar qiymətini sübut etməlidir.
Maddə 817. Komisyonçunun satış hüququ
817.1. Əgər komitent müqaviləyə və ya şəraitə uyğun komisyon malına sahibliyə başlamalı olsa da, bunu etmirsə, komisyonçu komisyon malının satışını həyata keçirmək hüququnu əldə edir.
817.2. Əgər mal korlanmaya meyllidirsə və ya sonradan malda onun qiymətdən düşməsinə səbəb ola biləcək dəyişikliklər aşkar edilərsə və komitentlə əlaqə yaratmağa vaxt olmazsa, komisyonçu komitentə qabaqcadan bildiriş verməklə, malın satılması qayğısına qalmaq hüququna malikdir.
Maddə 818. Komitentin verdiyi obyektlərə mülkiyyət hüququ
Komitentin komisyonçuya verdiyi obyektlərə mülkiyyət hüququ komisyon əqdi icra edilənədək komitentdə qalır.
Maddə 819. Öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında əqd
819.1. Komisyonçu öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında üçüncü şəxslər ilə əqd üzrə kreditor və borcludur.
819.2. Komisyonçu komissiya müqaviləsinin icrasından əldə etdiklərinin hamısını komitentə verməyə borcludur.
819.3. Komitent komisyonçunun bağladığı əqddən irəli gələn tələbləri yalnız komisyonçu tələbi güzəşt etdikdən sonra irəli sürə bilər.
819.4. Komisyonçunun öz adından və sifarişçinin hesabına hərəkətlərin yerinə yetirilməsi haqqında əqddən irəli gələn tələbləri kreditora güzəşt etməsinin qüvvəsi yoxdur. Əmlakın girov qoyulduğu halda komitent onun ləğvini tələb edə bilər. Əgər girov qoyulmuş tələb artıq kreditora göndərilmişdirsə, komisyonçu kreditorun həmin tələb əsasında aldıqlarının verilməsini tələb edə bilər. cccxxiv[328]
Maddə 820. Komisyonçunun təminat hüququ
820.1. Komisyonçunun hər hansı komisyon əqdindən və ya əvvəlki komisyon əqdlərindən komitentə qarşı əmələ gəlmiş tələbləri əsasında komisyonçu sənədlərə əsasən sahiblik etdiyi və ya sərəncam verə bildiyi komisyon malına qanuni girov hüququ əldə edir. Komisyon malının komitentin mülkiyyətində olmadığı, lakin komisyonçunun həmin malı onun komitentə mənsub olduğunu vicdanlı qəbul etdiyi halda da komisyonçu bu mala girov hüququnu əldə edir. cccxxv[329]
820.2. Komisyonçu komisyon əqdinin icrası əsasında üçüncü şəxsə qarşı mövcud olan tələblər üzrə təminat ala bilər.
Maddə 821. Komissiya müqaviləsinə xitam verilməsi
821.1. Komisyonçunun öldüyü halda komissiya müqaviləsinə xitam verilir.
821.2. Komissiya müqaviləsinin iştirakçıları istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Əgər müqavilənin ləğvinə dair komitent bildiriş verirsə, komisyonçunun çəkdiyi xərclərin əvəzini ona ödəməlidir.
45-ci fəsil
Dostları ilə paylaş: |