Bağışlama
Maddə 666. Bağışlama müqaviləsi
666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
Maddə 667. Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti
667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
667.2. Fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər.
667.3. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.
Maddə 668. Bağışlama forması. Bağışlama vədi
668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:
668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; cclxxxiv[288]
668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; cclxxxv[289]
668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;
668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;
668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
668.2. (Çıxarılıb) cclxxxvi[290]
Maddə 669. Hədiyyənin qəbul edilənədək geri götürülməsi
Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.
Maddə 670. Bağışlama müqaviləsi üzrə şərtlər və öhdəliklər
670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
670.2. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir.
670.3. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər.
670.4. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər.
Maddə 671. Hədiyyənin restitusiyası
Hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.
Maddə 672. Hədiyyə verənin məsuliyyəti
672.1. Hədiyyə verən hədiyyə alana hədiyyə ilə əlaqədar dəyən zərər üçün onun qarşısında yalnız o halda məsuliyyət daşıyır ki, zərər qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vurulmuş olsun.
672.2. Qalan hallarda hədiyyə verən yalnız hədiyyə alana vəd etdikləri üçün məsuliyyət daşıyır.
Maddə 673. Bağışlamaqdan imtina
673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:
673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;
673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;
673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər:
673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda;
673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə;
673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda.
673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.
Maddə 674. Bağışlamanın ləğvi və hədiyyə verənin öhdəliklərinin xitamı
674.1. Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir:
674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda;
674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda.
674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir.
33-cü fəsil
Dostları ilə paylaş: |