Vərəsəlİk hüququnun ümumİ müddəaları
Maddə 1133. Vərəsəlik anlayışı
1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Maddə 1134. Vərəsələr
1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
Maddə 1135. Hüquqi şəxslər vərəsələr kimi
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər çağırılırlar.
Maddə 1136. Nikahdankənar uşaqlar atanın vərəsələri kimi
Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.
Maddə 1137. Ləyaqətsiz vərəsə
Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Maddə 1138. Vərəsə ola bilməyən valideynlər
Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
Maddə 1139. Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum edilmə
Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
Maddə 1140. Ləyaqətsiz vərəsənin bağışlanması
Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir.
Maddə 1141. Başqa miras qoyanın əmlakını miras almaq hüququ
Vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir.
Maddə 1142. Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri
Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.
Maddə 1143. Ləyaqətsiz vərəsə sayılma barəsində iddianın irəli sürülməsi müddəti
Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.
Maddə 1144. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı
Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür.cdlx[464]
Maddə 1145. Mirasın açılması
Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Maddə 1146. Mirasın açıldığı vaxt
Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Maddə 1147. Mirasın açıldığı yer
1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Maddə 1148. Xaricdə yaşayan şəxslərin mirasının açıldığı yer
Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Maddə 1149. Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer
Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
Maddə 1150. Xaricdə mirasın açılması
Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır.
Maddə 1151. Miras əmlak
1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi
Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi
Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
Maddə 1154. Miras qoyanın qeyri-əmlak hüquqlarının müdafiəsi
Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər.
Maddə 1155. Mirasa daxil olmayan əmlak
1155.1. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.
1155.2. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.
Maddə 1156. Vəsiyyətnamədə nəzərdə tutulan əmlakın artırılmasının nəticələri
Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur.
Maddə 1157. Miras şərikləri
Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
Maddə 1157-1. Miras şərikləri tərəfindən mirasın idarə edilməsi cdlxi[465]
1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.
1157-1.3. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər.
Maddə 1158. Mirasdan əşyanın tələb edilməsi hüququ
1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər.
1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir.
63-cü fəsil
Dostları ilə paylaş: |