§3. Mehmanxanalarda və restoranlarda əşyaların saxlanması
Maddə 831. Mehmanxana və ya restoran sahibinin məsuliyyəti
831.1. Mehmanxana və ya restoran sahibi başqa şəxslərə (qonaqlara) daldalanacaq verən şəxsdir. Mehmanxana və ya restoran sahibi qonaqların mehmanxana və ya restoran sahibinin otaqlarında və ya mehmanxana və ya restoran sahibinin və ya onun işçi heyətinin müəssisədən kənarda müəyyənləşdirdiyi başqa yerdə saxladıqları və ya mehmanxana və ya restoran sahibinin və ya onun işçi heyətinin saxlamaya başqa şəkildə qəbul etdiyi əşyaların hər hansı zədələnməsi, korlanması və ya oğurlanması üçün məsuliyyət daşıyır.
831.2. Əvəz ödəmək vəzifəsi avtomobillərə, avtomobillərdəki əşyalara və diri heyvanlara şamil edilmir.
831.3. Əgər mehmanxana və ya restoran sahibi zərəri qonağın, onu müşayiət edən şəxsin və ya qonağın qəbul etdiyi şəxsin vurduğunu və ya əşyanın xarakterindən və ya qarşısıalınmaz qüvvənin təsirindən irəli gəldiyini sübuta yetirərsə, onun məsuliyyəti istisna edilir.
Maddə 832. Mehmanxanalarda və restoranlarda pulların, qiymətli kağızların və digər qiymətli əşyaların saxlanması
Mehmanxana və ya restoran sahibi pulları, qiymətli kağızları, sərvətləri və digər qiymətli əşyaları saxlamaya qəbul etməyə borcludur, amma miqdarı və ya dərəcəsi ilə əlaqədar onların əhəmiyyətinə və ya həcminə görə mehmanxana və ya restoran üçün ifrat və ya təhlükəli olduğu hallar istisna təşkil edir. Mehmanxana və ya restoran sahibi onların qapalı və ya möhürlənmiş yeşikdə (mücrüdə, sandıqçada) verilməsini tələb edə bilər.
Maddə 833.Mehmanxana və ya restoran sahibinin məsuliyyətinin məhdudlaşdırılması
833.1. Mehmanxana və ya restoran sahibi bu Məcəllənin 831.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti qanunla müəyyənləşdirilmiş şərti maliyyə vahidi məbləğinin min (1000) mislindən çox olmayan miqdarda daşıyır. cccxxx[334]
833.2. Lakin əgər əşya mehmanxana və ya restoran sahibinin və ya onun işçi heyətinin təqsiri üzündən itmişsə, korlanmışsa və ya zədələnmişsə, habelə əgər söhbət onun saxlamaya qəbul etdiyi və ya bu Məcəllənin 832-ci maddəsinə zidd olaraq saxlamaya qəbul etmədiyi əşyalardan gedirsə, onun məsuliyyəti məhdudlaşdırılmır.
Maddə 834. Mehmanxana və ya restoran sahibinin məsuliyyətinin istisna edilməsi
Bu Məcəllənin 832-ci maddəsində nəzərdə tutulan hallarda müqavilə üzrə məsuliyyətin istisna edilməsinin qüvvəsi yoxdur. Qalan hallarda mehmanxana və ya restoran sahibinin məsuliyyəti yalnız zərərin bu Məcəllənin 833.1-ci maddəsində müəyyənləşdirilmiş maksimum məbləğdən çox olan hissəsi üçün qabaqcadan istisna edilir. məsuliyyətdən azad edilmə yalnız o halda baş verir ki, qonaq bu barədə yazılı bildiriş verir və bu bildirişdə ayrı müddəalar olmur.
Maddə 835. Qonağın zərərin əvəzinin ödənilməsi hüququnun ləğvi
Əgər qonaq əşyanın zədələnməsi, korlanması və ya itməsi ona məlum olan kimi bu barədə mehmanxana və ya restoran sahibinə bildiriş verməzsə, ona mənsub olan zərərin əvəzinin ödənilməsi hüququ ləğv edilir.
Maddə 836. Mehmanxana və ya restoran sahibinin girov hüququ
Qonağın mehmanxanada yaşayışı, ona qulluq üçün göstərilmiş xidmətlərdən və tələbatının ödənilməsi üçün digər xidmətlərdən irəli gələn tələbləri, o cümlədən çəkilmiş xərclər üzrə mehmanxana və ya restoran sahibi qonağın bu Məcəllənin 831.1-ci maddəsində müəyyənləşdirilmiş əşyalarına girov hüququna malikdir. Bu halda yaşayış otağını kirayəyə verənin girov hüququ üçün qüvvədə olan göstərişlər tətbiq edilir.
Dostları ilə paylaş: |