Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair rəy Palatanın 01.10.2007-cı il tarixli iclasında təsdiq olunmuşdur (Protokol № 22/154).
Rəydə qeyd edilmişdir ki, layihədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin əsas hissəsini məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlər təşkil etmişdir. 2007-ci illə müqayisədə büdcə transferti üzrə payın məcburi sosial sığorta haqları üzrə gəlirlərin payının çoxaldığı həcmdə azalması Palata tərəfindən müsbət hal kimi dəyərləndirilmiş, habelə məcburi dövlət sosial sığorta haqları üzrə Fondun gəlirlərinin tərkibində dövlət büdcəsindən daxilolmaların payının azalmasının nəzərdə tutulması rəydə təqdirəlayiq hal kimi qeyd olunmuşdur.
2008-ci ildə ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq minimum əmək haqqının və pensiyanın baza hissəsinin yaşayış minimumu həddinə yaxınlaşdırılmasının məqsəd kimi müəyyənləşdirilməsini Palata əhalinin həyat səviyyəsinin qorunması və aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirmişdir. Rəydə DSMF-nin 2008-ci il büdcəsi üzrə xərclərinin əhəmiyyətli artımla proqnozlaşdırılmasının bu məqsədə xidmət etdiyi vurğulanmışdır. Belə ki, əmək pensiyalarının ödənilməsi üçün nəzərdə tutulmuş məbləğin əsas hissəsi əmək pensiyalarının baza hissəsinə, qalanı isə əmək pensiyalarının sığorta hissəsinə yönəldilmişdir.
Eyni zamanda rəydə sair gəlirlər üzrə artım məbləğinin 2008-ci il üçün inflyasiyanın proqnozlaşdırılan səviyyəsinə uyğunlaşdırılması barədə Palatanın mövqeyi əks etdirilmiş, məcburi dövlət sosial sığorta haqları üzrə Fondun gəlirlərinin artırılması üçün müvafiq potensialın mövcud olması bildirilmiş, habelə Fondun ödəniş qabiliyyətinin dayanıqlılığına və onun sərbəst vəsaitinin idarə olunaraq gəlir əldə edilməsinə imkan yaratmaq məqsədilə transfertin müəyyən dövrə sərbəst rəqəmlə təyin olunması tövsiyə edilmişdir.
Bütövlükdə Palatanın rəyində hesab olunmuşdur ki, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi” haqqında Azərbaycan Respublikasının Qanun layihəsi müvafiq qanunvericiliyin tələbələrinə cavab verir.
Dostları ilə paylaş: |