“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi



Yüklə 21,07 Kb.
tarix18.06.2018
ölçüsü21,07 Kb.
#54077


Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy

“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy Hesablama Palatası Kollegiyasının 06 oktyabr 2010-cu il tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Rəydə qeyd olunmuşdur ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyası respublikamızı yeni inkişaf mərhələsinə gətirib çıxarmış, aparılan məqsədyönlü iqtisadi siyasət müsbət nəticələrlə müşahidə olunmuş, makroiqtisadi göstəricilər, o cümlədən ÜDM üzrə böyük artım templərinin əldə olunması, büdcə gəlir və xərclərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması həyata keçirilən islahatların genişlənməsinə, ölkəmizdə oturuşmuş bazar iqtisadiyyatının təşəkkül tapmasına, investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinə, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına imkan vermişdir. Bütün bunlar respublikada möhkəm bazaya malik güclü iqtisadiyyatın yaradıldığını və onun inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırıldığını göstərir. Belə ki, keçən il və cari ilin ötən dövründə ölkədə məqsədyönlü şəkildə həyata keçirilmiş antiböhran tədbirləri, həmçinin fiskal və monetar siyasətin səmərəli və çevik əlaqələndirilməsi inflyasiya səviyyəsinə nəzarətin gücləndirilməsinə, real iqtisadiyyata daxil olan sahələrin zəruri maliyyə vəsaitlərilə təmin olunmasına, sosial öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsinə, mövcud istehsal potensialının əsasən daxili tələbata yönəldilməsinə, milli və ərzaq  təhlükəsizliyinin təmin olunmasına və s. zəmin yaratmışdır.

Ölkəmizin sosial-iqtisadi həyatında qazanılan bu nailiyyətlər beynəlxalq maliyyə təşkilatları və araşdırma mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmiş, son islahatlar sayəsində Azərbaycanda iş qurulması üçün çox əlverişli mühitin yaradılması onların hesabatlarında xüsusi qeyd olunmuşdur. Bəzi göstəricilər üzrə Azərbaycan bir çox MDB və region ölkələrini xeyli qabaqlamışdır.

Rəyin hazırlanmasında əsas diqqət “Büdcə zərfi”nə daxil olan sənəd və materialların, habelə ümumi büdcə layihəsinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanmasının araşdırılmasına, dövlət büdcəsinin əsas parametrlərini şərtləndirən makroiqtisadi şəraitin öyrənilməsinə, büdcə layihəsində nəzərdə tutulan gəlir və xərclərin həcminin mövcud iqtisadi potensiala və prioritet vəzifələrin icrasına uyğunluğunun təhlilinə, ayrı-ayrı dövlət proqramları, habelə iqtisadi və sosial inkişaf konsepsiyası ilə müəyyən olunmuş məqsədlər və vəzifələr nəzərə alınmaqla dövlət büdcəsi gəlirlərinin və xərclərinin strukturunun, büdcə kəsirinin maliyyələşmə mənbələrinin təhlilinə və s. məsələlərə yönəldilmiş, habelə Palata tərəfindən həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri nəzərə alınmaqla müvafiq tövsiyə və təkliflər verilmiş, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə, habelə bütövlükdə “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə dair Hesablama Palatasının mövqeyi əks etdirilmişdir.

Rəydə ölkə iqtisadiyyatı üçün xarakterik olan dayanıqlılıq vəziyyəti və ayrı-ayrı makroiqtisadi göstəricilər üzrə əldə olunmuş artımların əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, o cümlədən əhalinin gəlirlərinin və orta aylıq əmək haqqının artmasına müsbət təsir göstərdiyi xüsusi vurğulanmış və qeyd edilən sosial makrogöstəricilər üzrə əldə edilmiş müsbət meyllər tam səngiməyən qlobal böhran fonunda xüsusilə təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.

Qeyd olunmuşdur ki, son illər ölkəmizdə milli iqtisadiyyatın daha çox riskli sahələr kimi xarakterizə olunan və dayanıqlı olmayan maliyyə sektoruna deyil, əsasən real iqtisadiyyata əsaslanması onun qlobal böhrana qarşı müqavimət imkanlarını artırmış və böhranın mənfi təsirlərini maksimum yumşaltmağa imkan vermiş, yaradılmış münbit iqtisadi mühit davamlı inkişafın əsas mənbələrindən birinə çevrilmişdir. Bütün bunlar ölkədə islahatların daha çevik və qətiyyətlə aparılması, əhalinin maddi rifahının təmin olunması və sosial şəraitin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsi, infrastruktur və sosial investisiya layihələrinin həyata keçirilməsi kimi prioritet vəzifələrin yerinə yetirilməsinə imkan vermişdir.

Palata 2011-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin daha çox ehtiyatlı yanaşma əsasında proqnozlaşdırılmasını mövcud beynəlxalq iqtisadi reallıqlar şəraitində düzgün yanaşma kimi qiymətləndirmişdir. Həmçinin, rəydə ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq maliyyə siyasətinin həyata keçirilməsi üçün 2011-ci ildə büdcə-vergi siyasətində gəlirlər üzrə büdcə daxilolmalarında qeyri-neft sektoru üzrə vergi daxilolmalarının xüsusi çəkisinin artımına nail olunması, qeyri-neft kəsirinin tədricən azaldılması,  vergi daxilolmalarının yığım əmsalının artırılması, ölkədə istehsal olunan və ölkəyə idxal edilən aksizli malların aksiz dərəcələrinin tədricən eyniləşdirilməsi istiqamətində tədbirlərin hazırlanıb həyata keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, vergi borclarının azaldılması üçün zəruri tədbirlərin görülməsi, dövlət rüsumu haqqında qanunvericiliyin təkmilləşdirilməsi, çevik büdcə-vergi siyasətinə nail olunması kimi tədbirlərin davam etdiriləcəyinin nəzərdə tutulması müsbət dəyərləndirilmişdir.

Rəydə qeyd olunmuşdur ki, növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə yönəldiləcək vəsaitlər mərkəzləşdirilmiş gəlirlərin təmin edilməsi üçün əsas mənbələrdən biri kimi çıxış edəcəkdir. Qeyd edilmişdir ki, qısa zaman ərzində iqtisadiyyatın bütün sahələrində gedən əsaslı islahatlar, institusional quruculuq işləri, irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması, habelə ölkənin hərbi qüdrətinin artırılması müvafiq maliyyə təminatı olmadan mümkün deyildir. Bu baxımdan son illər ərzində Dövlət Neft Fondundan dövlət büdcəsinə yönəldilən vəsaitlərin, respublikanın sürətli inkişafının maliyyə təminatçısı rolunu oynaması, bunun da gələcək dövrlərdə real iqtisadi dividentlərin və intellektual kapitalın formalaşdırılmasına xidmət edəcəyi vurğulanmışdır.

Rəydə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) uğurla reallaşdırılması, Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi, həmçinin bu sahədə qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş investisiya proqramlarının icrası regionların inkişafının stimullaşdırılmasına yönəldilmiş təsirli tədbirlərdən biri kimi qeyd olunmuş və xüsusilə iqtisadiyyatın müxtəlif sahələri üzrə regionlara investisiya qoyuluşları, orada fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayının və dövriyyələrinin tədricən artması, yeni iş yerlərinin açılması, bunun da öz növbəsində dövlət büdcəsi qarşısında yaranan vergi öhdəliklərinin ödənilməsi hesabına dövlət gəlirlərinin həcminin artmasına müsbət təsir göstərməsi təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.

Rəydə Palata tərəfindən növbəti ildə dövlət büdcəsinin xərcləri üzrə xüsusi çəkinin cari ilin gözlənilən səviyyəsinə uyğun proqnozlaşdırılması, başqa sözlə potensial imkanlara uyğun büdcə parametrlərinə daha ehtiyatla yanaşılma cavabdehlik və şəffaflığın təmin edilməsinin, sosial öhdəliklərin tam yerinə yetirilməsinin təminatı kimi dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, dövlət büdcəsi xərclərinin formalaşmasında son illər fərqli halların müşahidə edilməsi sosial-iqtisadi inkişafın ortamüddətli (2011-2014-cü illər) prioritetləri üzrə büdcə siyasətinin əsas məqsədlərinə, o cümlədən qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatının artırılması, xərclərin investisiya və sosialyönümlülüyünə üstünlük verilməklə, sosial siyasətin ardıcıl həyata  keçirilməsinin davam etdirilməsi və sosial öhdəliklərin yerinə yetirilməsi, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında tərtibi işinin davam etdirilməsi, xərclərin strukturunun təkmilləşdirilməsi və şəffaflığın artırılmasını təmin edən qanunvericilik bazasının gücləndirilməsi və s. kimi məqsədlərə nail olunması məqsədilə müvafiq tədbirlərin görülməsi ilə əlaqələndirilməlidir.

Rəydə vurğulanmışdır ki, növbəti ilin büdcə layihəsini əvvəlki ildən fərqləndirən xüsusiyyətlərdən biri cari ilin proqnoz göstəriciləri ilə müqayisədə funksional təsnifat üzrə “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsindəki artım istisna olmaqla digər bölmələrin ÜDM-dəki xüsusi çəkilərinin azalmasının, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq”, “Sənaye, tikinti və faydalı qazıntılar”, “Nəqliyyat və rabitə” və “İqtisadi fəaliyyət” bölmələrinin dövlət büdcəsindəki paylarının azalmasının, qalan bölmələr üzrə xüsusi çəkilərin isə artmasının gözlənilməsindən ibarətdir. Cari ilin proqnozları ilə müqayisədə dövlət büdcəsindəki xüsusi çəkilər üzrə ən böyük azalma “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində,  ən böyük artma isə “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində nəzərdə tutulmuşdur.



Rəydə növbəti ildə dövlət büdcəsi xərclərinin strukturunun, tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, şəffaflığın, xərclərin səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin davam etdirilməsi, bir sıra bölmələr üzrə xərclərin strukturuna yenidən baxılması, hər bir xərcin sahə strukturuna görə deyil, funksional istiqamətinə görə proqnozlaşdırılmasına üstünlüyün verilməsi, həmçinin xərclərin proqnozlaşdırılmasında diqqətin daha çox son nəticəyə əsaslanan məqsədli proqramlar üzərində cəmləşdirməklə dövlət büdcəsi xərclərinin strukturunda optimal nisbətin formalaşdırılması kimi tədbirlərin həyata keçirilməsi təqdirəlayiq hal kimi dəyərləndirilmiş və bu istiqamətlərində Palata tərəfindən işlərin davam etdirilməsi məqsədəmüvafiq hesab edilmişdir.

Hesablama Palatası bütövlükdə aparılan araşdırmaları ümumiləşdirərək Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun hazırlandığı və təqdim edildiyi qənaətinə gəlmişdir. 

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Palata tərəfindən Qanun layihəsinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunmuşdur.



Yüklə 21,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin