§4. Konsiqnasiya anbarında saxlama
Maddə 837. Konsiqnasiya anbarı haqqında müqavilə
837.1. Konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir.
837.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alqı-satqı haqqında müddəalar tətbiq edilir.
Maddə 838. Tacirin vəzifələri
838.1. Tacir konsiqnasiya mallarını ayrıca saxlamalı və onları tapşıranın mülkiyyəti kimi eyniləşdirməlidir.
838.2. Konsiqnasiya malı anbara göndərilərkən tacir onun tamlığını və qüsursuzluğunu yoxlamalı və görünən qüsurlar barəsində tapşırana dərhal məlumat verməlidir. Görünməyən qüsurlar aşkar edilən kimi onlar barəsində dərhal bildiriş verilməlidir. Əgər tacir bunu etməzsə, hesab edilir ki, o, malı saxlamaya qəbul etmişdir.
838.3. Konsiqnasiya malında qüsurların aşkar edildiyi halda tacir tapşıranın ekspeditor, daşıyıcı və ya sığorta firması barəsində hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görməlidir.
Maddə 839. Tacirin məsuliyyəti
839.1. Tacir malın saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır.
839.2. Tacir konsiqnasiya malını oğurlanmadan, yanmadan və üçüncü şəxs tərəfindən zədələnmədən sığorta etdirmək hüququna malikdir və tapşıranın tələbi ilə bunu onun hesabına etməyə borcludur.
Maddə 840. Konsiqnasiya anbarından malın götürülməsi
840.1. Konsiqnasiya anbarı haqqında müqavilənin qüvvədə olduğu müddətdə tacirin öz adi ticarət fəaliyyəti çərçivəsində müştərilərinə mal göndərmək üçün konsiqnasiya anbarından mal götürmək hüququ vardır.
840.2. Konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alqı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alqı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir.
840.3. Tapşıran istənilən vaxt tacirin mal götürmək səlahiyyətini qabaqcadan ləğv edə bilər, bir şərtlə ki, bununla birlikdə o, konsiqnasiya anbarını dərhal geri qəbul etmək təklifini versin.
Maddə 841. Konsiqnasiya anbarında saxlama muzdu
Ayrı razılaşma olmadıqda konsiqnasiya anbarında saxlama üçün tacirə heç bir muzd verilməməlidir.
46-cı fəsil
Dostları ilə paylaş: |