Normativ hüquqi aktın yoxlanılması haqqında vəsatətə dair tələblər
353.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yazılı formada verilir.
353.2. Vəsatətdə aşağıdakılar göstərilməlidir:
353.2.1. vəsatətin verildiyi məhkəmənin adı;
353.2.2. vəsatət verən şəxsin poçt və ya hüquqi ünvanı;
353.2.3. mübahisə edilən aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs;
353.2.4. işin faktiki hallarının izahı;
353.2.5. vəsatətin məqsədi və hüquqi əsaslandırılması;
353.2.6. sorğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanlanmış xahiş.
353.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə aşağıdakılar əlavə olunmalıdır:
353.3.1. mübahisə edilən normativ hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmiş mətni;
353.3.2. ərizəçinin fikrincə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozan məhkəmə aktları (əgər qəbul edilibsə);
353.3.3. işin hallarının araşdırılması üçün zəruri olan iddia ərizəsinin surəti və digər sənədlər.
353.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət ərizəçi və ya buna səlahiyyəti olduqda onun nümayəndəsi tərəfindən imzalanır. Vəsatəti hüquqi şəxs qaldırdıqda, onun rəhbəri tərəfindən imzalanır.