Azərbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ


MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR



Yüklə 1,62 Mb.
səhifə3/31
tarix17.06.2018
ölçüsü1,62 Mb.
#53954
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   31

MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR


Maddə 17. Məhkəmənin tərkibi

17.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsinin qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər.

17.2. İşə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya kollegial tərkibli məhkəmə məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim prosesdə sədrlik edir.

17.3. İşlərə baxılması zamanı bütün hakimlər bərabər hüquqlara malikdirlər.

Maddə 18. Məhkəmələrdə kollegial tərkibdə məsələlərin həll edilmə qaydası

18.1. Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir. Hər bir məsələ həll edilərkən hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı səs verir.

18.2. Əksəriyyətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə borcludur. O, öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin, məhkəmə iclasında elan edilmir.

18.3. Hakimlər müşavirə və səsvermə zamanı, habelə qulluq vəzifələrinin icrası başa çatanadək müşavirənin və səsvermənin gizliliyini saxlamağa borcludur.

Maddə 19. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar [9]

19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir:

19.1.1. o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;

19.1.2. o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;

19.1.3. o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.

19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:

19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;

19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; [10]

19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.

19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.[11]



Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər.

Maddə 20. Ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz etmək üçün əsaslar

20.1. Etiraz etmək üçün bu Məcəllənin 19-cu maddəsində göstərilən əsaslar eyni ilə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir.

20.2. Ekspert və ya mütəxəssis, bunlardan başqa aşağıdakı hallarda da işə baxılmasında iştirak edə bilməz:

20.2.1. o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən qulluq mövqeyinə görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa;

20.2.2. o, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə;

20.2.3. onun səlahiyyəti olmadığı müəyyən edilərsə.

20.3. Ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin, həmin işə əvvəllər baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi qismində iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir.

Maddə 21. Özü özünə etiraz və etiraz etmə haqqında ərizələr

21.1. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.

21.2. Etiraz etmə və ya özü özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.

21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.

21.4. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir.

21.5. Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş yüz on manatadək cərimə edilə bilər.[12]

21.6. Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. [13]

Maddə 22. Edilmiş etirazın həll edilmə qaydası

22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.

22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir.

22.3. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir.

22.4. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir.

22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.[14]

22.6. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.

Maddə 23. Etirazın və ya özü özünə etirazın təmin edilməsinin nəticələri

23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.

23.2. Birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiyainstansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.[15]

23.3. Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü özünə etiraz təmin olunduqda iş həmin məhkəmədə başqa tərkibə verilir.

23.4. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində birinci instansiya qaydasında işlər üzrə hakimə etiraz və ya özü özünə etiraz, yaxud məhkəmənin bütün tərkibinə etiraz edilərsə, bu halda iş başqa hakim və ya başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır. [16]

Fəsil 3


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin