Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.
Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.
Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.
Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı.
1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.
Azərbaycan Konstitusiyasının 114-cü maddəsi Nazirlər Kabinetinin statusu haqqındadır.
I. Azərbaycanın Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycanın Nazirlər Kabinetini yaradır.
II. Azərbaycanın Nazirlər Kabineti Azərbaycan Prezidentinin yuxarı icra orqanıdır.
III. Azərbaycanın Nazirlər Kabineti Azərbaycanın Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.
IV. Azərbaycan Nazirlər Kabinetinin iş qaydasını Azərbaycanın Prezidenti müəyyənləşdirir.
Azərbaycan Konstitusiyasının 115-ci maddəsi Nazirlər Kabinetinin üzvləri haqqındadır.
Azərbaycan Nazirlər Kabinetinin tərkibinə Azərbaycanın Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
Azərbaycan Ali Qanununun 119-cu maddəsi Hökumət Evinin səlahiyyətləri haqqındadır.
Azərbaycanın dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycanın Cümhurbaşqanına təqdim edir;
Azərbaycanın dövlət büdcəsinin icrasını təmin edir;
maliyyə və pul siyasətini təmin edir;
dövlətin iqtisadi və sosial təminat proqramlarını təmin edir;
mərkəzi və yerli icra hakimiyyətlərinə rəhbərlik edir və sənədlərini ləğv edir;
Azərbaycan Cümhurbaşqanının Hökumət Evinin səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Dostları ilə paylaş: |