Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hərəkətləri
355.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında bilavasitə ərizəçidən və ya birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsinin qərardadı üzrə vəsatət almış Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə:
355.1.1. vəsatətin bu Məcəllənin 353-cü maddəsində göstərilən tələblərə uyğunluğunu yoxlamağı;
355.1.2. əslində də mübahisə edilən normativ hüquqi aktın həmin iş üzrə icraat zamanı tətbiq edildiyini və ya tətbiq edilə biləcəyini araşdırmağı;
355.1.3. rəy hazırlamağı və həmin vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında çıxış etməyi tapşırır.
355.2.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu:
355.2.1. normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin bu Məcəllənin 353-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu;
355.2.2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərmək üçün əsasın olub-olmamasını müəyyənləşdirir.
355.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə qərarı vəsatət Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduğu gündən sonra 1 aydan gec olmayaraq, bu Məcəllənin 44-cü fəslində müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul edir.
355.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada verilir.
355.5. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin baxılmasının nəticələri barədə ərizəçiyə və ya vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi barədə qərardad çıxarmış məhkəməyə (hakimə) dərhal yazılı surətdə xəbər verilir.
355.6. Normativ hüquqi akt hər hansı şəxsin hüquqlarını pozduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz təşəbbüsü ilə sorğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir.