Azərbaycan Respublikasının 2013-cü IL dövlət büdcəsinin icrası haqqında

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 77.82 Kb.
tarix17.07.2018
ölçüsü77.82 Kb.

Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyi
“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun hazırlanmış, Rəyin tərtib olunmasında müvafiq orqanların məlumatları ilə yanaşı, Palata tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, həmçinin büdcə təşkilatlarından Palataya daxil olan maliyyə və digər hesabatlar əsasında aparılmış təhlillərin nəticələrindən, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarından istifadə edilmişdir. 

Rəyin tərtib olunması zamanı, aidiyyəti normativ-metodiki sənədlərin tələblərinə uyğun olaraq, Palata tərəfindən hesabat ilində ölkə iqtisadiyyatını xarakterizə edən makroiqtisadi göstəricilərin, dünya üzrə fiskal trendlərin təhlilinə, dövlət büdcəsinin gəlir və xərc parametrlərinin mövcud iqtisadi potensialın imkanları ilə uzlaşmasının, ayrı-ayrı proqram və layihələrə ayrılmış vəsaitlərdən səmərəli istifadə edilməsinin araşdırılmasına, həmçinin dövlət büdcəsinin icrasını xarakterizə edən göstəricilərin Palata tərəfindən həyata keçirilmiş maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri ilə əlaqələndirilməsinə xüsusi diqqət yetirilmişdir.

Dünya üzrə əsas iqtisadi inkişaf meyilləri. 2013-cü il dünya ölkələri tərəfindən iqtisadi sistemin fəaliyyətinin dirçəldilməsi məqsədi güdən müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirməsi ilə yanaşı maliyyə bazarlarında müşahidə edilən tərəddüdlər və böhranın təsiri ilə proseslərin nəticələrinin proqnozlaşdırılmasında yaranan çətinliklərdən doğan risklərlə xarakterizə oluna bilər. Dünya İqtisadi Forumu tərəfindən aparılan sorğularda da maliyyə bazarlarında mövcud disbalans, həmçinin sistemli maliyyə böhranı və əhalinin gəlirlərinin paylanmasında bərabərsizliyin artması hazırkı şəraitdə qarşıdakı əsas təhdidlər kimi göstərilmiş, innovativ iqtisadiyyatın inkişaf etdirilməsi və daha çox insan kapitalının aktivləşməsinə yönəldilməsi vəziyyətdən çıxış yolu olaraq əsas ideya kimi təklif edilmişdir. 

Nüfuzlu beynəlxalq təşkilatların iqtisadiyyat üzrə ekspertləri tərəfindən iqtisadi artım tempinin yüksəlməsi məqsədini güdən hərtərəfli tədbirlərin həyata keçirilməsi və monetar siyasətin alətlərindən çevik və effektiv istifadə edilməsi inkişaf etmiş ölkələr üçün əsas hədəf kimi göstərilmiş, bununla yanaşı inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında müşahidə edilən volatillik (dəyişkənlik) fonunda ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən 2013-cü ildə aktivlərin alınması təcrübəsindən imtina etməsindən doğan narahatlıq ekspertlər tərəfindən dəfələrlə ifadə olunmuşdur. 

2013-cü ildə dünya iqtisadiyyatı üzrə real artım tempi 3,0% olmaqla 2012-ci illə müqayisədə 0,2%, inkişaf etmiş ölkələrdə 1,3% təşkil etməklə 0,1%, inkişaf etməkdə olan ölkələrdə 4,7% olmaqla 0,2%-dək azalmışdır. 
Böyük yeddiliyə daxil olan ABŞ, Yaponiya, Kanada, İtaliya kimi dövlətlərdə əvvəlki illə müqayisədə ÜDM-in aşağı artım templəri müşahidə edilmişdir. Ümumən Avrozona, Birləşmiş Krallıq, Yaponiya və İtaliya böhrandan öncəki iqtisadi artım templərini tam bərpa edə bilməmişdir. 

Analitiklər tərəfindən hazırkı templərlə qarşıdakı illərdə iqtisadi uğurlarına görə dünya liderləri olması ehtimal edilən BRICS beşliyinə daxil olan dövlətlərdən Rusiya Federasiyası və Cənubi Afrika Respublikasında ÜDM-in real artım templəri zəifləmiş, Çin Xalq Respublikasında isə artım tempi əvvəlki nisbətdə qalmışdır. 

Digər tərəfdən, dünya bazarlarında bir sıra mühüm valyutaların məzənnələrində son illərdə müşahidə edilən volatillik (dəyişkənlik), alternativ və likvid aktiv kimi nəzərdən keçirilən qızılın qiymətində əhəmiyyətli azalma, Avrozonaya üzv ölkələrdə büdcə kəsirinin azaldılması baxımından aparılan uğurlu fiskal konsolidasiya (büdcə qənaəti), Yaponiyada aparılan “Abenomika” islahatları, ABŞ-da Mərkəzi Bankın funksiyalarını həyata keçirən Federal Ehtiyat Sistemi (FES) tərəfindən qiymətli kağızların alışının azaldılması dünyanın dəyişən makroiqtisadi mənzərəsinin əsas xüsusiyyətlərindən olmuşdur.

Avropa Birliyinə daxil olan ölkələrdə maliyyə islahatları başa çatdırılmamış və artım templəri hələ zəif olsa da ümumi iqtisadi təhdidlərin azaldığını qeyd etmək olar. Əmək bazarında məşğulluğun təmin edilməsi, əmək məhsuldarlığının artırılması və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi Birlik ölkələrinin, xüsusilə inkişaf etmiş ölkələrin, əsas hədəfləri sırasında olmuşdur.

Dünya üzrə fiskal trendlər. 2013-cü il dünyanın bir çox ölkələrində orta müddətli dövrdə iqtisadi artımın və məşğulluğun təmin edilməsi cəhdləri ilə müşayiət edilmiş, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlərdə makrofiskal çərçivənin davamlı olaraq yenilənməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. 

2013-cü ildə ABŞ-da fiskal konsolidasiya tədbirləri davam etmişdir. “Ötən ilin federal büdcə hesabatı və qarşıdakı illər üzrə proqnoz göstəriciləri” üzrə cari ilin mart ayında təqdim edilmiş məlumatlara görə gəlirlərin 225 mlrd. ABŞ dolları (o cümlədən, gəlir vergisi üzrə 184 mlrd. ABŞ dolları) məbləğində artırılması, paralel olaraq federal büdcə xərclərinin 82 mlrd. ABŞ dolları (o cümlədən, sosial xərclər üzrə 54 mlrd. ABŞ dolları) məbləğində azaldılması nəticəsində 2013-cü ildə büdcə kəsirinin ÜDM-ə faiz nisbətinin 7,0%-dən (1087 mlrd. ABŞ dolları) 4,1%-dək (680 mlrd. ABŞ dolları) endirilməsi mümkün olmuşdur. 

Ümumiyyətlə, dünya üzrə fiskal qənaət tədbirlərinin artım templəri zəifləsə də, Avropa Birliyinə daxil olan dövlətlərdən 12-sində davamlı fiskal islahatların aparılması istiqamətində işlər davam etdirilmişdir. Xüsusilə, bu islahatlar özünü PIIGS beşliyi kimi tanınan, borc böhranı təhlükəsi ilə üzləşmiş dövlətlərdə daha qabarıq şəkildə göstərmişdir. 2013-cü ilin yekunlarına görə Avrozona üzrə büdcə kəsirinin 3,7%-dən 3,0%-dək (o cümlədən, PIIGS ölkələri üzrə orta göstərici 6,9%-dən 5,0%-dək) azaldılmasına nail olunmuşdur.

İnkişaf etmiş ölkələrdə fiskal islahatların aparılmasına baxmayaraq məcmu dövlət borcunun ÜDM-ə faiz nisbəti yenə də yüksək olaraq qalmışdır. Belə ki, Avropa Birliyi ölkələrində maliyyə sektorunda son illərdə müşahidə edilən problemlər tam olaraq hələ də öz həllini tapmamışdır. 

Yaponiyada “Abenomika”nın əsas fiskal xüsusiyyətləri: ötən və cari ildə istehlak vergilərinin həcminin ÜDM-ə faiz nisbətinin 5,0%-dən 8,0%-dək yüksəldilməsi, Çin Xalq Respublikasında isə ekspansionist fiskal siyasətin həyata keçirilməsi müşahidə edilmişdir. Prioritet istiqamətlər kimi təhsil, səhiyyə və sosial xərclərin həcminin davamlı artırılması müəyyənləşdirilmişdir.

Ümumiyyətlə, fiskal konsolidasiya tədbirlərinin yekunu olaraq dünya üzrə məcmu balans 2009-cu ildən 2013-cü ilədək müvafiq olaraq 7,8%-dən 3,8%-dək, o cümlədən inkişaf etmiş ölkələr üzrə 9,5%-dən 4,9%-dək, avrozona üzrə isə 6,4%-dən 3,0%-dək azalmışdır. Məlum olduğu kimi, bu nisbətin azalma meyli, fiskal tarazlığın təmin edilməsi üçün mühüm şərtdir. 

Büdcə kəsirinin azaldılmasına baxmayaraq, dünya üzrə dövlət borclanmasının həcmi davamlı olaraq artmışdır. 2009-cu ildə bu göstəricinin ÜDM-ə faiz nisbəti 74,9% olmuş, 2012-ci illə müqayisədə 2,0 faiz bəndi azalsa da, 2013-cü ildə bu nisbət 78,6%-dək, Avrozona üzrə isə son 5 ildə 15,1 faiz bəndi yüksəlmişdir. Bu meyl bir çox dövlətlərdə iqtisadi artımın stimullaşdırılmasına nail olmağın əsas hədəf kimi müəyyən edilməsi və bu məqsədlə büdcə resurslarından fəal istifadə olunması ilə bağlı olmuşdur. 

Azərbaycanın əsas sosial-iqtisadi göstəriciləri. Qeyd edilən risklər və dünya ölkələrinin böhrandan sonrakı inkişaf templərinin arzulanan səviyyədən hələ də uzaq olması ilə xarakterizə olunan son dövrdə, xüsusilə 2013-cü ildə Azərbaycanın iqtisadi inkişaf tempinin təmin edilməsinə nail olunmuş, mühüm layihələr və proqramlar müvəffəqiyyətlə icra olunmuşdur.

2014-cü ilin yanvar ayının 8-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev hesabat ili barədə qeyd etmişdir: “2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik.”

Təhlili aparılan dövrdə Azərbaycan Respublikası üzrə real iqtisadi artım tempi 5,8% olmuşdur. Ölkəmiz üzrə real iqtisadi artım tempi dünya üzrə artım tempini 2,8 faiz bəndi, inkişaf etmiş ölkələr üzrə müvafiq göstəricini 3,9 faiz bəndi üstələmişdir. Ümumiyyətlə, ÜDM nominal ifadədə son 10 ildə 9,4 dəfə artmışdır ki, bu da MDB dövlətləri arasında ən yüksək göstəricidir.

Adambaşına düşən ÜDM-in həcmi 6207,3 manat və ya 7912,5 ABŞ dolları təşkil etmiş, qeyri-neft sektoru üzrə artım 10,0%-ə bərabər olmuşdur. Hər iki göstərici “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş adambaşına ÜDM-in 2020-ci ilədək 13 min ABŞ dollarına və qeyri-neft sektoru üzrə real artım tempinin orta hesabla illik 7,0% nisbətində təmin edilməsi hədəfləri ilə uzlaşır. 

Adambaşına ÜDM-in artımına görə ölkəmiz MDB dövlətləri arasında Rusiya Federasiyası və Qazaxıstanla birlikdə ilk sıralarda yer alır. 


2013-cü ildə qeyri-neft sektorunun ÜDM-də payı 53,5%-dən 56,6%-dək yüksəlmiş, 2012-ci illə müqayisədə 10,0% artmışdır. Həmçinin, qeyri-neft sektoru üzrə real artım tempinin davamlı olaraq artması və bu artımın neft sektoru üzrə artımı əhəmiyyətli şəkildə üstələməsi Konsepsiyada öz əksini tapan ÜDM-in strukturunun təkmilləşdirilməsi vəzifəsinin reallaşdırılmasına xidmət etmiş olur. 


Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8,0% artaraq 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 6,6% artaraq 4039,6 manata çatmışdır. 2012-ci ilə nisbətən inflyasiya səviyyəsinin 2,4% təşkil etdiyini nəzərə alsaq, əhalinin pul gəlirlərinin artım tempi daha yüksək olmaqla inflyasiyanın artım tempini 3,3 dəfə üstələmişdir. 

2013-cü ildə əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, ötən il minimum əmək haqqının 12,3%, əmək pensiyasının baza hissəsinin 17,6%, bütün növ sosial müavinətlərin 10%-67%, dövlət sektorunda çalışanların əmək haqlarının isə orta hesabla 10% artımı təmin edilmişdir. Əhalinin sosial rifahının gücləndirilməsi məqsədini güdən tədbirlər respublikada yoxsulluq səviyyəsinin azalması ilə nəticələnmişdir.

2013-cü ildə xüsusi əhəmiyyət kəsb edən sosial layihələrindən biri kimi vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik ödənmələrinin verilməsi prosesi başa çatdırılmışdır. 

Ölkə üzrə orta aylıq əmək haqqının həcmi 2013-cü ildə 423 manat və ya 539,5 ABŞ dolları təşkil etmişdir. Bu məbləğ 2012-ci illə müqayisədə 6,2%, 2009-cu ilin eyni göstəricisindən isə 42,0% çoxdur. Əmək haqqı artımı sosial-iqtisadi siyasətin nəticə göstəricisi kimi əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımların tərkib hissəsidir. 

2013-cü il ərzində ölkədə iqtisadiyyatın inkişaf etdirilməsinə, müxtəlif sosial və infrastruktur layihələrin həyata keçirilməsinə 22,0 mlrd. manat (28,0 mlrd. ABŞ dolları) məbləğində investisiya yönəldilmişdir. İnvestisiyaların 62,4%-i daxili mənbələr hesabına, 37,6%-i isə xaricdən cəlb edilən vəsaitlər hesabına maliyyələşdirilmişdir.

Ölkənin mühüm makroiqtisadi göstəricilərindən olan strateji valyuta ehtiyatlarının artımı ötən ildə də davamlı xarakter daşımışdır. Ayrı-ayrılıqda götürdükdə, Dövlət Neft Fondunun aktivləri son 5 ildə 2,3 dəfə, Mərkəzi Bankın valyuta ehtiyatları isə 2,7 dəfə artmışdır. Strateji valyuta ehtiyatlarının əsas iqtisadi mahiyyətinin ən azı 3 aylıq idxalı əvəz etməyə imkan verməsi şərti ötən ildə təmin edilmişdir, belə ki, bu məbləğ, ÜDM-in 70%-ə yaxın hissəsini təşkil edir. Ümumiyyətlə, qeyd edək ki, strateji valyuta ehtiyatların 2013-cü ilin yekunlara görə həcmi 5 illik idxalı əvəz etməyə imkan verir. 

Eyni zamanda, Mərkəzi Bankın 2013-cü ilin yanvar-dekabr ayları üzrə hazırladığı “Pul siyasətinin icmalı” hesabatına əsasən Azərbaycan bu göstəriciyə görə dünyanın ilk 20 ölkəsi sırasında qərarlaşmışdır. 

2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün mühüm sazişlər imzalanmışdır. 2012-ci ildə Trans Anadolu Boru Kəməri (TANAP) layihəsi ilə bağlı sazişin imzalanması nəticəsində 2013-cü ilin iyun ayında Trans-Adriatik (TAP - Trans Adriactic Pipline) boru xətti əsas marşrut kimi seçilmişdir. Bu tip investisiya layihələri ölkə iqtisadiyyatına əhəmiyyətli şəkildə töhfə verir. İlkin qiymətləndirmələrə görə, “Şahdəniz-2”, TANAP, TAP kimi layihələrin icrası 45 milyard ABŞ dolları məbləğində investisiyanın cəlb edilməsini şərtləndirəcəkdir. Regional müstəvidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsi məqsədilə son 7 ildə Dövlət Neft Fondunun büdcəsindən 367,1 milyon manat və ya 464,1 milyon ABŞ dolları vəsait yönəldilmişdir. Bu layihələr nəqliyyat sektorunun dayanıqlı inkişafı ilə yanaşı yaxın gələcəkdə büdcə gəlirlərinin strukturunda qeyri-neft sektoru olaraq əhəmiyyətli gəlir komponentinə çevriləcəkdir. 
Yuxarıda sadalanan layihələrlə yanaşı nəqliyyat sektorunun ümumi inkişaf göstəriciləri də ötən ildə artmışdır. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 218 milyon ton yük və 1,7 milyard nəfər sərnişin daşınmış, 2012-ci ilə nisbətən müvafiq olaraq yük daşınması 3,4%, sərnişin daşınması isə 8,0% yüksəlmişdir. Bütün bunlar bu sektorun davamlı olaraq inkişaf meylini göstərməklə, “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilən prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş nəqliyyat-logistika sektorunun inkişafının qeyri-neft sektorunun prioritetlərindən biri olaraq seçilməsi və onun gələcəkdə iqtisadi lokomotivə çevrilməsini şərtləndirir. 

2013-cü il ölkə Prezidenti tərəfindən “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilmişdir və hesabat ili üzrə nəticələrin təhlili dövlət başçısı tərəfindən müəyyən olunmuş hədəflərlə bağlı bir sıra müvəffəqiyyətlərin əldə edildiyini qeyd etmək imkanı verir. Belə ki, əvvəlki illərdə olduğu kimi, hesabat ilində də informasiya və rabitə sektoru inkişaf sürətinə görə iqtisadiyyatın digər sahələrini qabaqlamış və bu sahədə göstərilən xidmətin həcmi 10,7% artmışdır. Son 5 ildə bu sektorun orta real tempi 22,1% təşkil etmişdir. 2004-2013-cü illər ərzində İKT, informasiya və poçt sektorunda 10 mlrd. manat həcmində xidmət göstərilmiş və məhsul istehsal olunmuşdur. “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf konsepsiyasında prioritet sahələrdən biri kimi müəyyən edilən İKT sektorunda qoyulan hədəflərin ötən ildə də uğurla icra edildiyi görünür.

Məlumatların təhlili göstərir ki, turizmin inkişafı ilə də bağlı mühüm addımlar atılmış, 2013-cü ildə 53 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş, beləliklə respublikada fəaliyyət göstərən turizm şirkətlərinin sayı 241 olmuşdur.  

2013-cü ildə 74 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş, nəticədə hazırda 258 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərməkdədir. 

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq ölkə ərazisinə 2013-cü ildə gələn vətəndaşların sayı 6784,6 min nəfər olmaqla 2012-ci illə müqayisədə 7,2% artmışdır.

Turizm sahəsində inkişafın stimullaşdırılması qeyri-neft sektorunun genişləndirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmasına imkan yaratmaqla, eyni zamanda, ölkəmizin dünyada tanınması istiqamətində mühüm rol oynamaqdadır. 

2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə əmtəə ixrac olunmuş, 141 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir. 

Statistik məlumatlara əsasən, il ərzində xarici ticarət dövriyyəsi 43,5 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci illə müqayisədə 2,7% artmışdır. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard dolları idxalın payına düşmüş, nəticədə 22,1 milyard dollarlıq müsbət saldo yaranmışdır. 

Xarici ticarət dövriyyəsinin həcminin son illərdə artması Azərbaycanın ticarət imkanlarının genişlənməsi ilə yanaşı qarşıdakı illərdə dövlət büdcəsinin bu istiqamətdə gəlirlərinin artımını şərtləndirəcəkdir.

Azərbaycan beynəlxalq reytinqlərdə. 2013-cü ildə əldə olunmuş nəticələr dünyanın nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilmiş, Beynəlxalq Valyuta Fondunun 2013-cü ilin noyabr ayında ölkəmizdə səfərdə olan missiyası Azərbaycanda iqtisadi durumu müsbət qiymətləndirməklə, ötən illərdə olduğu kimi, dövlət xərclərindən geniş şəkildə qaynaqlanan qeyri-neft iqtisadiyyatının artım tempinin növbəti ildə neft hasilatında proqnozlaşdırılan azalmanı artıqlaması ilə kompensasiya edəcəyini növbəti dəfə bildirmişdir. 

Bütün bu uğurlar ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə və beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət etmişdir. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən hazırlanan nüfuzlu “Qlobal rəqabətlilik hesabatı”nda eyni adlı indeks üzrə ölkəmiz 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir və iqtisadi inkişafın təməl şərtlərindən olan rəqabətlilik üzrə son 4 ildə Azərbaycanın 18 pillə irəliləməsi, şübhəsiz ki, ölkəmizin iqtisadi uğurlarının beynəlxalq səviyyədə tanınmasının bariz sübutudur. 

Xüsusilə diqqəti çəkən əsas məqam bir neçə ildir Azərbaycanın MDB ölkələri arasında makroiqtisadi sabitlik üzrə liderə çevrilməsi və son hesabatda dünya ölkələri üzrə 8-ci yerdə qərarlaşmasıdır. 

Qlobal rəqabətlilik hesabatında yer alan fiskal subindekslərdən icmal büdcə balansının profisiti üzrə ölkəmiz dünyada 12-ci, dövlət borclanmasının ÜDM-ə faiz nisbətinin az olmasına görə isə 13-cü yerdə qərarlaşmışdır. Azərbaycanın xeyrinə olan müsbət məqamlardan biri ölkəmizin ilbəil büdcə balansının ÜDM-ə faiz nisbətini yaxşılaşdırması və bu göstəriciyə görə hətta BRICS beşliyini də (Rusiya Federasiyası istisna olmaqla) arxada qoya bilməsidir. 

“İrs Fondu” (Heritage Foundation) tərəfindən hazırlanan “İqtisadi azadlıq indeksi”nin tərkib komponentlərindən olan fiskal azadlıq subindeksi üzrə isə Azərbaycan dünyanın ilk 40 ölkəsi sırasında (37-ci) yer almışdır. 

Son illər üzrə Beynəlxalq Maliyyə Korporasiyası və “PricewaterhouseCooper” (PWC) audit təşkilatı tərəfindən hazırlanan “Vergilərin ödənilməsi” hesabatlarında ölkəmiz 2004-2011-ci illərdə vergilərin ödənilməsi istiqamətində ən çox uğur qazanmış 10 dövlət sırasında göstərilmişdir. 

“Qlobal rəqabətlilik hesabatı”nda, “İqtisadi azadlıq indeksi” və “Vergilərin ödənilməsi” hesabatlarında yer alan fiskal göstəricilər üzrə Azərbaycanın mövqeyinin yaxşılaşması makrofiskal çərçivənin möhkəm olmasından xəbər verir.

Respublikamızın qeyd olunmuş nailiyyətləri Dünya Bankı tərəfindən də müsbət qiymətləndirilmişdir. Belə ki, bu nüfuzlu beynəlxalq təşkilatın ötən ildə hazırlanan “Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması” (Doing Business) hesabatında Azərbaycan Respublikası 2005-2012-ci illərdə öz mövqeyini yaxşılaşdıran 50 ölkə sırasında 13-cü yerdə qərarlaşmışdır. 

Dövlət büdcəsinin bir nəticə kimi dəyərləndirilməsi baxımından sahibkarlıq mühitinin yaxşılaşdırılması uzun müddətli dövrdə büdcə gəlirlərinin artımının davamlılığının təmin edilməsini şərtləndirəcəkdir. 

“Fitch” reytinq agentliyi 2013-cü ilin aprel ayının 29-da Azərbaycanın uzun müddətli yerli və xarici valyutada reytinqini sabit proqnozla “BBB-” investisiya səviyyəsində saxlamağı qərara almışdır. Ümumiyyətlə, son 4 ildə Agentliyin ölkəmizin reytinqini bu nisbətdə təsdiq etməsi icmal büdcə balansının həcminin böyük, dövlət borcunun səviyyəsinin aşağı olması ilə bağlıdır. 

Dövlət maliyyəsinin davamlı güclənməsi, hökumətin iqtisadiyyatın diversifikasiyası və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı səyləri və investisiyalar sayəsində qeyri-neft sahələrinin inkişafı istiqamətində görülmüş tədbirlər və əldə olunmuş nəticələrə əsaslanaraq uzunmüddətli yerli və xarici valyutada ölkəmizin reytinqi “Moody's” Agentliyi tərəfindən “Ba1”-dən “Baa3”-ə qaldırılmış, “Standart & Poors” isə 2014-сü ilin yanvarın 31-də Azərbaycanın kredit reytinqini “BBB-/A-3” səviyyəsində təsdiq etmişdir. 

Beləliklə, dünyada kredit reytinqlərinin müəyyən edilməsi baxımından nüfuzlu 3 təşkilatın ölkəmizin maliyyə sistemi ilə bağlı müsbət mövqedən çıxış etməsi maliyyə sisteminin dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Hesabat ilində ölkəmizdə iqtisadi aktivliyin və sabitliyin qorunub saxlanılması dövlət büdcəsinin gəlir və xərc parametrlərinə müsbət təsir göstərmiş, onların 2012-ci illə müqayisədə artıq icra olunmasına münbit şərait yaratmışdır.

Dövlət büdcəsinin icrasının əsas parametrləri. 2013-cü ildə dövlət büdcəsinin gəlirləri 19159,0 mln. manat proqnoza qarşı 337,3 mln. manat və ya 1,8% çox olmaqla 19496,3 mln. manat təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 2214,8 mln. manat və ya 12,8% çoxdur. 

Əgər 2003-cü ildə dövlət büdcəsinin gəlirlərinin məbləği 1220,0 milyon manat təşkil edirdisə, ötən ilin yekunlarına görə bu göstərici 19496,3 milyon manata bərabər olmaqla dövlət büdcəsinin gəlirləri son 10 ildə 16 dəfə artmışdır. 2013-cü ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik əldə etdiyi dövr üzrə ən böyük (25 milyard ABŞ dolları) büdcəsidir. 

2013-cü ildə büdcə resurslarının artması fonunda rasional fiskal siyasətin həyata keçirilməsi və bu əsasda iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin rolunun artırılması, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılması, vergilərin yığım əmsalının yüksəldilməsi və ümumən vergitutma istiqamətində işlərin təkmilləşdirilməsi, dövlət büdcəsi kəsirinin həcminin azaldılması və onun təhlükəli həddə çatmaması, dövlət borclanmasının kifayət qədər aşağı nisbətdə olması, xərclərin məqsədli proqramlar əsasında tərtibi kimi vəzifələrin reallaşdırılması təmin edilmişdir. Həmçinin, ölkədə aparılan fiskal siyasətin məqsədi büdcəni dinamik inkişafın stimullaşdırılması üçün əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir. 

Daxilolmaların səviyyəsinə uyğun olaraq dövlət büdcəsinin xərcləri də əvvəlki illə müqayisədə 2013-cü ildə 1727,0 mln. manat və ya 9,9% çox icra edilmiş, başqa sözlə 19850,0 mln. manat təyinata qarşı icra 19143,5 mln. manat və ya 96,4% təşkil etmişdir. 2003-cü ildə büdcə xərcləri 1234,0 mln. manat təşkil edirdisə, 2013-cü ildə dövlət büdcəsinin xərcləri 15,5 dəfə artmışdır. 2013-cü ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti əvvəlki illə müqayisədə 1,8 faiz bəndi çox olmaqla 33,8%, xərclərin xüsusi çəkisi isə 0,9 faiz bəndi çox olmaqla 33,2% təşkil etmişdir. 

 Dövlət büdcəsinin gəlir və xərc parametrlərinin ÜDM-ə nisbətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması iqtisadiyyatın tənzimlənməsi proseslərinə dövlətin müdaxilə imkanlarının artırılması barədə beynəlxalq maliyyə institutlarının çağırışlarına uyğundur və 2013-cü il üçün bu göstərici üzrə Azərbaycan Rusiya ilə birlikdə MDB-də üstün mövqeyini qorumuşdur. 

Eyni zamanda, büdcə gəlir və xərclərinin ÜDM-ə faiz nisbəti Avropa üzrə orta göstəricilərə (36,0% və 37,7%) yaxın olmuşdur. Bu isə öz növbəsində, son illərdə daha populyar olan fiskal siyasətin rasionallaşdırılması ilə iqtisadi inkişaf arasında mümkün balansın qorunması tədbirlərinin tərkib elementlərindən biri kimi qəbul edilir. 


Bütün bu islahatlar ölkəmizdə dövlət büdcəsinin layihəsinin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə başlanan, sonrakı dövrlərdə üst-üstə iki ildən artıq dövrü əhatə edən büdcə proseslərinin bütün mərhələlərində xərclərin optimallaşdırılması və büdcə institutlarının davamlı olaraq təkmilləşdirilməsi kimi hədəfləri ilə uzlaşdırılması baxımından məqsədəmüvafiq hesab edilir. 

Büdcə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət büdcəsinin şəffaflığının və orta müddətli dövrdə makrofiskal çərçivənin gözlənilənliyinin artırılması və büdcə göstəricilərinin “Azərbaycan 2020: Gələcəyə baxış”  İnkişaf Konsepsiyası ilə uzlaşdırılması uzun müddətli iqtisadi vəzifələrin reallaşdırılmasına xidmət edəcəkdir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyi kimi, dövlət xərcləri cari, əsaslı və dövlət borcuna xidmətlə bağlı xərclərə bölünür. 2013-cü il üçün dövlət büdcəsi xərclərinin 9193,3 mln. manatı və ya 48,0%-i cari xərclərə yönəldilmişdir ki, bu da 2012-ci ilə nisbətən 84,9 mln. manat və yaxud 0,9% azdır. Əsaslı xərclər isə 2012-ci illə müqayisədə 1296,1 mln. manat və yaxud 16,4% çox olmaqla dövlət büdcəsi xərclərinin 9222,0 mln. manatını və yaxud 48,2%-ni təşkil etmişdir.

Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə 2013-cü ildə 728,2 mln. manat və yaxud ümumi xərclərin 3,8%-i həcmində vəsait yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 515,8 mln. manat və yaxud 3,4 dəfə çoxdur. Yaxın gələcəkdə bağlanmış kredit sazişlərinə əsasən güzəşt dövrünün azalmasının və bitməsinin əsas borc ödənişlərinin həcmini artırması xidmət xərclərinin gələcək illərdə də artımı tempini şərtləndirəcəkdir.

2013-cü ildə xarici dövlət borcunun məbləği 4753,2 milyon manat, adambaşına düşən məbləğ isə 639,3 ABŞ dolları təşkil etmişdir. 2003-cü ildə xarici borcun ÜDM-ə faiz nisbəti 20,4% olduğu halda, 2013-cü ildə bu göstərici ÜDM-in 8,2%-nə bərabər olmuşdur. Bu nisbətin ölkələrin inkişaf səviyyəsindən asılı olaraq 50%-dən çox olmaqla müəyyən edildiyini nəzərə alsaq ölkəmizin bu istiqamətdə daha üstün mövqeyə malik olduğunu açıq şəkildə görürük. 

Borclanma ilə bağlı hər iki hesabat borc dayanıqlılığının təmin edilməsi və gələcəkdə mümkün təhdidlərin aradan qaldırılması baxımından ölkəmizin mövqeyinin əlverişli olmasından xəbər verir. 

Əvvəlki illərdə olduğu kimi, hesabat ilində də həyata keçirilən iqtisadi islahatlar ölkədə sabitliyin qorunub saxlanılmasına və əhalinin həyat səviyyəsini yaxşılaşdırmasına imkan vermişdir. Sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara böyük məbləğlərdə kompensasiyanın verilməsinə, ölkəyə xarici inflyasiya təzyiqinin mütəmadi olaraq artmasına baxmayaraq, inflyasiyanı minimum səviyyədə saxlamaq mümkün olmuş, adambaşına düşən gəlirlərin və orta aylıq əmək haqqının artım templəri inflyasiyanın artım tempini qabaqlamışdır. 

ÜDM-in qeyri-neft sektorunun bəzi fiskal göstəricilərə təsirinin qiymətləndirilməsi ilə aparılmış təhlili ölkə üzrə bu sektorun artımının cari xərclərə (əmək haqqı, malların alınması, xidmətlərin haqqının ödənilməsi xərcləri və s.) və qeyri-vergi daxilolmalara nəzərəçarpacaq dərəcədə təsir etdiyini göstərir və cari xərclərlə bağlı bu təsir daha güclüdür. Araşdırmalar, həmçinin, icmal büdcə xərclərinin həcminin yüksək olmasına baxmayaraq (2013-cü ildə 2012-ci illə müqayisədə xərclər üzrə) fiskal multiplikatorun hökumətin iqtisadiyyata büdcə vasitəsilə “orta nisbətdə” müdaxilə etdiyini göstərir. 

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının ümumi vəziyyəti“.

Qeyd edək ki, 2011-ci il üzrə faktiki qiymətlər və 2012-ci ilin sonuna gözlənilən azalma meyli, həmçinin neft hasilatının aşağı düşməsi əsas götürülərək 2013-cü il üçün dövlət büdcəsi layihəsi neftin ixrac qiyməti 1 barelə 100 ABŞ dolları məbləği ilə tərtib edilərək təsdiq olunmuşdur. 

Neftin qiymətinin 100 ABŞ dolları nisbətində müəyyən edilməsi və dünya bazarında isə bunun qarşılığında qiymətlərin daha yüksək olması Azərbaycan hökumətinə öz sosial-iqtisadi hədəflərini büdcə xərcləri vasitəsilə reallaşdırmaq imkanı vermişdir. 

Hesabat məlumatlarına əsasən “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin icrası olaraq dövlət büdcəsinin gəlirləri üzrə proqnozda nəzərdə tutulan məbləğdən 337,3 mln. manat və ya 1,8% çox vəsait daxil olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 2214,8 mln. manat və ya 12,8% çoxdur.

Dövlət büdcəsinin xərcləri isə təyinatda nəzərdə tutulan məbləğdən 706,5 mln. manat və ya 3,6% az olmaqla 19850,0 mln. manata qarşı 19143,5 mln. manat məbləğində icra edilmişdir ki, bu da 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1727,0 mln. manat və ya 9,9% çoxdur. 

2013-cü ildə dövlət büdcəsinin məqsədli büdcə fondlarının gəlirləri üzrə proqnozunu nəzərdə tutan Qanunun 3-cü maddəsinin icrası ilə bağlı qeyd etmək lazımdır ki, hesabat ilində dövlət büdcəsi xərclərinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu üzrə müəyyən edilmiş 194,0 mln. manat tam həcmdə, təqdim edilmiş izahata əsasən “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” üzrə 8,9 mln. manat təyinata qarşı 10,1 mln. manat icra olunmuşdur. 

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən 30,0% həcmində yığım üzrə Qanunun 5-ci maddəsi ilə 370,0 mln. manat nəzərdə tutulmuş məbləğ 370,6 mln. manat həcmində icra edilmiş, bu isə 2012-ci illə müqayisədə 5,7% çox olmuşdur. 

Büdcə gəlirlərinin formalaşmasının əsas xüsusiyyətləri. Qanunun 2-ci maddəsinin icrası ilə bağlı qeyd etmək lazımdır ki, dövlət büdcəsinin gəlirlərində vergi və qeyri-vergi daxilolmaları üzrə icra səviyyələri müxtəlif olmuşdur. Belə ki, vergi daxilolmaları üzrə icra səviyyəsi 77,8%-109,8%, qeyri-vergi daxilolmaları üzrə icra səviyyəsi isə 58,1%-272,8% arasında olmuşdur. 

Dövlət büdcəsi gəlirlərinin strukturunda, ötən illərdə olduğu kimi, daha çox paya malik olan vergi daxilolması Əlavə Dəyər Vergisidir. Bu tədiyə növünün payı 13,9% təşkil etmişdir. Digər daxilolmalardan hüquqi şəxslərin mənfəət vergisi 12,2%, fiziki şəxslərin gəlir vergisi 4,4%, aksizlər 3,0% paya malik olmuşdur. 

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən ödənilən məcmu vergi və rüsumların həcminin ÜDM-ə faiz nisbəti ötən ildə 13,9%-ə bərabər olmuşdur. 

Büdcə gəlirlərində Dövlət Neft Fondundan transfertin xüsusi çəkisi 58,2% olmuşdur.

Büdcə xərclərinin icrasının əsas xüsusiyyətləri. Təsdiq olunmuş Qanunun 8-ci maddəsinin icrası ilə bağlı qeyd etmək lazımdır ki, dövlət büdcəsinin icrası haqqında təqdim edilmiş hesabata əsasən 2013-cü ildə “Ümumi dövlət xidmətləri”, “Yanacaq və enerji”, “Sənaye, tikinti və faydalı qazıntılar” və “İqtisadi fəaliyyət” bölmələri istisna olmaqla digər bölmələrin köməkçi bölmələri üzrə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş məbləğlərinə Maliyyə Nazirliyi tərəfindən hesabat ili ərzində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanılmaqla müəyyən dəyişiklik edilmişdir. 

2013-cü ildə funksional təsnifatın bölmə və köməkçi bölmələri üzrə dövlət büdcəsinin xərcləri üzrə icra səviyyələrinə gəldikdə isə qeyd etməliyik ki, bölmələr üzrə ən aşağı icra “Ümumi dövlət xidmətləri” (90,6%), “Səhiyyə” (92,5%), “Təhsil” (93,9%) və “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” (94,1%) bölmələrində müşahidə olunmuşdur.

2013-cü ildə, dövlət büdcəsinin icrası zamanı, iqtisadi təsnifat üzrə istifadə edilməyən vəsaitin 60,55 mln. manatı əməyin ödənişi, müvafiq olaraq 35,4 mln. manatı malların (işlərin və xidmətlərin) satın alınması, 8,0 mln. manatı qrantlar və digər ödənişlər, 64,4 mln. manatı təqaüdlər və sosial müavinətlər, 393,1 mln. manatı digər xərclər, öhdəliklər üzrə maliyyə əməliyyatları üzrə 85,7 mln. manat, 17,1 mln. manatı qeyri-maliyyə aktivlərinin alınması, 40,3 mln. manatı faizlər üzrə ödənişlər, 2,0 mln. manatı subsidiya və cari transfertlər üzrə olmuşdur.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə ötən ilin sentyabr ayının 1-dən büdcədən maliyyələşən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat sahələrində və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin və dövlət qulluqçularının əməkhaqları orta hesabla 10% artırılmış, müavinətlər və təqaüdlərin məbləğlərinin artımı təmin edilmiş, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 17,6% artırılaraq 100 manata çatdırılmışdır.

Qeyd olunan əməkhaqqı artımlarının məntiqi davamı olaraq Azərbaycan Respublikası üzrə minimum aylıq əməkhaqqının məbləği 93,5 manatdan 2013-cü il sentyabrın 1-dən 12,3 faiz artırılaraq 105,0 manat həddinə çatdırılmışdır.

Eyni zamanda, elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, incəsənət və s. sahələrə xərclərin məbləği bu istiqamətlər üzrə genişmiqyaslı tədbirlərin müvəffəqiyyətli icrasını təmin etmişdir. 

Elm xərcləri. 2013-cü ildə elm xərcləri üzrə icra 117,0 mln. manat olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 263,0 min manat və yaxud 0,2% çoxdur. Elm xərclərinin dövlət büdcəsində payı 0,6%, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla elm xərclərinin ÜDM-ə nisbəti 0,3% təşkil etmişdir. Bu xərclərin mütləq və nisbi göstəricilərdə artım meyli elmin sosial-iqtisadi inkişafa təsirinin daha da gücləndirilməsi istiqamətində dövlətin dəstəyi olaraq qiymətləndirilməlidir. Belə ki, ölkə iqtisadiyyatının innovasiyalaşdırılması birbaşa olaraq elmin inkişafı ilə bağlıdır. 

İnkişaf etmiş ölkələrdə elmə çəkilən xərclərin gəlirdən çıxılması, elmin məqsədləri üçün istifadə olunan avadanlıqların böyük hissəsinə sürətli amortizasiyanın tətbiq edilməsi, bilavasitə innovasiya fəaliyyəti ilə məşğul olan kiçik və orta müəssisələrə vergi güzəştlərinin verilməsi, kiçik elmtutumlu biznesin təşviqi, dövlətin sərəncamında olan bütün elmi-tədqiqat institutlarında əsas vəsaitlərin inventarizasiyasının aparılması və daha çox istifadəsi zəruri olan avadanlıqların alınmasının büdcə vasitəsilə maliyyələşdirilməsi və s. kimi tədbirlər elmə yönəldilən xərclərin təşviq edilməsi (fiskal müstəvidə) məqsədini güdür və bu təcrübələrdən istifadə etməklə elm xərclərinin daha səmərəli və nəticəli istifadəsini təmin etmək olar. 

Qeyd olunan tədbirlərlə yanaşı onun strukturunun davamlı olaraq təkmilləşdirilməsi də zəruridir. 

Təhsil xərcləri. Hesabat ilində təhsil xərclərinə 1437,7 mln. manat vəsait yönəldilməklə, dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 7,5%, dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla ÜDM-ə nisbəti 3,7% təşkil etmişdir. 2013-cü ildə də təhsil sektoru üzrə dövlət xərclərinin icrası təmin edilmiş, bir sıra təhsil infrastrukturlarının bərpasına və yenidən qurulmasına, təhsil müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılmasına nail olunmuşdur. Təhsil xərclərinin davamlı artımı və bu istiqamətdə büdcənin əhəmiyyətli rolu ölkənin iqtisadi inkişafının davamlılığının təmin edilməsi baxımından mühüm şərtdir. 

Eyni zamanda, qeyd etməliyik ki, təhsil sahəsinin məqsədli proqramlar əsasında tərtibi və icrası ilə yanaşı bu sənədlərin büdcə xərclərinin səmərəliliyi baxımından qiymətləndirilməsi sisteminin yaradılması məqsədəmüvafiq hesab olunur. 

Səhiyyə xərcləri. Ötən il səhiyyə xərcləri üzrə icra 618,9 mln. manat olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 9,6 mln. manat və yaxud 1,6% çoxdur. Səhiyyə xərclərinin dövlət büdcəsində payı 3,2%, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də nəzərə alınmaqla bu xərclərin ÜDM-ə nisbəti 1,6% təşkil etmişdir. Dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunmuş izahatda 2013-cü ildə səhiyyənin inkişafı üçün artımla proqnozlaşdırılmış büdcə vəsaitinin onun maddi-texniki bazasının gücləndirilməsinə, müasir tibbi avadanlıq və qurğularla təchizatının yaxşılaşdırılmasına, yeni tibb mərkəzlərinin yaradılmasına imkan verməsi göstərilmişdir. Eyni zamanda, qeyd etməliyik ki, ölkədə səhiyyə sektorunun davamlı inkişafı baxımından əsas addım kimi tibbi sığortanın tətbiqi, həmçinin xərclərin səmərəliliyinin yüksəldilməsi məqsədilə bu sektorda ştat sayının normativləşdirilməsi ilə bağlı fəaliyyətin gücləndirilməsi məqsədəuyğun hesab edilir.

Sosial müdafiə və sosial təminat xərcləri. 2013-cü ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə 1813,6 mln. manat təyinata qarşı icra 1750,4 mln. manat və yaxud 96,5% olmuşdur. Sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsində payı 9,1% olmuşdur. Dövlət əsaslı vəsait qoyuluşları da nəzərə alınmaqla bu xərclərin ÜDM-ə nisbəti isə 3,1% təşkil etmişdir. Bu bölmə üzrə xərclərin strukturunun təhlili 2013-cü ildə əhalinin sosial rifahının qorunması və yüksəldilməsi istiqamətində tədbirlərin maliyyələşdirildiyini, o cümlədən sosial müdafiə cəhətdən həssas qruplar olan aztəminatlı şəxslərə yönəldildiyini və pensiya təminatının gücləndirilməsi məqsədini daşıdığını göstərir.   

Kənd təsərrüfatı xərcləri. Aqrar sahənin büdcə vasitəsilə maliyyələşdirilməsi ötən ildə də əhəmiyyətli şəkildə artırılmışdır. 2013-cü ildə dövlət büdcəsinin kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri üzrə 494,3 mln. manat təyinata qarşı icra 487,9 mln. manat və yaxud 98,7% olmuşdur ki, bu da 2012-ci illə müqayisədə 19,7 mln. manat (4,2%) çoxdur. Bu bölmə üzrə xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 2,5%, ÜDM-də payı isə 0,8% təşkil etmişdir. Lakin aqrar sektora büdcə vasitəsilə verilən dəstək yalnız birbaşa maliyyələşmə ilə kifayətlənməmiş, eyni zamanda, vergi güzəştlərinin tətbiqi, investisiya xərclərinin strukturunda bu sahəyə vəsaitin ayrılması, həmçinin aqrar sektorun kreditləşməsi təcrübəsi davam etdirilmişdir.

Dövlət əsaslı vəsait qoyuluşu. “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2013-cü il dövlət büdcəsindən 6913,8 mln. manat vəsait yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 1150,1 mln. manat (20,0%) çoxdur. Həmin xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 36,1% təşkil etmişdir ki, bu da 2012-ci ilə nisbətən 3,0 faiz bəndi çoxdur. 

Ümumiyyətlə, büdcədə investisiya xərclərinin payının böyük olması ölkə iqtisadiyyatının uzunmüddətli və davamlı inkişafına əlverişli zəmin formalaşdırır, yeni istehsal sahələrinin yaradılması və yeni iş yerlərinin açılmasına şərait yaradır, həmçinin gələcəkdə büdcə gəlirlərinin artırılmasına imkan verir.

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə şəhər və rayonların yerli gəlirlərinin məbləği 696,6 mln. manat, yerli xərclərin məbləği isə 1512,1 mln. manat təsdiq edilmiş, hesabat ilində yerli gəlirlərin həcmi 718,6 mln. manat və ya 103,5%, yerli xərclərin həcmi isə 1465,5 mln. manat və ya 96,9% icra olunmuşdur. 

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 815,5 mln. manat məbləğində vəsaitin ayrılması təsdiq edilmiş, faktiki icra isə 793,5 mln. manat və ya 97,3% olmuşdur. 

Hesabat ilində daxili və xarici dövlət borclanma limitlərinin yuxarı hədləri təsdiq edilmiş Qanunun 13-cü maddəsinə müvafiq olaraq 2000,0 və 750,0 mln. manat məbləğlərində nəzərdə tutulmuş, təqdim olunmuş izahata əsasən il ərzində daxili və xarici dövlət borcunun yuxarı həddi (limiti) gözlənilmişdir. 

2013-cü ildə beynəlxalq maliyyə-kredit təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi məbləği təqribən 368,7 mln. manat olmuşdur və bu müvafiq limitin 49,2%-ni təşkil etdiyindən qanunla müəyyən edilmiş limit tələbi gözlənilmişdir. 

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində dövlət büdcəsi kəsirinin yuxarı həddi 691,0 mln. manat məbləğində təsdiq edilmiş, hesabat məlumatlarına əsasən ilin sonunda dövlət büdcəsi profisitlə icra olunmuş və onun məbləği 352,8 mln. manat təşkil etmişdir. 

2014-cü il 01 yanvar tarixə dövlətin faktiki daxili borcu 2013-cü il 01 yanvar tarixinə mövcud olan faktiki daxili borclanma məbləğindən (3046,3 mln. manat) 14,5% azdır. Göründüyü kimi, daxili dövlət borcunun həcmi ötən illə müqayisədə 441,9 mln. manat azalmışdır ki, nəticədə müvafiq borclanma “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə daxili dövlət borclanma limitinin təsdiq olunmuş yuxarı həddini (2000000,0 min manat) keçməmişdir. 

2013-cü ilin icmal büdcə xərclərinin yuxarı həddinin məbləği “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsi ilə 24500,0 mln. manat təsdiq edilmişdir. Qanun layihəsinə əlavə olunmuş izahata əsasən icra 2281,7 mln. manat az olmaqla 22218,4 mln. manat və ya 90,7% təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 2145,7 mln. manat və ya 10,7% çoxdur. 


Hesabat ilində icmal büdcənin gəlirləri 20728,6 mln. manat proqnoza qarşı 23223,0 mln. manat və ya 112,0% icra olunmuşdur ki, nəticədə icmal büdcədə 1004,6 mln. manat məbləğində profisit yaranmışdır.

Azərbaycanda icmal büdcə xərclərinin həcmi nəinki MDB məkanında lider ölkələrdən sayılan Rusiya və Qazaxıstandan, hətta BRICS beşliyinin eyni göstəricisindən də böyükdür. Maliyyələşmənin həcminin böyüklüyü hökumətə büdcə resurslarını cəmiyyətin qarşısında duran problemlərin həllinə yönəltməyə imkan verir. Digər tərəfdən, dünyanın bir çox dövlətləri böhrandan sonrakı dövrdə büdcə (fiskal) konsolidasiyasına (qənaətinə) getmək zərurəti ilə üzləşdiyi halda Azərbaycan icmal büdcə göstəricilərinin həcmini ilbəil artırmışdır. 

“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 17-ci maddəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 15590,3 mln. manat məbləğində təsdiq edilmişdir. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 12881,9 mln. manat həcmində kəsir qeydə alınmışdır ki, bu da nəzərdə tutulmuş məbləğdən 2708,4 mln. manat və ya 6,2% azdır. Bu göstərici, öz növbəsində, həyata keçirilmiş tədbirlərin daha da nəticəli olması ilə əlaqəlidir. 

Təqdim olunmuş Qanun layihəsi və hesabat məlumatlarına əsasən aparılmış təhlilin nəticələrini ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət büdcəsi göstəricilərinin, hədd və limitlərinin gözlənilməsi makroiqtisadi sabitliyin qorunması üçün büdcənin gəlir və xərclərindən məqsədyönlü istifadə olunması istiqamətində tədbirlər görülmüşdür. 

Bütövlükdə aparılan araşdırmaların və analitik təhlillərin nəticələrini ümumiləşdirərək Hesablama Palatası belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanmış və təqdim edilmişdir.

Hesablama Palatası tərəfindən Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsi tövsiyə olunmuşdur.



Rəy Hesablama Palatası Kollegiyasının 06 may 2014-cü il tarixli Q-58 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə