“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 72.73 Kb.
tarix29.11.2018
ölçüsü72.73 Kb.


“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” 
                        Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi

Rəydə hesabat ilində dövlət büdcəsinin icrasını şərtləndirən amillərə diqqət yetirilərək qeyd edilmişdir ki, dünya iqtisadiyyatında müşahidə edilən mürəkkəb və qeyri-müəyyən iqtisadi şəraitə baxmayaraq, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən davamlı iqtisadi siyasət və antiböhran tədbirləri nəticəsində ölkə iqtisadiyyatında əhəmiyyətli iqtisadi və sosial nəticələrə nail olunmuş, bu uğurlar əsasən həyata keçirilmiş məqsədyönlü iqtisadi tədbirlər, o cümlədən makroiqtisadi dayanıqlılığın qorunub saxlanılması, qeyri-neft sektorunun daha yüksək templərlə inkişaf etdirilməsi, mövcud maliyyə təminatından strateji vəzifələrin icrası üçün daha səmərəli istifadə edilməsi, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin gücləndirilməsi hesabına yoxsulluğun səviyyəsinin azaldılması, ölkədə əlverişli iqtisadi aktivliyin, o cümlədən sahibkarlıq və investisiya mühitinin dayanıqlı vəziyyətə gətirilməsi hesabına təmin edilmişdir ki, bu uğurlar dünyanın nüfuzlu beynəlxalq maliyyə və iqtisadi qurumları, habelə reytinq təşkilatları tərəfindən də yüksək qiymətləndirilmişdir.

Hesabat ilində ÜDM istehsalı üzrə artım tempinin əvvəlki illərlə müqayisədə bir neçə faiz bəndi azalmasına baxmayaraq, MDB üzrə orta göstəricidən və MDB-yə daxil olan bir sıra ölkələrdən çox olmuş, habelə bu artım səviyyəsi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən müəyyən edilən dünya iqtisadiyyatı üzrə ÜDM-in artım səviyyələrinə uyğun olmuş və ya onları xeyli üstələmişdir. 

Hesabat ilində adambaşına əvvəlki illə müqayisədə 3,7% çox əlavə dəyər istehsal olunmuş və qeyri-neft sektorunda real artım əvvəlki ilə nisbətən 4,7 faiz bəndi çox olmuşdur ki, son illərdə bu göstəricilər üzrə davamlı artım meyllərinin müşahidə olunması Rəydə müsbət hal kimi dəyərləndirilmişdir. 

ÜDM-in strukturunda məhsullar istehsalının xüsusi çəkisinin artması, habelə qeyri-neft sənayesində artımın ümumi sənaye məhsulları istehsalı artımından 4,0 faiz bəndi çox olması rəydə beynəlxalq maliyyə institutlarının tövsiyələrinə uyğun olmaqla bərabər, həyata keçirilən uğurlu neft strategiyasının nəticəsi kimi qeyd edilmişdir.

Rəydə hesabat ilində bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala yönəldilən vəsaitin əvvəlki illə müqayisədə 21,2% çox təşkil etməsi və bu göstəricinin MDB-yə daxil olan ölkələrin içərisində ən böyük göstərici olması, habelə qeyri-neft sektoruna yönəldilmiş investisiyanın həcminin neft sektoruna yönəldilmiş investisiyanın həcmini 39,4 faiz bəndi üstələməsi bu sektorun inkişafında dayanıqlılığın və ölkənin uzunmüddətli dövrdə tarazlı inkişafının təmin edilməsinə yönəldilmiş addımlardan biri kimi dəyərləndirilmiş, bundan başqa ümumi investisiyanın strukturunda özəl sektorun imkanları da cəlb edilməklə daxili investisiyanın payının xarici investisiyanın payını 3 dəfə üstələməsi isə xarici investisiyanın cəlb edilmə mənbələrinin kifayət qədər məhdud olduğu bir şəraitdə ölkədaxili imkanların genişləndiyini və dövlət-özəl sektoru arasında işgüzar əməkdaşlığın qorunub saxlanıldığını göstərən təqdirəlayiq hal kimi xüsusi vurğulanmışdır.

Rəydə hesabat ilində digər makroiqtisadi göstəricilərin araşdırılmasına da diqqət yetirilmiş, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, əhalinin gəlirləri və orta aylıq əmək haqqı üzrə daha sürətli artıma, habelə ixrac-idxal əməliyyatları üzrə müsbət saldoya nail olunması və s. qeyd olunmuş, bütövlükdə dövlət büdcəsinin icrası üçün tələb olunan makroiqtisadi şəraitin müvafiqliyi və sabitliyin qorunub saxlanılmasının təmin edilməsi barədə Palatanın qənaəti öz əksini tapmışdır.

Ölkə iqtisadiyyatının inkişafında dayanıqlılığın qorunub saxlanılmasının dövlət büdcəsinin gəlir və xərc parametrlərinin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıq yerinə yetirilməsinə imkan verməsi, dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-də xüsusi çəkilərinin yüksək səviyyədə saxlanılmasının iqtisadiyyatın tənzimlənməsi proseslərinə dövlətin müdaxilə imkanlarının artırılması və antiböhran tədbirlərinin tərkib elementlərindən biri kimi yenidən bölgü funksiyasının gücləndirilməsi barədə beynəlxalq maliyyə institutlarının çağırışlarına uyğun olması kimi məsələlərə  Rəydə diqqət yetirilmişdir.

Rəydə, hesabat məlumatlarına əsasən “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun ayrı-ayrı maddələrinin icra vəziyyəti araşdırılmış, aparılmış təhlilin nəticələri ümumiləşdirilməklə Qanunun ayrı-ayrı maddələrində müəyyən edilmiş dövlət büdcəsinin əsas parametrlərinin icrasında, habelə təsdiq edilmiş hədd və limitlərin gözlənilməsində müvafiq tələblərə əməl olunması barədə müddəalarla yanaşı, Palatanın bir sıra təklif və tövsiyyələri, o cümlədən təsdiq edilmiş Qanundakı maddələrin hamısının icrası barədə məlumatların icra haqqında Qanun layihəsində göstərilməsinin, dövlət büdcəsinin icrası üzrə kassa idarəetməsinin təşkili məsələlərinə və mal (iş və xidmət) satınalmaları üzrə büdcə təşkilatlarının öhdəliklərinin vaxtında və real tələbata uyğun icra edilməsi üçün xərclərin mütənasib icra edilməsinə diqqətin artırılmasının, habelə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü və 19.6-cı maddələrində müvafiq dövlət orqanlarının səlahiyyətlərinin qeyri-müəyyən ifadə olunması nəzərə alınaraq “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.4-cü maddəsinə əsasən həmin maddələrə yenidən baxılmasının məqsədəmüvafiq olması bildirilmişdir.
Dövlət büdcəsinin icrasında ahəngdarlığın təmin olunmasına xüsusi önəm verilməsi vacib məsələlərdən biri kimi rəydə qeyd olunmuş, ilin sonuncu rübündə, xüsusilə dekabr ayında böyük həcmdə büdcə xərclərinin həyata keçirilməsinin istehlak mallarına tələbatın yüksəldiyi bir vaxtda inflyasiya təzyiqinin artmasına səbəb olan amillərdən biri olması bildirilmişdir. 

Rəydə 2010-cu il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri ilə müəyyən edilən məqsədlər üzrə tədbirlərin həyata keçirilməsi, ötən illərdə olduğu kimi, hesabat dövründə də dövlətin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsi üçün müvafiq maliyyə vəsaitlərinin dövlət büdcəsinə cəlb olunmasının təmin edilməsi qeyd olunmuş, dövlət büdcəsinin gəlirləri sahəsində əsas diqqət gəlirlər üzrə proqnozun 99,1% səviyyəsində icra olunmasına və bunun 2009-cu illə müqayisədə 10,4% çox olmasına, vergi gəlirlərinin tərkibində ayrı-ayrı tədiyə növləri üzrə az icranın səbəblərinin araşdırılmasına, mərkəzləşdirilmiş və yerli gəlirlər üzrə icra vəziyyətinin təhlil olunmasına yönəldilmiş, regionlar üzrə yerli gəlirlərin azalmasına və ya icra səviyyəsinin aşağı olmasına təsir edən amil kimi vergi ödəyicilərinin bir qisminin regionlarda fəaliyyət göstərməsinə baxmayaraq, mövcud qanunvericiliyə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçota alınması ilə izah edilməsi qeyd olunmuşdur. 

Göstərilmişdir ki, dövlət büdcəsinə təmin edilmiş vəsaitlərin ümumi həcmi əvvəlki illə müqayisədə Vergilər Nazirliyi üzrə 4,4% artmış, Dövlət Gömrük Komitəsi üzrə 1,0% azalmış, Dövlət Neft Fondundan dövlət büdcəsinə yönəldilən vəsaitin həcmi 20,3% artmış, 2010-cu ildə icra olunmuş dövlət büdcəsinin ümumi gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə təmin edilmiş gəlirlərin xüsusi çəkisi 37,6%, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilmiş gəlirlərin xüsusi çəkisi isə 9,7% təşkil etmiş, investisiya yönümlü layihələrə yönəldilən Fond vəsaitlərinin hər-hansı digər şəkildə deyil, məhz dövlət büdcəsinin vasitəsi ilə istifadə edilməsi maliyyə şəffaflığının təmin olunması, o cümlədən vəsaitlərin dövlət maliyyə nəzarəti mexanizmləri, həmçinin ictimai nəzarət mexanizmləri ilə tam əhatə olunmasının zəruriliyi baxımından xüsusilə əhəmiyyətli fakt kimi  Rəydə təqdir edilmişdir.

Rəydə daha sonra dövlət büdcəsinin gəlirləri mülkiyyət, vergi ödəyiciləri (o cümlədən İri dövlət vergi ödəyiciləri), ayrı-ayrı tədiyələr üzrə təhlil edilmiş, büdcəyə ödənişlər üzrə artma-azalmaların səbəbləri araşdırılmışdır.

Vergi gəlirlərinin və məcburi dövlət sosial sığorta ayırmalarının ümumi həcminin (başqa sözlə, vergi yükünün) ÜDM-in tərkibində xüsusi çəkisinin yüksəldilməsi və tədricən inkişaf etmiş ölkələrdəki həddə çatdırılmasının daima diqqət mərkəzində olması tövsiyyə olunmuş, hesabat dövründə fiziki şəxslərin gəlir vergisi üzrə proqnozun kəsirlə icra edilməsi neft sektorunda hasilatın pay bölgüsü sazişlərində çalışan işçilərin sayının azalması, həmçinin fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə hesablanmış vəsaitin tam həcmdə dövlət büdcəsinə ödənilməməsi, dövlət və xüsusi mülkiyyət mənsubiyyətinə aid edilən vergi ödəyicilərinin mənfəət vergisi üzrə ödənişlərinin həcminin azalması mənfəət vergisinin dərəcəsinin aşağı salınması (22%-dən 20%-ə) ilə əlaqələndirilmişdir.

Aparılmış təhlillər əsasında  Rəydə sadələşdirilmiş vergi üzrə vergitutma bazasının tam həcmdə müəyyən edilməsi və dövlət büdcəsinə cəlb olunması üzrə potensial imkanların mövcud olması, bu sahədə vergi inzibatçılığının təşkili səviyyəsinin yüksəldilməsinə, habelə aksiz vergisi üzrə isə tütün məmulatlarının istehsalı, satışı və idxalı sahəsində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyacın olduğu göstərilmişdir.

Vergilər Nazirliyinin xətti ilə təmin edilmiş gəlirlər müxtəlif parametrlər (borcun həcmi, hesablanmış, azalmış, ödənilmiş və qaytarılmış məbləğlər) üzrə ayrı-ayrı tədiyə və mülkiyyət növləri səviyyəsində təhlil olunmuş və vurğulanmışdır ki, hesabat dövründə vergi ödəyiciləri üzrə dövlət büdcəsi qarşısında yaranan vergi öhdəliklərinin yerinə yetirilməsi səviyyəsində, o cümlədən vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsində əvvəlki illərlə müqayisədə (44,8%-dən 55,9%-ə artma) müsbət meyllər müşahidə olunmuş, habelə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları əhəmiyyətli dərəcədə azalmışdır. 

Qeyd olunmuşdur ki, 2010-cu ildə aparılmış nəzarət tədbirləri zamanı dövlət büdcəsinə olan borcların yaranmasının, tərkibinin, habelə ödənilməməsinin səbəblərinin araşdırılması ilə müvafiq vergi orqanı üzrə dövlət büdcəsinə olan ümumi borcun əsas hissəsinin, mülkiyyət mənsubiyyətinə görə xüsusi mülkiyyətə aid edilən, fəaliyyət dövründə böyük məbləğlərdə dövriyyələri olan, lakin əmlakları ümumiyyətlə mövcud olmayan, cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülən vergi ödəyiciləri üzrə olması müəyyən edilmişdir. 

Dövlət büdcəsinin qeyri-vergi gəlirlərinin icrası 98,4% təşkil etmiş və 2009-cu illə müqayisədə 14,5% çox olmuş, artım əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertin həcminin əvvəlki illə müqayisədə 20,3% artması ilə izah olunmuşdur. Rəydə qeyri-vergi gəlirlərinin ayrı-ayrı növləri üzrə proqnoz tapşırıqlarına əməl edilməsi və bəzi daxilolmalar üzrə az icranın səbəbləri araşdırılmış, qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə respublikadaxili müəssisə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə ödənişlər üzrə proqnozun kəsirlə icra edilməsinin səbəbi kimi hesablanmış vəsaitin ödəyicilər tərəfindən dövlət büdcəsinə tam həcmdə ödənilməməsi göstərilmiş, müvafiq qanunvericilik aktlarında bu tədiyə növü üzrə hesablanmış vəsaitlərin vaxtında ödənilməməsinə və ya ödənilməli olan vəsaitlərin hər hansı üsulla yayındırılmasına görə müəyyən məsuliyyət tədbirlərinin müəyyən edilməsi məsələsinə baxılması təklif edilmişdir.

Rəydə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı üzrə daxilolmaların vəziyyəti ətraflı təhlil olunmuş, Palatanın əvvəlki illərdə verdiyi təkliflərə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində büdcə tapşırığının tam yerinə yetirilməsi təqdirəlayiq hal kimi qeyd olunmuş, habelə müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar üzrə vəsaitlərin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi üçün müqavilə şərtlərinin vaxtında həyata keçirilməsinə nəzarətin gücləndirilməsi məqsədəmüvafiq hesab edilmiş, bu sahədə bir çox görülməli işlər kimi vergi inzibatçılığının yüksəldilməsi, vergi borclarının aşağı salınması tempinin sürətləndirilməsi, hər bir tədiyə növü və region üzrə vergi tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi, gəlirlərin icrası zamanı ahəngdarlığın qorunması tədbirlərinin həyata keçirilməsi tövsiyə olunmuşdur.

Hesabat ilində maliyyə intizamına əsaslanan xərclər siyasətinin həyata keçirilməsinin qarşıya qoyulan strateji vəzifələrin yerinə yetirilməsinə zəmin yaratması rəydə xüsusi vurğulanmış, dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının ayrı-ayrı bölmələri, köməkşi bölmələri və paraqrafları səviyyəsində müfəssəl təhlillər aparılmışdır.

“Ümumi dövlət xidmətləri” bölməsi üzrə icranın 82,1% olması əsasən dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün nəzərdə tutulmuş vəsaitlərin istifadə edilməməsi ilə əlaqədar olduğu bildirilmiş, Rəydə bu bölmə üzrə büdcə təklifləri hazırlanarkən əvvəlki illərdə nəzərdə tutulmuş vəsaitlərdən istifadənin icra səviyyəsinin nəzərə alınmaması, bəzi xərclərin proqnozlaşdırılması zamanı qüvvədə olan normativ-hüquqi sənədlərə uyğun dəqiq hesablamaların aparılmaması və real tələbatın nəzərə alınmaması, bir sıra hallarda xərc maddələrinin təyinatının dəyişdirilməsi nəticəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə olunmasının təmin edilməməsi hallarına yol verilməsi vurğulanmış, eyni zamanda 29 büdcə təşkilatından alınmış hesabat məlumatları əsasında aparılmış təhlillərin nəticələri əks etdirilmiş, rabitə xidmətlərindən istifadə edilməsi zamanı mobil telefon danışıqlarına limitlərin müəyyən edilməsi, ezamiyyə xərclərinə ayrılmış vəsaitlərin istifadəsi üzrə nəticəliliyin artırılması məqsədilə bu xərclərin funksional fəaliyyətlə əlaqələndirilməsi, debitor və kreditor borclarının artmasının qarşısını almaq məqsədilə onların səbəblərinin araşdırılması, habelə köhnə dövrlərdə yaranmış debitor və kreditor borclarının təhlilini apararaq onların müvafiq qaydada həll edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

2010-cu ildə xarici dövlət borcuna xidmətlə bağlı ödənişlərin strukturunda faiz ödənişlərinin proqnoz göstəricilərinin artmasına baxmayaraq, icranın 40,7% təşkil etməsinin əsas səbəbi kimi Rəydə respublikamız üçün yeni xarici borclanma aləti olan avroistiqrazların emissiyasının məqsədəuyğun hesab edilməməsi və dünya maliyyə bazarlarında post-böhran dövrə xas olan volatillik səviyyəsinin yüksək olması ilə əlaqədar ehtiyatlılıq siyasəti göstərilmiş, eyni zamanda xarici borca xidmət xərclərinin həcminin kritik səviyyədən uzaq olduğu bildirilmişdir.

Daxili borclar üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar Rəydə qeyd edilmişdir ki, 2009-cu ildə olduğu kimi, hesabat ilində də dövlət istiqrazları üzrə ödənişlərin iri həcmli borclanma proqnozunun nəzərdə tutulması və sonradan müvafiq dəyişikliklərin edilməsi bazar prinsiplərinə uyğun ölçülü maliyyə planlaşmasını zəruri edir.

Ölkə iqtisadiyyatında müşahidə olunan davamlı inkişafın hesabat ilində də dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin həcminin artırılmasına, sosial infrastrukturun və maddi-texniki bazanın yeniləşdirilməsinə, bu sahələrdə çalışan işçilərin əmək haqlarının artırılmasına, habelə həmin sahələrdə keyfiyyət göstəricilərinin əsaslı surətdə yaxşılaşdırılmasına münbit şərait yaratdığı Rəydə xüsusi vurğulanmışdır.

Rəydə “Elm” köməkçi bölməsində iqtisadi təsnifatın “Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə xərclərin az yerinə yetirilməsinə “Tələbələrə verilən təqaüdlər” paraqrafı üzrə icranın təsir göstərdiyi və bunun 2009-cu ilin sonunda və 2010-cu ilin əvvəlində aspiranturaya qəbulun dayandırılması və doktoranturaya yeni qəbul qaydalarının müəyyən olunması ilə əlaqədar olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Elmin İnkişafı Fondu tərəfindən 2010-cu ildə ayrılmış vəsaitlərin istifadəsini təmin etmək məqsədilə bir neçə qrant layihəsi üzrə qaliblər müəyyənləşdirilmiş, layihələrin nəticələri ilin sonuna təsadüf etdiyi və bəzi texniki məsələlər öz həllini tapmadığı üçün hesabat ilində qrant layihələri üzrə nəzərdə tutulmuş vəsait növbəti ilə qalıq kimi köçürülmüş və hesabatda bu vəsaitlər üzrə icra 100% göstərilmişdir.

“Təhsil” bölməsi üzrə icra faizinin nisbətən aşağı olmasına bəzi xərclərin, o cümlədən kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi xərclərinin, təqaüdlər və sosial müavinətlər xərclərinin və digər xərclərin icra faizinin aşağı olması öz təsirini göstərmiş, 2010-cu ildə də əvvəlki illərdə olduğu kimi, büdcənin icrası prosesində əməyin ödənişi və malların (işlərin və xidmətlərin) satın alınması xərc maddələri üzrə dürüstləşmə aparıldığı halda, həmin maddələr üzrə icra ilkin büdcə göstəricilərindən də aşağı olmuşdur. 

Hesabat ilində təhsil sahəsində dövlət proqram və tədbirləri üzrə xərclərin icrası prosesində büdcə layihəsində nəzərdə tutulmuş məbləğlər çərçivəsində müvafiq qaydada bir sıra dürüstləşmələr aparılmış, proqram və tədbirlərin icrasını təmin etmək məqsədilə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə xüsusi önəm verilmiş və bu sahədə əhəmiyyətli nəticələr əldə edilmiş, həmin 18 proqram və tədbir üzrə nəzərdə tutulmuş proqnoza qarşı icra 96,6% olmuş, bu xərclər ümumi təhsil xərclərinin 4,1%-ni təşkil etmişdir. “2003-2007-ci illərdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin avadanlıqla təminatı Proqramı”nın icra müddəti 2007-ci ildə başa çatmış, 2010-cu ildə təhsil xərcləri üzrə müvafiq qaydada razılıq alınmaqla 2010-cu ildə təsdiq olunmuş xərclər smetasının köməkçi bölmə və paraqrafları arasında yerdəyişmə aparılmış və digər köməkçi bölmə və paraqraflar üzrə azaldılmış vəsaitlər hesabına inventarın alınmasına vəsait ayrılmış və 100% icra edilmişdir. Rəydə 2010-cu ildə dövlət büdcəsindən proqram və tədbirlərə ayrılmış vəsaitlərin əvvəlki illərdə olduğu kimi, əsasən inventar və avadanlıqların alınmasına istifadə edilməsi qeyd olunmuşdur. 

Bir sıra Proqramların müddətinin başa çatması, habelə hər il həmin Proqramların maliyyələşdirilməsinə dövlət büdcəsindən vəsaitin ayrılması və icrası nəzərə alınaraq, növbəti illərdə də maliyyələşmənin davam etdiyi təqdirdə, həmin Proqramların yeni layihələrinin hazırlanması və təsdiq olunması rəydə təklif edilmiş, eyni zamanda dövlət proqram və tədbirlərinin maliyyələşdirilməsi üzrə proqnozların iqtisadi əsaslandırma və hesablamalar əsasında müəyyənləşdirilməsi, ayrı-ayrı xərc maddələri üzrə real tələbatın nəzərə alınması, həmçinin fəaliyyət planlarında nəzərdə tutulmuş vəsaitlərin konkret tapşırıqlar üzrə ayrılması, proqram və tədbirlərdə nəzərdə tutulmuş tapşırıqların icrasının müəyyən olunmuş müddətdə tam əhatə olunması və şəffaf nəzarəti təmin etmək məqsədilə, hər bir proqram və tədbir üzrə ayrı-ayrı bəndlər göstərilməklə, onların icrasına ayrılacaq maliyyə vəsaitinin məbləği qeyd olunmaqla fəaliyyət planlarının hazırlanmasına üstünlük verilməsi məqsədəmüvafiq hesab olunmuşdur.

“Səhiyyə” bölməsi üzrə icranın 88,4% təşkil etməsinə əmək haqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərin icra səviyyəsi və İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı vəsaitlərin istifadə olunmaması öz təsirini göstərmiş, bu bölmə üzrə nəzərdə tutulmuş proqram və tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər 99,7% icra edilmiş, həmin proqram və tədbirlər üzrə istifadə olunmuş vəsaitlər ümumi səhiyyə xərclərinin 14,4%-ni təşkil etmişdir. Rəydə əvvəlki illərdə olduğu kimi, hesabat ilində də proqram və tədbirlərə ayrılmış vəsaitlərin çox hissəsinin dərman, sarğı ləvazimatları, maşın və avadanlıqların alınmasına yönəldilməsi, bir çox proqramlar üzrə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün büdcə ilində müvafiq qaydada əlavə vəsait ayrılmış və proqramlar çərçivəsində bölgüsü aparılaraq istifadə olunması qeyd edilmişdir.  

 Palatanın 2009-cu il dövlət büdcəsinin icrasına rəyində rayon və şəhərlərin yerli xərclərində “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” xərc paraqrafında nəzərdə tutulmuş vəsaitin proqramlar üzrə bölgüsünün verilməsi barədə tövsiyənin Səhiyyə Nazirliyi tərəfindən dəstəklənməsi, hesabat ilində “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın icrası üçün nəzərdə tutulmuş vəsait hesabına mərkəzləşdirilmiş xərclərdən proqram üzrə 2,1 milyon manat məbləğində şəkərli diabet xəstələri üçün insulin, şəkərsalıcı həblər və qlükometr stripləri, 493,3 min manat məbləğində isə qlükometrlər alınaraq mərkəzi rayon xəstəxanalarına paylanması təqdirəlayiq hal kimi vurğulanmış, hesabat ilində səhiyyə sahəsində qəbul edilmiş proqram və tədbirlərdə nəzərdə tutulmuş tapşırıqların icrasına, yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsinə, onların maddi-texniki bazasının yaxşılaşdırılmasına, kadr potensialının təkmilləşdirilməsinə və s. xüsusi diqqətin yetirildiyi bildirilmişdir.

“Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsində ayrı-ayrı sahələrin inkişafı üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının icrası ilə əlaqədar 2010-cu ildə də dövlət büdcəsindən vəsaitlərin ayrılmasına xüsusi önəm verilmiş, bu bölmə üzrə 9 proqram və tədbirin icrası 99,5% təşkil etmişdir.  

 Rəydə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsində və dövlət büdcəsinin icrasına dair illik hesabatda dövlət proqramları və tədbirlər üzrə ayrılmış vəsaitlərin icrasına dair məlumatlar yer almadığı üçün proqram və tədbirlərə dair təhlillərin müvafiq qurumlar tərəfindən təqdim olunmuş hesabat və məlumatlar əsasında aparıldığı göstərilmiş, dövlət proqram və tədbirləri üzrə məlumatların büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatın paraqrafları səviyyəsində təsdiq olunmuş büdcəyə uyğun olaraq təqdim olunması məqsədəmüvafiq hesab edilmişdir.

Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərin son illərdə müşahidə olunan yüksəlmə meylinin 2010-cu ildə də davam etməsi, yoxsulluq səviyyəsinin əvvəlki illə müqayisədə aşağı düşməsi, aztəminatlı ailələrin sosial müdafiəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi dövlətin vətəndaşların rifah halının yaxşılaşdırılması və vətəndaş-dövlət həmrəylinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin nəticəsi, habelə əmək haqlarının, əsas minimum göstəricilərin, bir sıra sosial müavinətlərin məbləğlərinin artırılması ilə bağlı imzalanmış fərmanlar ölkə başçısının insan kapitalının qorunması və inkişaf etdirilməsinə xüsusi diqqətinin nümunəsi kimi rəydə dəyərləndirilmiş, əvvəlki illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsində xüsusi çəkisinin azalması 2010-cu ildə dövlət büdcəsi üzrə artım tempinin daha yüksək olması ilə izah edilmiş, təqaüdlər və sosial müavinətlər xərclərinin ümumi bölmə üzrə xərclərin 90,9%-ni təşkil etməsi, funksiyaların yerinə yetirilməsi baxımından təqdirəlayiq hal kimi qeyd olunmuşdur.

Rəydə bu bölmədə bəzi xərclər üzrə artımların əsas səbəbi kimi hesabat ilində müavinətlərin məbləğinin artırılması, həmçinin kommunal güzəşt hüququ olan kontingentin sayının dəqiqləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər göstərilmiş, 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin uşaqlarına verilən müavinət üçün ayrılmış vəsaitlərin məbləğinin azaldılması isə bu kateqoriyadan olan kontingentin sayının hesabat ilinin əvvəli ilə müqayisədə azalması ilə əlaqələndirilmiş, “Təqaüdlər və sosial müavinətlər” bölməsi üzrə xərclərin tərkibində digər müavinət və transfertlər üzrə xərclərin 101,6% səviyyəsində icra edilməsinin qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna köçürülən transfertin məbləğinin artırılması ilə bağlı olması bildirilmiş, aparılmış təhlillər ümumiləşdirilməklə, büdcə təkliflərinin hazırlanması prosesində sosial xərclərə təsir edən amillərin və əvvəlki illərdə müşahidə olunan meyllərin nəzərə alınması ilə daha əsaslı yanaşmaya ehtiyacın olduğu vurğulanmışdır.

Rəydə qeyd olunmuşdur ki, ölkənin silahlı qüvvələrinin peşəkarlıq səviyyəsinin artırılmasının, maddi-texniki bazasının gücləndirilməsinin, hərbi qulluqçuların maddi-rifah halının yaxşılaşdırılmasının, yeni istehsal texnologiyalarının mənimsənilməsinin və istifadəsinin maliyyə əsası kimi “Müdafiə” bölməsi üzrə tələb olunan səviyyədə vəsait nəzərdə tutulmuş və 98,3% icra olunmuş, bu vəsaitlər hesabına müdafiə sənayesi müəssisələrində texnoloji avadanlıq parkının yeniləşdirilməsi, Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üzrə cari və perspektiv proqramların hazırlanması, müdafiə sənayesi müəssisələri tərəfindən müxtəlif növ silah və sursatların alınması, zirehli texnikaların təmiri və müxtəlif müdafiə təyinatlı məmulatın utilizasiyası təmin edilmişdir. 

Ölkəmizdə hüquq-mühafizə və məhkəmə sisteminin təkmilləşdirilməsi, beynəlxalq norma və standartlar əsasında qurulması, maddi-texniki təchizatının yaxşılaşdırılması, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin müstəqilliyinin təmin edilməsi istiqamətində təşkilati və praktiki tədbirlərin davam etdirilməsinin maliyyə təminatı kimi “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlərin icrası 93,8% təşkil etmişdir. Hesabat ilində bölmə üzrə icranın səviyyəsi əvvəlki illərə nisbətən yüksək olmuş və bu sahədə həyata keçirilən geniş miqyaslı islahatların əhatə dairəsi ilə uyğunluq təşkil etmiş, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmil¬ləşdirilməsi, beynəlxalq norma və standartlar əsasında qurulması, miqrasiya proseslərinin tənzimlənməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, müvəqqəti və daimi saxlanma yerlərində beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, fövqəladə halların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində təşkilati və praktiki tədbirlərin ardıcıllıqla həyata keçirilməsinə imkan vermişdir.

Dövlət büdcəsində iqtisadiyyatın real sektoru və iqtisadi fəaliyyətin digər sahələri üzrə xərclər əsasən mənzil və kommunal təsərrüfatı, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, ətraf mühitin mühafizəsi, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət xərclərini əhatə etməklə dövlət büdcəsinin investisiya yönümlü olmasını xarakterizə edən və iqtisadi inkişafa təkan verən əsas göstəricilərdən biri kimi rəydə xarakterizə olunmuş, bu xərclərin ÜDM-də xüsusi çəkisinin Avropa İttifaqı dövlətlərinin 2008-ci il üzrə orta göstəricisindən bir neçə faiz bəndi çox olması son illərdə ölkəmizdə geniş miqyasda abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, strateji inkişaf istiqamətlərinə uyğun infrastruktur və sosial layihələrin reallaşdırılması, böyük həcmdə tikinti və yenidənqurma işlərinin aparılması ilə əlaqələndirilmişdir.

2010-cu ilin  dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı”  bölməsi üzrə xərclərin ÜDM-də xüsusi çəkisinin Avropa İttifaqı dövlətləri üzrə orta göstəricini üstələməklə yanaşı, ölkəmizdə mənzil-kommunal təsərrüfatı sahəsində zəruri maliyyə təminatının yaradılmasını bir daha təsdiq etməsi Rəydə xüsusi vurğulanmışdır. Bu, əsasən dövlət başçısının dövlət büdcəsinin imkanları daxilində respublikanın şəhər, rayon mərkəzlərində, qəsəbə və digər yaşayış məntəqələrində şəhərdaxili yolların və dövlət mülkiyyətində olan mənzil fondunun əsaslı təmiri, tarixi binaların bərpası, park və istirahət zolaqlarında abadlıq və quruculuq işlərinin aparılması, yaşayış məntəqələrinin yaşıllaşdırılması və sanitar-təmizlik işləri, küçələrin, tarixi və memarlıq üslubunda tikilmiş binaların qorunub saxlanılması və fasadların işıqlandırılması, fəvvarələrin tikilməsi və saxlanılması və bu qəbildən olan digər tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verməsi ilə əlaqələndirilmişdir.

Təhlillər nəticəsində bu sahədə aşkar edilmiş bir sıra nöqsan və çatışmazlıqlar, o cümlədən bəzi mənzil kommunal-təsərrüfatı birlikləri üzrə mədaxil və məxaric proqnozlarının düzgün tərtib edilməməsi, ayrılan maliyyə resurslarından bəzən səmərəli istifadə olunmaması, enerji resurslarına qənaət edilməsinə və yeni texnologiyaların tətbiq edilməsinə stimulların olmaması, mənzil fondunun, o cümlədən özəlləşdirilmiş mənzil fondunun, qeyri-yaşayış sahələrinin uçotunun düzgün aparılmaması nəticəsində maliyyə nəticələri üzrə hesablanan zərərin məbləği və onun ödənilməsinə yönəldilən büdcə vəsaitinin məbləğinin artması Rəydə vurğulanmış, mənzil-kommunal təsərrüfatı sahəsində idarəetmə strukturunun təkmilləşdirilməsi, maliyyə stabilliyinin təmin edilməsi, bazar mexanizmlərinin formalaşması, bu sahəyə investisiyaların cəlb edilməsi istiqamətləri üzrə tədbirlər sisteminin həyata keçirilməsi, büdcə təşkilatları tərəfindən artıq vəsaitlərin sifariş edilməsi və ilin sonunda böyük məbləğdə vəsaitlərin istifadəsiz qalması hallarının qarşısının alınması, habelə mənzil-kommunal təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanması məqsədəuyğun hesab edilmişdir.

Aparılan nəzarət tədbirlərinin və təhlillərin nəticələrinə əsaslanaraq yol verilən nöqsan və çatışmazlıqların bir sıra hallarda mənzil və kommunal təsərrüfatı sahəsinin normativ-metodiki tənzimlənməsində olan boşluqlar, qüvvədə olan normaların təkmil olmaması səbəbindən baş verdiyi Rəydə göstərilmiş, bu sahəni tənzimləyən normativ sənədlərdə olan bu və ya digər çatışmazlıqların aradan qaldırılması,  habelə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və digər aidiyyəti hüquqi aktların tələbləri nəzərə alınmaqla mənzil və kommunal təsərrüfatı sahəsinin normativ-metodiki bazasının təkmilləşdirilməsi məqsədilə Palata tərəfindən təkliflərin hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və İqtisadi İnkişaf Nazirliyinə göndərildiyi bildirilmişdir.

Rəydə qeyd edilmişdir ki, 2010-cu ildə “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi xərclərinin icrasının dövlət büdcəsinin ümumi   xərclərinin icrasından 1,3 faiz bəndi çox olmasına baxmayaraq, bəzi xərclər üzrə icra faizi aşağı olmuşdur. Belə ki, bölmə üzrə qaz haqqının ödənilməsi xərcləri 34,5%, su haqqının ödənilməsi xərcləri 79,0%, poçt-rabitə xidmətləri xərcləri 64,8%, kanalizasiya xidmətləri haqqının ödənilməsi xərcləri 39,9%, digər kommunal xidmətləri haqqının ödənilməsi xərcləri 76,4% icra edilmiş və bu, bəzi büdcə təşkilatları tərəfindən proqnoz məbləğlərinin dəqiq hesablamalar aparılmadan sifariş edilməsi və nəticədə büdcədən həmin sahələrə artıq vəsaitin ayrılması ilə əlaqələndirilmiş, kənd təsərrüfatı üçün ayrılmış vəsaitilərin kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün istifadə edildiyi bildirilmişdir.

Ətraf mühitin mühafizəsi üzrə xərclərin ÜDM-dəki xüsusi çəkisinin Avropa İttifaqı ölkələrinə yaxınlaşması və ölkəmizlə inkişaf etmiş ölkələr arasındakı fərqin tədricən azaldılması, prioritet sahələrdən biri kimi ekoloji durumun yaxşılaşdırılması, habelə Xəzər dənizinin çirklənmədən qorunması, magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması, məişət tullantılarının zərərsizləşdirilməsi və bu kimi bir çox zəruri ekoloji tədbirlərin həyata keçirilməsinə dövlət başçısı tərəfindən böyük önəm verildiyini təsdiq edən fakt kimi vurğulanmış, respublikada ətraf mühitin mühafizəsinə yönəldilən vəsaitlərdən səmərəli istifadə etməklə ekoloji tarazlığın bərpası istiqamətində aparılan tədbirlərin daha intensiv həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.

Rəydə investisiyanın milli iqtisadiyyatın inkişafının mühüm maliyyə mənbələrindən birinə çevrilməsi, 2010-cu ildə əsas kapitala yönəldilmiş investisiyalarda büdcə investisiyalarının payının ölkəmizdə daha dinamik artması və xüsusi çəkisinin daha çox təşkil etməsi, dövlət əsaslı vəsait qoyuluşu ilə yanaşı, dövlət büdcəsinin Ehtiyat fondundan və Dövlət Neft Fondundan investisiyayönümlü vəsaitlərin sərf edilməsi, habelə əsas kapitala yönəldilmiş vəsaitin artım səviyyəsi üzrə ölkəmizin MDB ölkələri arasında lider olması xüsusi qeyd edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən investisiya xərcləri üçün ayrılmış vəsaitlərin 75 sifarişçi təşkilat arasında 698  layihə üzrə bölgüsünün aparılması, il ərzində 36 halda ayrı-ayrı (o cümlədən, dekabr ayında 12 halda) müvafiq sərəncamlarla bəzi sifarişçi təşkilatlar və obyektlər arasında müvafiq dəyişikliklərin edilməsi göstərilmiş, maliyyələşmələrin vaxtında aparılması üçün  sifarişçi təşkilatlar tərəfindən müvafiq sənədlərin tələb olunan müddətdə təqdim olunmamasının vəsaitlərdən vaxtında və səmərəli istifadə edilməməsinə, böyük məbləğlərdə debitor borcların yaranmasına, növbəti ildə büdcə yükünün artmasına səbəb olması, dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitlərin bəzi sifarişçi təşkilatlar tərəfindən dövlət büdcəsinin icrasında icra kimi göstərilməsi və həmin vəsaitlərin hesabat ilində istifadə edilməyərək növbəti ilə keçirilməsi vurğulanmışdır.

Bundan başqa,  Rəydə 179 yeni və 519 keçid layihənin maliyyələşdirilməsinin həyata keçirilməsi, dövlət əsaslı vəsait qoyuluşunun 37,8%-inin yeni layihələrə, 68,3%-inin isə keçid layihələrə yönəldilməsi, yeni layihələrin 23,1%-inin infrastruktur təyinatlı, 22,5%-inin sosial təyinatlı layihələri, 34,5%-inin isə digər təyinatlı layihələri əhatə etməsi göstərilmiş, 2010-cu ildə vəsaitlərdən istifadəyə səmərəli yanaşılaraq diqqətin daha çox yarımçıq qalmış tikililərin başa çatdırılmasına yönəldilməsi, əvvəlki illərdən fərqli olaraq hesabat ilində Dövlət İnvestisiya Proqramına daxil olmuş layihələrin əhəmiyyətli dərəcədə artması təqdirəlayiq hal kimi qeyd olunmuş, eyni zamanda, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin illik bölgüsü zamanı sifarişçi təşkilatların ayrı-ayrı layihələr üzrə vəsaitdən maksimum istifadə imkanı, həmin layihənin hesabat ilində tikintisinə başlanmasının bununla bağlı digər amillərlə qarşılıqlı uzlaşdırılması, investisiya qoyulacaq obyektin balans mənsubiyyəti, yeni yaradılan əsas fondların uçotunun aparılmasında yarana biləcək qeyri-müəyyənlik kimi şərtlərin nəzərə alınması məqsədəuyğun hesab edilmiş, bəzi layihələrin (xüsusilə smeta məbləğləri böyük olmayan) tikintisinin qısa müddətdə başa çatdırılması mümkün olduğu halda, bir neçə il ardıcıl olaraq vəsait ayrılmasının müqavilə qiymətlərinin yenidən hesablanmasına və  smeta xərclərinin ildən-ilə artmasına səbəb olması vurğulanmış, aidiyyəti qurumlar tərəfindən sifarişçi təşkilatlar və obyektlər üzrə investisiya qoyuluşlarının hərəkətini əks etdirən hesabatın tərtib edilərək müvafiq ilin büdcəsinin icrası haqqında illik hesabata əlavə olunmasına ehtiyacın olduğu göstərilmişdir.

2010-cu ildə “Nəqliyyat və rabitə xərcləri”  bölməsi üzrə icranın aşağı səviyyədə olması Rəydə Bakı Metropoliteninə ayrılan vəsaitlərin icrasının və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə ayrılan subsidiyanın aşağı olması ilə əlaqələndirilmiş, subsidiyaların verilməsini nəzərdə tutan normativ sənədin qəbul edilməsinin subsidiyanın normativə uyğun ayrılmasını və istifadəsini təmin etməsinə, habelə nəzarət işinin səmərəliliyinin artırılmasına kömək edə biləcəyi bildirilmişdir.

Rəydə qeyd olunmuşdur ki, “İqtisadi fəaliyyət” bölməsi üzrə vəsaitin 30,2%-i “Aqrolizinq” ASC-nin, 12,1%-i Azərbaycan İpoteka Fondunun, 57,7%-i isə çoxsahəli inkişaf layihələrinin xərcləri üzrə,  “Əsas  bölmələrə  aid  edilməyən  xidmətlər üzrə xərclər” bölməsi üzrə istifadə edilən vəsaitin 45,8%-i “Ehtiyat fondları”, “Məqsədli büdcə fondları” və 34,1%-i “Əsas bölmələrə aid edilməyən sair xərclər” köməkçi  bölmələri  üzrə istifadə edilmişdir. 

Rəyin sonunda dövlət borcunun və dövlət borclanma limitinə riayət olunmasının və dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən istifadə vəziyyətinin təhlili aparılmış, ölkəmizin xarici borcunun ixraca və Ümumi Milli Gəlirə nisbəti göstəricilərinin digər ölkələrin müvafiq göstəricilərindən daha aşağı olmaqla arzuedilən səviyyədə olması təqdirəlayiq hal kimi dəyərləndirilmiş, dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli strategiyanın hazırlanması və onun borcun strukturunun optimallaşdırılması, risklərin minimallaşdırılması, beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığın daha da fəallaşdırılması, dövlət borcunun idarə edilməsi üzrə fəaliyyətdə şəffaflığın daha da artırılması ilə əhatə olunması məqsədəuyğun hesab edilmiş, hesabat ilində həm daxili, həm də xarici dövlət borclanmalarının Qanunla təsdiq edilmiş yuxarı hədlərinə riayət olunması təqdir edilmiş, Azərbaycan Respublikasının ümumi valyuta ehtiyatlarının həcminin xarici dövlət borcunun istifadə olunan ümumi məbləğindən dəfələrlə çox olması ölkəmizin iqtisadi qüdrətinin ilbəil artmasının göstəricisi kimi qiymətləndirilmiş, dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinin özəlləşdirmədən, daxili və xarici borclanmadan, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, habelə 2010-cu il 01 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına örtülməsi qeyd olunmuş, əvvəlki ilə nisbətən hesabat ilində dövlət büdcəsi kəsirinin məbləğinin artması səbəblərindən biri kimi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların dövlət büdcəsinin gəlirlərinin tərkibindən çıxarılaraq kəsirin maliyyələşdirilməsi mənbələrinə aid edilməsi və bir sıra uyğun ölkələrin müvafiq təcrübələrində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün bu mənbədən istifadə edilməsinin müşahidə olunmaması göstərilmişdir.



Bütövlükdə, yuxarıda qeyd olunan araşdırmaların və analitik təhlillərin nəticələrini ümumiləşdirməklə Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabatın qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlandığı və təqdim olunduğu qənaətinə gəlmiş və Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə olunmasını tövsiyə etmişdir.




Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə