Azərbaycan respublikasinin mülki məCƏLLƏsi [1]


Renta §1. Renta haqqında ümumi müddəalar



Yüklə 2,79 Mb.
səhifə85/138
tarix05.01.2022
ölçüsü2,79 Mb.
#111605
1   ...   81   82   83   84   85   86   87   88   ...   138
Renta

§1. Renta haqqında ümumi müddəalar

Maddə 864. Renta müqaviləsi

864.1. Renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.

864.2. Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir.

Maddə 865. Renta müqaviləsinin forması

865.1. Renta müqaviləsi tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır.

865.2. Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

Maddə 866. Daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsinin qeydə alınması

Renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsinə görə mülkiyyət hüququnun keçməsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.



Maddə 867. Renta ödənilməsi üçün əmlakın özgəninkiləşdirilməsi

867.1. Renta ödənilməsi üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində və ya pulsuz verə bilər.

867.2. Renta müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi və ödənilməsi üzrə tərəflərin münasibətlərinə alqı-satqı haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama müqaviləsi haqqında qaydalar tətbiq edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın.

Maddə 868. Daşınmaz əşyanın renta ilə yüklülüyü

868.1. Renta torpaq sahəsini, binanı, qurğunu və ya onun ödənilməsi üçün verilmiş başqa daşınmaz əşyanı yüklü edir. Renta ödəyicisi belə əşyanı özgəninkiləşdirdikdə onun renta müqaviləsi üzrə öhdəlikləri əldə edənə keçir.

868.2. Renta ilə yüklü olan daşınmaz əşyanı başqa şəxsin mülkiyyətinə vermiş şəxs renta alanın renta müqaviləsinin pozulması ilə əlaqədar əmələ gəlmiş tələbləri üzrə həmin şəxslə subsidiar məsuliyyət daşıyır, bir şərtlə ki, bu Məcəllədə və ya müqavilədə bu öhdəlik üzrə birgə məsuliyyət nəzərdə tutulmasın.

Maddə 869. Renta ödənilməsinin təmin edilməsi

869.1. Torpaq sahəsi və ya digər daşınmaz əşya renta ödənilməsi üçün verildikdə renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü həmin əşyaya girov hüququ əldə edir.

869.2. Pul məbləğinin və ya başqa daşınar əşyanın renta ödənilməsi üçün verilməsini nəzərdə tutan müqavilənin mühüm şərti renta ödəyicisinin öz öhdəliklərinin icrasına təminat vermək və ya bu öhdəliklərin icra olunmaması, ya da lazımınca icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirmək vəzifəsini müəyyənləşdirən şərtdir.

869.3. Renta ödəyicisi bu Məcəllənin 869.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə renta şərtlərinin təminatı renta alanın cavabdeh olmadığı hallara görə itirildikdə və ya pisləşdikdə renta alanın renta müqaviləsini ləğv etmək və müqavilənin ləğvi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək ixtiyarı vardır.



Maddə 870. Rentanın forması və miqdarı

870.1. Renta müqavilə ilə müəyyənləşdirilmiş miqdarda pulla ödənilir. Renta müqaviləsində rentanın dəyərcə onun pul məbləğinə uyğun əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi yolu ilə ödənilməsi nəzərdə tutula bilər.

870.2. Renta müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ödənilən rentanın miqdarı şərti maliyyə vahidi miqdarının artırılmasına proporsional surətdə artırılır. cccxxxiii[337]


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin