Azərbaycan respublikasinin mülki məCƏLLƏsi [1]



Yüklə 2,79 Mb.
səhifə83/138
tarix05.01.2022
ölçüsü2,79 Mb.
#111605
1   ...   79   80   81   82   83   84   85   86   ...   138
§2. Yük daşınması

Maddə 850. Yük daşınması müqaviləsi

850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

Maddə 851. Yük göndərən və yük alan

Yük göndərən daşımanın təşəbbüsçüsü olan və daşıyıcı ilə müqavilə bağlayan şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər.



Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu

852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.

852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.

852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər:

852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu);

852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

852.5. Ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.



Maddə 853. Yük göndərənin zəruri məlumatları

853.1. Yük göndərən daşıyıcıya aşağıdakıları dəqiq göstərməlidir:

853.1.1. yük alanın ünvanı;

853.1.2. çatdırılma yeri;

853.1.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;

853.1.4. göndərmə müddəti və nəqliyyat növü;

853.1.5. qiymətli obyektlər olduqda - onların dəyəri;

853.1.6. habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri.

853.2. Yük göndərən bü məlumatın olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.

Maddə 854. Qaimə

854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir:

854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə;

854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması;

854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi;

854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər;

854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ;

854.1.6. daşıyıcının yükə girov hüququ.

854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir.

854.3. Qaimədə aşağıdakı məlumatlar göstərilməlidir:

854.3.1. bu Məcəllənin 853-cü maddəsində göstərilən məlumatlar;

854.3.2. qaimənin tərtib edildiyi yer və tarix;

854.3.3. yük göndərənin adı və ünvanı;

854.3.4. daşıyıcının adı və ünvanı;

854.3.5. yükləmənin yeri və tarixi;

854.3.6. yük yerlərinin adı və nömrələri;

854.3.7. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər);

854.3.8. zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri.

854.4. Zərurət olduqda qaimədə aşağıdakı əlavə məlumatlar da göstərilə bilər:

854.4.1. yükün boşaldılıb başqa nəqliyyat vasitələrinə yüklənməsinin qadağan edilməsi;

854.4.2. yük göndərənin öz hesabına qəbul etdiyi və ya yükü alana avansını verdiyi xərclər;

854.4.3. yük alanın daşıyıcıya ödədiyi dəyər (yükə əlavə edilmiş, yük təhvil verilərkən icra olunmalı ödənişin məbləği);

854.4.4. yükün dəyəri;

854.4.5. yük göndərənin sığorta barəsində təlimatı;

854.4.6. yükün daşınması üçün şərtləşdirilmiş müddətlər;

854.4.7. daşıyıcıya yüklə birlikdə verilmiş sənədlərin siyahısı.

854.5. Yük göndərən qaimədəki məlumatların dəqiqliyi və tamlığı üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

854.6. Əgər yük göndərən bu Məcəllənin 854.3.2, 854.3.4-854.3.8 və ya 854.4-cü maddələrində nəzərdə tutulan məlumatları yanlış və ya natamam vermişdirsə, bununla əlaqədar bütün zərər üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır.

854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər.

Maddə 855. Yükün qablaşdırılması

855.1. Yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır.

855.2. Öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır.

Maddə 856. Yükə dair sərəncam vermək hüququ

856.1. Nə qədər ki yük hələ daşıyıcıdadır, yük göndərənin daşıyıcıya onun xərcləri və zərərləri üçün kompensasiya ödəyərək, yükü geri qəbul etmək və ya çatdırma yerini və yük alanı dəyişdirmək hüququ vardır. Bu müddəalar aşağıdakı hallarda tətbiq edilmir:

856.1.1. yük daşınması müqaviləsində və ya qaimədə yükə dair sərəncam verməyə yalnız yük alanın ixtiyarının çatdığı müəyyənləşdirildikdə;

856.1.2. qaimənin birinci nüsxəsi yük alana verildikdə;

856.1.3. yük təyinat yerinə gəldikdən sonra yük alan yükün çatdırılmasını tələb etdikdə və ya daşıyıcı qaimənin ikinci nüsxəsini yük alana verdikdə;

856.1.4. yük göndərən yükün alınması barədə daşıyıcıdan qəbz aldıqda və onu qaytara bilmədikdə.

856.2. Bu Məcəllənin 856.1.1-856.1.4-cü maddələrində nəzərdə tutulan hallarda daşıyıcı yük alanın göstərişlərinə şərtsiz əməl etməlidir. Bu Məcəllənin 856.1.4-cü maddəsində nəzərdə tutulan halda, yük təyinat yerinə gələnədək daşıyıcı bunu etməyə yalnız yükün alınması barədə yük alana qəbz çatdırıldıqda borcludur.

Maddə 857. Yükün gəlməsi haqqında bildiriş

Daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir.



Maddə 858. Yükün çatdırılması zamanı maneələr

858.1. Əgər yük qəbul edilmirsə və ya yük üzrə ödənişlər həyata keçirilmirsə və ya yük alanı müəyyənləşdirmək mümkün deyilsə, daşıyıcı yük göndərənə bu barədə məlumat verməli və yük göndərənin riski və hesabı ilə yükü müvəqqəti saxlamaya götürməli və ya saxlama üçün üçüncü şəxsə verməlidir. Əgər yük göndərən və yük alan şərait nəzərə alınmaqla ağlabatan müddət ərzində yükə dair zəruri sərəncamlar verməzlərsə, ekspertin köməyi ilə daşıyıcı eynilə komisyonçu kimi yükü ixtiyarlı şəxsin xeyrinə sata bilər.

858.2. Əgər yük tez korlanandırsa və ya onun ehtimal edilən dəyəri xərcləri ödəmirsə, daşıyıcı ləngimədən bu faktı rəsmən təyin edilmiş ekspertin köməyi ilə müəyyənləşdirməli və yükü çatdırılma zamanı maneələrin olduğu haldakı kimi eyni qaydada satmalıdır. Yükün satılmasına dair sərəncam verilməsi barədə iştirakçılara imkan daxilində bildiriş verilir.

858.3. Daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır.



Maddə 859. Yük daşıyıcısının məsuliyyəti

859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir:

859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı;

859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi;

859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar.

859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir:

859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa;

859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

Maddə 860. Yükə girov hüququ

860.1. Daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir. cccxxxi[335]

860.2. Əgər daşıyıcı öz girov hüququnu həyata keçirirsə, yükün çatdırılması yalnız mübahisəli məbləğin məhkəmədə depozitə qoyulduğu halda tələb edilə bilər. Bu məbləğ fraxt verənin girov hüququ barəsində yükü əvəz edir.

860.3. (Çıxarılıb) cccxxxii[336]



Maddə 861. Yüklərin daşınması zamanı iddia müddətləri

Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir.

47-ci fəsil


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin