Şəxsİn psİxİatrİya stasİonarına məcburİ yerləşdİrİlməsİ barədə İşlər üzrə İcraat
Maddə 335. Ərizənin verilməsi
335.1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.
335.2. Ərizədə şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir.
335.3. Psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən ərizə verildikdə, ərizəyə həkim-psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir.
Maddə 336. Ərizənin verilmə müddəti
336.1. Şəxs psixiatriya stasionarında yerləşdirildikdə onun məcburi yerləşdirilməsi barədə ərizə şəxsin psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində verilməlidir.
336.2. Hakim ərizəni qəbul etdikdə, eyni zamanda şəxsin psixiatriya stasionarında saxlanılmasını işə məhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır.
Maddə 337. Ərizəyə baxılması
337.1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizəyə hakim iş başlanılan vaxtdan 5 gün ərzində baxmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər.
337.2. Ərizəyə baxılmasında təşəbbüsü ilə iş başlanmış psixiatriya müəssisəsi nümayəndəsinin və həmin müəssisədə yerləşdirilməsi haqqında məsələ həll olunan şəxsin nümayəndəsinin iştirakı məcburidir.
337.3. Məhkəmə iclası psixiatriya müəssisəsinin binasında keçirilə bilər.
Maddə 338. Ərizə üzrə məhkəmənin qətnaməsi
338.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.
338.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır.
Maddə 338-1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddətinin uzadılması
Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddətinin uzadılması həkim-psixiatriya komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həyata keçirilir. lxxviii[78]
Fəsil 37
Dostları ilə paylaş: |