Əmr İcraatı
Maddə 275. Məhkəmə əmri
275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir.
275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir.
Maddə 276. Məhkəmə əmri verilə bilən tələblərin əsasları
276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər.
276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər:
276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa;
276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa;
276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa;
276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə;
276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə;
276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə;
276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə.
276.2.8. tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə. xlii[42]
Maddə 277. Ərizənin verilməsi
277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.
277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün şərti maliyyə vahidinin 9,0 misli məbləğində dövlət rüsumu ödənilir. xliii[43]
Maddə 278. Ərizənin forması və məzmunu
278.1. Məhkəməyə ərizə yazılı formada verilir.
278.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
278.2.1. ərizənin verildiyi məhkəmənin adı;
278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer;
278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və ya olduğu yer;
278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar;
278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər;
278.2.6. əlavə edilən sənədlərin siyahısı.
278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir.
Maddə 279. Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi
279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir.
279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:
279.2.1. verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;
279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;
279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.
279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.
279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.
Maddə 280. Məhkəmə əmrinin çıxarılması qaydası
Məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır.
Maddə 281. Məhkəmə əmrinin məzmunu
281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:
281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi:
281.1.2. Məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;
281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş yeri;
281.1.4. tələbin ödənilməsinin hüquqi əsası;
281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak;
281.1.6. dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa;
281.1.7. borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət rüsumunun məbləği.
281.2. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment alınması haqqında məhkəmə əmrində bu Məcəllənin 281.1.1--281.1.5-ci maddələrində nəzərdə tutulmuş məlumatlarla yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği və onların tutulma müddəti göstərilir.
281.3. Məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir.
Maddə 282. Etiraz
Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.
Maddə 283. İddia icraatına keçid
Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.
Maddə 284. Məhkəmə əmrinin icra edilməsi
284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.
İkİncİ yarımbölmə
Ümumİ hüquqİ münasİbətlərdən əmələ gələn İşlər üzrə İcraat (xüsusİ İddİa İcraatı)
Fəsil 24
Dostları ilə paylaş: |