Şəxsİn xəbərsİz İtkİn düşmüş hesab edİlməsİ və ölmüş elan edİlməsİ
Maddə 312. Ərizənin verilməsi
Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
Maddə 313. Ərizənin məzmunu
Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
Maddə 314. Ərizə verildikdən sonra hakimin hərəkətləri
314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.
314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər.
Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi
315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır.
315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.
Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri
Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.
Fəsil 33
Dostları ilə paylaş: |