“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy Hesablama Palatası Kollegiyasının 18 may 2009-cu il tarixli Q-31 nömrəli qərarı ilə təsdiq edilmişdir.|
Rəydə qeyd edilmişdir ki, beynəlxalq aləmdə 2008-ci il daha çox qlobal maliyyə böhranının güclənməsi və tədricən bu böhranın real sektora sirayət etməsi ilə xarakterizə olunmuş, başqa sözlə dünya miqyasında iqtisadi baxımdan uğurlu il kimi qəbul edilməmişdir. Lakin respublikamızda həyata keçirilmiş məqsədyönlü və düşünülmüş iqtisadi siyasət nəticəsində qlobal böhran ciddi fəsadlar törədə bilməmiş, nəzərdə tutulmuş proqram və layihələrin icrası davam etdirilmiş və yüksək nəticələr əldə olunmuşdur. Belə ki, dünyada baş verən qlobal maliyyə və iqtisadi böhran fonunda əvvəlki illə müqayisədə əhəmiyyətli səviyyədə iqtisadi artıma nail olunmuş, iqtisadiyyatın diversifikasiya siyasətinin uğurla həyata keçirilməsi nəticəsində qeyri-neft sektoru üzrə iqtisadiyyatın artım sürəti netf sektorundakı artım sürətini təqribən 2,0 dəfədən çox qabaqlamış, Ümumi Daxili Məhsulun (ÜDM) tərkibində müsbət dəyişikliklər baş vermiş, ÜDM-in və sənaye məhsullarının mütləq əksəriyyəti özəl sektorda yaradılmış, qeyri-dövlət bölməsində sənaye istehsalı dövlət bölməsindəki artımı üstələmiş, son illərdə inflyasiyanın səviyyəsinin artaraq hesabat ilində maksimum həddə çatmasına baxmayaraq, əhalinin gəlirləri və orta aylıq əmək haqqı üzrə artımlar inflyasiya səviyyəsini hissediləcək dərəcədə üstələmiş, ölkənin maliyyə sektorunda qabaqlayıcı və çevik siyasətin həyata keçirilməsi və müvafiq mexanizmlərdən istifadə edilməklə zəruri likvidlik səviyyəsinin təmin edilməsi nəticəsində maliyyə böhranının ölkənin maliyyə sektoruna təsiri minimuma endirilmiş, aqrar sektora dövlət dəstəyi daha da gücləndirilmiş, daha çox daxili mənbələr hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala yönəldilən vəsaitin həcmi əvvəlki illə müqayisədə böyük məbləğdə artırılmış, qeyri-neft sektoruna yönəldilən investisiyanın həcmi neft sektoruna yönəldilən investisiyanın həcmini əhəmiyyətli səviyyədə üstələmiş, ixrac-idxal əməliyyatları üzrə böyük həcmdə müsbət saldo əldə edilmişdir.
Beləliklə, Palata öz rəyində belə qənaətə gəlmişdir ki, hesabat ilində qlobal böhranın ölkə iqtisadiyyatına mənfi təsir göstərməsinə və inflyasiyanın yüksək səviyyədə olmasına baxmayaraq, ÜDM-in artım sürətinin dünya ölkələri içərisində ən yüksək göstəricilərdən biri olması, aktiv fiskal siyasət həyata keçirilməklə dövlətin iqtisadiyyatdakı tənzimləyici rolunun artması, qeyri-neft sektorunun daha dinamik inkişaf etdirilməsi, aqrar və sosial sahələrə dövlət qayğısının gücləndirilməsi, əhalinin gəlirlərinin və orta aylıq əmək haqqının inflyasiyanın səviyyəsini əhəmiyyətli dərəcədə üstələməsi və s. dövlət büdcəsinin icrası üçün tələb olunan makroiqtisadi şəraitin müvafiqliyini və dayanıqlılığını təmin etmişdir.
Rəydə Palata tərəfindən “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ayrı-ayrı maddələr üzrə təhlil olunmaqla belə nəticəyə gəlinmişdir ki, Qanunla müəyyən edilmiş dövlət büdcəsinin əsas parametrlərinin icrasında, habelə hədd və limitlərin gözlənilməsində müvafiq tələblərə əməl olunmuş, dövlət xərclərinin iqtisadi aktivliyə və makroiqtisadi şəraitə təsirinin məqsədyönlü idarəedilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Dövlət büdcəsinin gəlirlərinin ümumi həcmində yerli gəlirlərin xüsusi çəkisi 2007-ci illə müqayisədə 0,2 faiz bəndi artmış və bu artım demək olar ki, respublikanın bütün şəhər və rayonları üzrə müşahidə olunmuşdur ki, bu da rəydə regionların sosial-iqtisadi inkişafı meylinin hesabat dövründə daha da surətlənməsini xarakterizə edən göstərici kimi dəyərləndirilmişdir.
Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə təmin edilən gəlirlərin 2006-2008-ci illər ərzində ÜDM-in həcminə nisbətdə xüsusi çəkisinin təxminən eyni səviyyədə qərarlaşması Palata tərəfindən respublika ərazisində ÜDM-in istehsalında xarici amillərin (o cümlədən, idxal olunmuş xammal və materialların həcminin) təsirinin, eləcə də daxili tələbatların daxili resurslar hesabına ödənilməsi səviyyəsinin sabit qalması, növbəti illər ərzində yerli istehsal həcminin artırılması hesabına idxal həcminin azaldılması üçün münbit makroiqtisadi şəraitin yaradılması baxımından müsbət qiymətləndirilmişdir.
Vergilərdən daxilolmalar üzrə əksər tədiyə növlərinin nəzərdə tutulan proqnoz göstəricilərinə əməl olunması rəydə xüsusi vurğulanmışdır.
Hesabat ilində dövlət büdcəsinin vergi gəlirləri üzrə proqnozunun artıqlaması ilə yerinə yetirilməsinə dünya bazarında xam neftin qiymətinin büdcədə proqnozlaşdırılan səviyyədən yüksək olmasının, dövlət mülkiyyətində olan vergi ödəyiciləri, həmçinin bəzi vergilər üzrə yığım səviyyəsinin artmasının təsir göstərməsi ilə yanaşı Palata tərəfindən rəydə ƏDV və sadələşdirilmiş vergi üzrə vergi qanunvericiliyində edilmiş əlavə və dəyişikliklər də təsir edən amillər kimi qeyd olunmuşdur.
Palata qlobal böhran şəraitində dövlətin büdcə vasitəsilə iqtisadiyyata müdaxiləsinin artırılmasının və büdcə xərclərinin çoxaldılması hesabına fiskal tənzimlənmənin gücləndirilməsinin beynəlxalq təcrübədə zəruri mexanizmlərdən biri olduğunu nəzərə alaraq, dövlət büdcəsi xərclərinin ÜDM-dəki xüsusi çəkisinin 2007-ci ilə nisbətən hesabat ilində 6,8 faiz bəndi artaraq 28,3% təşkil etməsini təqdirəlayiq hal kimi dəyərləndirmişdir.
Təqdim edilmiş hesabat məlumatlarına əsasən aparılmış təhlilin nəticələrinə əsaslanaraq Palata öz rəyində göstərmişdir ki, hesabat ilində ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən tədbirlərin həyata keçirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması, minimum əmək haqqı və pensiyanın minimum məbləğinin artırılması, ünvanlı dövlət sosial yardımının verilməsi üçün əsas götürülən ehtiyac meyarının həddinin yüksəldilməsi, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində çoxlu sayda Dövlət proqramlarının reallaşdırılması sosialyönümlü sahələrdə bir sıra mühüm nəticələrin əldə olunmasına imkan vermişdir.
Sosial müdafiə və sosial təminat xərclərinin tərkibində “Təqaüdlər və sosial müavinətlər” bölməsinin ən böyük xüsusi çəkiyə olması və həmin xərclərin 2007-ci illə müqayisədə xüsusi çəkisinin 4,0 faiz bəndi yüksəlməsi Palata tərəfindən əsas məqsəd baxımından təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.
Ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin gücləndirilməsinə, bu sahənin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına dövlət rəhbərliyi tərəfindən xüsusi diqqətin yetirilməsi və hesabat ilində də bu sahəyə zəruri həcmdə vəsaitin ayrılması, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsinin xərclərinə vəsaitlərin artımla proqnozlaşdırılması nəticəsində əldə olunmuş icra səviyyəsinin bu sahədə həyata keçirilən geniş miqyaslı islahatların əhatə dairəsi ilə ahəngdarlıq təşkil etməsi rəydə xüsusi vurğulanmışdır.
Hesablama Palatası yerli tikinti materiallarının istifadəsi nəzərə alınmaqla, müasir və beynəlxalq tələblərə uyğun yeni milli normativlərin hazırlanması istiqamətində işlərin görülməsini, həm daxili dövlət borcunun, həm də xarici dövlət borcunun istifadə olunmuş məbləği üzrə qanunla təsdiq edilmiş yuxarı hədlərinə hesabat ilində riayət olunmasını, xarici dövlət borcunun ümumi məbləğinin ÜDM-ə nisbətinin ilbəil azalmasını müsbət dəyərləndirmişdir.
Bununla belə, Palata öz rəyində fiskal siyasətin əsas mexanizmlərindən biri olan dövlət büdcəsinin ölkənin davamlı inkişaf strategiyasının tələblərinə uyğun icrasının təşkili istiqamətində əlavə tədbirlərin görülməsini, ƏDV üzrə müsbət dinamikanın növbəti illər ərzində qorunub saxlanılmasını, sadələşdirilmiş vergi üzrə vergitutma bazasının real iqtisadi konyuktura uyğunlaşdırılması məqsədilə ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınma meyarına yenidən baxılmasını, aksiz markalarının tətbiqinin təkmilləşdirilməsini, regionların yerli gəlirlərini formalaşdıran vergi ödəyicilərinin müəyyən edilməsi meyarlarına yenidən baxılmasını məqsədəmüvafiq hesab etmişdir.
Rəydə, habelə, aparılmış maliyyə-büdcə nəzarəti tədbirləri və təqdim edilmiş hesabatların təhlili nəticəsində müəyyən olunan bəzi büdcə təşkilatları tərəfindən yol verilmiş bir sıra nöqsan və çatışmazlıqlar barədə məlumat əks etdirilmişdir.
Palata yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən müvafiq tədbirlərin görülməsini, büdcədə ayrıca sətirlə göstərilən bir sıra xərclərin inzibati təsnifatın baş kredit sərəncamçıları səviyyəsində konkter göstərilməsini, büdcənin icrası zamanı mövcud norma və normativlərə ciddi riayət olunmasını və bu sahədə nəzarətin daha da gücləndirilməsini, malların (iş və xidmətlərin) satınalınması ilə əlaqədar müvafiq qayda və normativ sənədlərdə olan uyğunsuzluq və boşluqların aradan qaldırılması üçün müvafiq dəyişikliklərin aparılmasını, aidiyyəti qurumlar tərəfindən sifarişçi təşkilatlar və obyektlər üzrə qeyd olunan məlumatların, ümumilikdə investisiya qoyuluşlarının hərəkətini əks etdirən hesabatın tərtib olunmasını və Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunan müvafiq ilin büdcəsinin icrası haqqında illik hesabata əlavə olunmasını və s. məqsədəuyğun hesab etmişdir.
Bütövlükdə aparılan araşdırmaların və analitik təhlillərin nəticələrini ümumilləşdirərək Hesablama Palatası belə qənaətə qəlmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat ölkə qanunvericiliyinin müvafiq tələblərinə uyğun hazırlanmış və təqdim edilmişdir.
Hesablama Palatasının rəyində qeyd edilən irad və təkliflər nəzərə alınmaqla Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilərək təsdiq edilməsi tövsiyyə olunmuşdur.
Rəy Hesablama Palatası Kollegiyasının 18 may 2009-cu il tarixli Q-31 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Dostları ilə paylaş: |