§ 7. Faktorinq
Maddə 655. Faktorinq müqaviləsi
655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.
655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.
655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər.
655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər.
655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır.
655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.
Maddə 656. Tələblərin alğı-satqısı haqqında müddəaların faktorinq müqaviləsinə tətbiqi
Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir.
Maddə 657. Faktorinq müqaviləsinin iştirakçıları arasında münasibətlərin xüsusiyyətləri
657.1. (Çıxarılıb) cclxxxi[285]
657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir.
657.3. Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər.
657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.
657.5. Əgər borclu başqa şəxsin ödənişi həyata keçirməkdə üstünlük hüququndan xəbərdardırsa, bu Məcəllənin 657.4-cü maddəsinə uyğun ödənişi həyata keçirmək vəzifəsi aradan qalxır.
657.6. Borclunu faktora ödəniş nəticəsində borcdan azad edən digər əsaslardan asılı olmayaraq, borcdan azad edilmə o halda ödənişin nəticəsi olur ki, həmin ödəniş bu Məcəllənin 657.4-cü maddəsinə uyğun həyata keçirilir.
657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər.
657.8. Mal göndərənin alğı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödənişinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra etsin.
657.9. Əgər müştəri faktorinq müqaviləsi əsasında hər hansı tələbi faktora güzəşt edirsə, onda əvvələn, faktor tərəfindən tələbin hər hansı növbəti güzəştinə və ya hər hansı sonrakı tələb alana bu Məcəllənin 657.4 - 657.8-ci maddələri elə tərzdə tətbiq edilir ki, sonrakı tələb alan sanki faktordur, ikincisi isə, növbəti güzəşt haqqında borcluya ünvanlanmış bildiriş həm də faktora ünvanlanmış bildiriş olur.
657.10. Bu Məcəllənin bu paraqrafının müddəaları faktorinq müqaviləsi ilə qadağan olunmuş sonrakı güzəştə tətbiq edilmir.
Dostları ilə paylaş: |