Vəsİyyətnamənİn dəyİşdİrİlməsİ və ya ləğvİ
Maddə 1220. Vəsiyyətnamənin dəyişdirilməsi imkanları
1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
1220.0.2. notariat orqanına ərizə verməklə;
1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
Maddə 1221. Ləğv edilmiş vəsiyyətnamənin bərpasının yolverilməzliyi
Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz.
Maddə 1222. Bir neçə vəsiyyətnamə
Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır.
Maddə 1223. Notariat vəsiyyətnaməsinin üstünlüyü
1223.1. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir.
1223.2. Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.
Maddə 1224. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları
1224.0. Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür:
1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə;
1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə;
1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə.
Maddə 1225. Vəsiyyətnamənin etibarsızlığı
1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
Maddə 1226. Ayrı-ayrı vəsiyyət sərəncamlarının etibarsızlığı
1226.1. Mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı etibarsızdır.
1226.2. Əgər kiməsə miras əmlakda olmayan pul məbləği vəsiyyət edilmişdirsə, vəsiyyətnamənin bu cür sərəncamı etibarsızdır.
1226.3. Vərəsənin mirası müəyyən dövr üçün və ya miras qoyanın öldüyü gündən deyil, sonralar alacağı barədə, habelə vərəsənin ölümündən sonra mirasın kimə keçməli olduğu barədə vəsiyyət sərəncamı etibarsızdır.
Maddə 1227. Vəsiyyət sərəncamının icrasının qeyri-mümkünlüyü nəticəsində etibarsızlığı
Vəsiyyət sərəncamı vərəsə tərəfindən sağlamlıq vəziyyətinə və ya digər obyektiv səbəblərə görə yerinə yetirilə bilmədikdə vərəsənin iddiası üzrə etibarsız sayıla bilər.
Maddə 1228. Vəsiyyət sərəncamlarından birinin etibarsızlığının nəticələri
Əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa və ya qüvvədən düşmüşdürsə və miras qoyan başqa sərəncamlar verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları qüvvədə qalır.
Maddə 1229. Vəsiyyətnamənin etibarsızlığı halında mirasın alınması
Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər.
Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi
Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.
Maddə 1231. İddia verilməsi müddəti
1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.
1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir.
69-cu fəsil
Dostları ilə paylaş: |