“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının



Yüklə 11.66 Kb.
tarix18.06.2018
ölçüsü11.66 Kb.

“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında” Qanun layihəsinə Hesablama Palatasının Rəyi


Rəyin hazırlanmasında əsas məqsədin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun qanunvericiliklə müəyyən edilmiş vəzifə və funksiyalarının həyata keçirilməsi üçün 2012-ci ildə gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı və nəzərdə tutulan tədbirlərin sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğunluğun müəyyənləşdirilməsi olduğu göstərilmiş, Qanun layihəsi ilə nəzərdə tutulmuş tədbirlərin Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf  Dövlət Proqramı”nın və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın  strateji məqsəd və hədəflərinə çatmağa xidmət etdiyi bildirilmişdir.

Qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il üçün nəzərdə tutulan gəlirləri 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13,3% çoxdur. Eyni zamanda, Fondun ümumi gəlirlərinin 2012-ci il üçün nəzərdə tutulan artımının 45,2%-nin məcburi dövlət sosial sığorta haqlarından gəlirlərin, 54,8%-nin isə dövlət büdcəsindən transfertin payına düşdüyü bildirilmişdir. Transfertin məbləğinin artırılması Rəydə ölkə rəhbərliyinin əhalinin sosial müdafiəsinə diqqətinin nəticəsi olaraq həyata keçirilən tədbirlərin, o cümlədən pensiyaların hesablanma mexanizminə yenidən baxılması və müavinətlərin məbləğinin artırılmasına tələb olunan maliyyə resursları ilə təmin olunmasının əsası kimi dəyərləndirilmişdir. Bundan əlavə, Rəydə qeyd olunmuşdur ki, cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının, xüsusilə sosial cəhətdən həssas olan əhali qruplarının həyat səviyyəsinin qorunması və yüksəldilməsi ilə bağlı diqqətinin nəticəsi olaraq vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni pensiya sisteminə uyğunlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq mövcud qanunvericiliyə dəyişikliklər həyata keçirilmişdir və cari il ərzində mövcud qanunvericiliyə müxtəlif illərdə əmək pensiyasına çıxmış vətəndaşların pensiya məbləğlərində mövcud olan uyğunsuzluğların aradan qaldırılması və sosial bərabərlik prinsiplərinin təmin edilməsi məqsədi ilə edilmiş dəyişikliklər il ərzində dövlət büdcəsindən transfertin məbləğinin artımı ilə nəticələnmiş, bu isə öz növbəsində növbəti ildə Fondun gəlirlərinin artımında öz əksini tapmışdır.

Rəydə Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin artım tempinin orta aylıq əmək haqqının artım tempindən az nəzərdə tutulması Fond tərəfindən gəlirlərin proqnozlaşdırılması prosesinə ehtiyatlı yanaşma kimi qiymətləndirilmiş, habelə respublika üzrə orta aylıq əmək haqqı tempinin 11,8% səviyyəsində proqnozlaşdırıldığı, eyni zamanda qeyri-büdcə sektorunda əmək haqqının daha sürətlə artdığı nəzərə alınaraq, bu istiqamətlər üzrə gəlirlərin artım tempinin orta aylıq əmək haqqının artım tempi ilə uzlaşdırılması üçün bu sahədə inzibatçılığın daha da möhkəmləndirilməsi məqsədəuyğun hesab edilmişdir.

Qeyd edilmişdir ki, Fondun 2012-ci il xərcləri üzrə proqnozlaşdırılan məbləğ 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 13,3% çoxdur və xərclərin 97,6%-nin əhaliyə ödənişlərə yönəldilməsi nəzərdə tutulur. Rəydə əhaliyə ödənişlərin əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə yönəldildiyi nəzərə alınaraq, Fondun xərclərin əksər hissəsinin bu istiqamətə xərclənməsi funksional fəaliyyətin təmin edilməsi baxımından müsbət qiymətləndirilmişdir. Eyni zamanda, növbəti ildə əmək pensiyalarının baza hissəsinə ayrılan vəsaitin az, əmək pensiyalarının sığorta hissəsinin maliyyələşməsinə ayrılan vəsaitin isə çox proqnozlaşdırılması əhalinin pensiyalarının baza və sığorta hissəsinin xüsusi çəkilərinin dəyişməsi ilə izah edilmişdir. Belə ki, cari ildə qanunvericiliyə edilən dəyişikliklər respublikada adambaşına düşən orta pensiya məbləğinin artımına səbəb olmaqla yanaşı, əmək pensiyalarının sığorta hissəsinin artmasına və sığorta hissəsinin əmək pensiyalarında xüsusi çəkisinin yüksəlməsinə səbəb olmuşdur. Qeyd edilən bu meyl Rəydə pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi baxımından təqdirəlayiq hal kimi qiymətləndirilmişdir. 

Rəydə əhaliyə ödənişlərin ikinci istiqamətinin məcburi dövlət sosial sığorta haqların hesabına müavinətlərin ödənilməsinin təşkil etməsi, 2012-ci ildə bu xərc istiqaməti üzrə nəzərdə tutulan vəsaitin 2011-ci ilin müvafiq göstəricisindən 10,3% çox olması, habelə müavinətlərin ödənilməsi məqsədilə 2011-ci ilin sonunadək xərclənəcək vəsaitin məbləğinin proqnoz göstəricidən yüksək olacağı nəzərə alınmaqla həmin vəsaitin növbəti ildə bir qədər çox nəzərdə tutulması düzgün addım kimi qiymətləndirilmişdir.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Hesablama Palatası Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə olunmasını tövsiyə etmişdir.








Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə