Ümumİ müddəalar
Maddə 285. Məhkəmə tərəfindən baxılan ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər
285.0. Bu fəsildə göstərilən qaydada məhkəmə xüsusi iddia icraatı qaydasında aşağıdakı işlərə baxır:
285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə; xliv[44]
285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq pozuntuları barədə qərarlarına dair ərizələr üzrə;
285.0.3. müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;
285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;
285.0.5. normativ xarakterli aktların qanuniliyinin mübahisə edilməsi barədə ərizələr üzrə. xlv[45]
Maddə 286. Ərizənin verilməsi
286.1. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.
286.2. Məhkəməyə ərizənin təqdim edilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi şərt deyildir.
286.3. Ərizənin verilmə müddətinin buraxılması, tənbehin edilmə müddətinin, habelə qərarın icra müddətinin ötməsi ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina üçün əsas deyildir.
286.4. Müddətlər, işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən yoxlanılır.
286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150-ci maddələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Ərizədə əmlak tələbləri, şikayət olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər.
Maddə 287. Sübutetmə vəzifəsi
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür.
Maddə 288. İşlərə baxılması və həll edilməsi qaydası
Məhkəmə tərəfindən ümumi hüquq münasibətlərindən əmələ gələn işlər bu Məcəllənin 24—29-cu fəsilləri və digər qanunlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, ümumi iddia icraatı qaydasında baxılır və həll edilir.
Maddə 289. Şikayət etmə qaydası
Bu Məcəllənin 24-29-cu fəsillərinə müvafiq olaraq qəbul edilmiş məhkəmə aktlarından (qətnamələrindən, qərardadlarından) bu məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilir.
Fəsil 25
Dostları ilə paylaş: |