§ 2. Öhdəliyə depozitə qoyma nəticəsində xitam verilməsi
Maddə 532. Öhdəliyə depozitə qoyma nəticəsində xitam verilməsi anlayışı
532.1. Əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir.
532.2. (Çıxarılıb) cclx[264]
532.3. Əgər depozitə qoyulmuş əşyanın qaytarılması istisnadırsa, borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur.
532.4. Əgər borclu öhdəliyi yalnız kreditor öz öhdəliyini icra etdikdən sonra icra etməlidirsə, kreditorun depozitə qoyulmuş əşyanı almaq hüququnu qarşılıqlı öhdəliyin icrasından asılı edə bilər.
Maddə 533. Depozitə qoyulmuş əmlakın kreditora verilməsi
533.1. Məhkəmə və ya notarius depozitə qoyulmuş əmlakı kreditora verməlidir. Məhkəmə və ya notarius mühafizi seçir, sənədlər isə onda qalır.
533.2. Depozitə qoyma öhdəliyin icra edildiyi yerdəki məhkəmədə və ya notariatda həyata keçirilməlidir. Əgər borclu depozitə qoymanı başqa yerdə həyata keçirərsə, kreditorun bununla əlaqədar düşə biləcəyi zərərin əvəzini ödəməlidir.
533.3. Əgər depozitə qoyulmuş əşya məhkəməyə və ya notariata poçtla göndərilmişsə, depozitin qüvvədə olma müddəti əşyanın göndərilmək üçün poçta verildiyi tarixə keçirilir.
Maddə 534. Depozitə qoyulmaq üçün yararlı predmet
534.1. Predmet saxlanmaq üçün yararlı olmalıdır. Tez xarab olan predmetlər saxlanmağa qəbul edilmir.
534.2. Əgər öhdəlik predmeti olan daşınar əşya tez xarab olduğuna və ya saxlanması tənasübsüz surətdə yüksək xərclərlə bağlı olduğuna görə depozitə qoyulmaq üçün yararlı deyildirsə, borclu onu öhdəliyin icra yerində hərracdan sata bilər, satış pulunu isə depozitə qoya bilər.
Maddə 535. Saxlanma yeri
Saxlanma icra yerində həyata keçirilməlidir.
Maddə 536. Kreditordan predmeti qəbul etməyin tələb olunması
Məhkəmə və ya notarius predmetin saxlanmağa qəbul edildiyi barədə kreditora məlumat verir və predmeti qəbul etməyi ondan tələb edir.
Maddə 537. Saxlama ilə bağlı xərclərin ödənilməsi
Saxlama ilə bağlı bütün xərclər kreditorun üzərinə düşür.
Maddə 538. Borclunun saxlanmağa verdiyi predmeti tələb etməsi
538.1. Borclu saxlanmağa verdiyi predmetin kreditor tərəfindən qəbul edilənə qədər qaytarılmasını tələb edə bilər, bu şərtlə ki, lap əvvəldən o, qaytarmadan imtina etməmiş olsun. Borclu predmetin qaytarılmasını tələb edirsə, saxlama baş tutmamış sayılır.
538.2. Kreditor predmetdən imtina edirsə və ya bu Məcəllənin 539-cu maddəsində müəyyənləşdirilən müddət qurtarmışsa, borclu təhvil verdiyi predmeti geri götürə bilər.
538.3. Borclu predmeti geri götürürsə, saxlama xərcləri onun üzərinə düşür.
Maddə 539. İcra predmetinin saxlanma müddəti
Məhkəmə və ya notarius icra predmetini üç ilədək müddətə saxlayır. Əgər həmin müddət ərzində kreditor predmeti qəbul etməzsə, bu barədə borcluya məlumat verilməklə, ondan təhvil verdiyi predmeti geri götürməsi tələb olunur. Borclu predmeti geri götürülmə üçün zəruri olan müddət ərzində almazsa, o, dövlət əmlakı sayılır.
Dostları ilə paylaş: |