§ 2. Ödəniş tapşırıqları ilə hesablaşmalar
Maddə 973. Ödəniş tapşırıqları ilə hesablaşmalar haqqında ümumi müddəalar
973.1. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin.
973.2. Bu Məcəllənin bu paraqrafının qaydaları bankda hesabı olmayan şəxsin öz pul vəsaitini həmin bank vasitəsilə köçürməsi ilə bağlı münasibətlərə tətbiq edilir, bu şərtlə ki, qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə ayrı hal nəzərdə tutulmasın və ya bu münasibətlərin mahiyyətindən ayrı hal irəli gəlməsin.
973.3. Ödəniş tapşırıqları ilə hesablaşmaların həyata keçirilməsi qaydası qanunla, habelə ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə tənzimlənir.
Maddə 974. Bank tərəfindən ödəniş tapşırığının yerinə yetirilməsi şərtləri
974.1. Ödəniş tapşırığının və onunla birlikdə təqdim edilən hesablaşma sənədlərinin məzmunu və forması qanunla və ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş tələblərə uyğun gəlməlidir.
974.2. Ödəniş tapşırığı bu Məcəllənin 974.1-ci maddəsində göstərilmiş tələblərə uyğun gəlmədikdə bank tapşırığın məzmununu dəqiqləşdirə bilər. Ödəyiciyə bu cür sorğu tapşırıq alındıqdan dərhal sonra verilməlidir. Qanunla və ya ona uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə nəzərdə tutulmuş müddətdə, bunlar olmadıqda isə ağlabatan müddətdə cavab almadıqda bank tapşırığı icra etmədən ödəyiciyə qaytara bilər, bu şərtlə ki, qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və ya bankla ödəyici arasında müqavilə ilə ayrı hal nəzərdə tutulmasın.
974.3. Əgər ödəyici ilə bank arasında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəyicinin tapşırığını bank ödəyicinin hesabında vəsait olduqda yerinə yetirir. Bank tapşırıqları hesabdan pul vəsaitinin silinməsi növbəliyini gözləməklə icra edir. Ödəyicinin hesabında vəsait olmadıqda bank bu barədə ona məlumat verir.ccclii[356]
Maddə 975. Tapşırığın icrası
975.1. Ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir.
975.2. Bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər.
975.3. Bank ödəyicinin tələbi ilə ona tapşırığın icrası haqqında dərhal bildiriş verməlidir. Tapşırığın icrası haqqında bildirişin tərtibi qaydası və onun məzmununa aid tələblər qanunla, ona uyğun müəyyənləşdirilmiş bank qaydaları və ya tərəflərin razılaşması ilə nəzərdə tutulur.
Maddə 976. Tapşırığın icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə məsuliyyət
976.1. Müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.
976.2. Tapşırığın icra edilməməsi və ya lazımınca icra edilməməsi ödəyicinin tapşırığının icrası üçün cəlb olunmuş bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması ilə əlaqədar baş verdikdə bu Məcəllənin 976.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti məhkəmə həmin bankın üzərinə qoya bilər.
976.3. Əgər bank tərəfindən hesablaşma əməliyyatlarının aparılması qaydalarının pozulması pul vəsaitinin qanunsuz tutulmasına səbəb olmuşdursa, bank bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.
Dostları ilə paylaş: |