Şəxsİn məhdud fəalİyyət qabİlİyyətlİ və ya fəalİyyət qabİlİyyətİ olmayan hesab edİlməsİ
Maddə 317. Ərizənin verilməsi
317.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər.lxxiii[73]
317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
Maddə 318. Ərizənin məzmunu
318.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən , narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir.lxxiv[74]
318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
Maddə 319. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi
Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər.
Maddə 320. Ərizəyə baxılması
320.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır.
320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.
320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və minimum əmək haqqının 100 mislinədək məbləğdə cərimə edir.
Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi
321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.
321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Maddə 322. Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi və onun fəaliyyət qabiliyyətli hesab edilməsi
322.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir.
322.2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir.
Fəsil 34
Dostları ilə paylaş: |