Əlavə kassasİya qaydasında İcraat
Maddə 422. Kassasiya qərarlarına yenidən baxılması
Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər.
Maddə 423. Təqdimat, şikayət və protest vermək hüququ
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının və iqtisadi mübahisələr üzrə məhkəmə kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.
Maddə 424. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları
424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır.
424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;
424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə;
424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası yoxdursa;
424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmazsa.
Maddə 425. Təqdimatın, protestin və şikayətin məzmunu
Təqdimat, protest və şikayət bu Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
Madə 426. Təqdimatın, protestin və ya şikayətin göndərilməsi
426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı, protesti və ya şikayəti iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.
426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər.
426.3. Təqdimat, protest və yaxud şikayətin surəti işdə iştirak edən şəxslərə göndərilir.
Maddə 427. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi
427.1. Təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir.
427.2. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraata xitam verilməsinə səbəb olur.
Maddə 428. İşə baxılması
428.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əvvəllər işə baxılmasında iştirak etməmiş hakimin işin halları və təqdimatın, protestin və ya şikayətin dəlilləri barədə məruzəsini dinləyir.
428.2. Plenumun iclasına izahat vermək üçün protest və ya şikayəti vermiş şəxslər, habelə işdə iştirak edən digər tərəflər çağırıla bilərlər. Bu halda onlara plenum iclasının vaxtı və yeri barədə bildiriş göndərilir. Onların gəlməməsi işə baxılmasına mane olmur.
428.3. İşə baxılarkən bütün məsələlər səs çoxluğu ilə həll edilir. Təqdimatın, protestin və ya şikayətin təmin edilməsi leyhinə və əleyhinə verilmiş səslərin sayı bərabər olduqda təqdimat, protest və ya şikayət rədd edilmiş sayılır.
Maddə 429. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri
429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır:
429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;
429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;
429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;
429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə yaxud qismən ləğv etmək, bu Məcəllənin 259.0.1, 259.0.2 və 259.0.8—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək;
429.0.5. kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.
Maddə 430. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı
430.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır.
430.2. Qərarda aşağıdakılar göstərilməlidir:
430.2.1. qərarı çıxarmış məhkəmənin adı;
430.2.2. qərarın çıxarılma vaxtı və yeri;
430.2.3. haqqında qərar çıxarılan iş;
430.2.4. şikayət verən şəxs;
430.2.5. təqdimat və ya protest verən şəxs;
430.2.6. aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad;
430.2.7. çıxarılan qərarın əsaslandığı qanun;
430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar.
430.3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən imzalanır və işdə iştirak edən şəxslərə göndərilir.
Maddə 431.(çıxarılıb) cxiv[114]
Fəsil 44-1
Dostları ilə paylaş: |