Maddə 22. Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri
Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su ehtiyatlarının vəziyyəti və su obyektlərinin istifadəsi və mühafizəsi perspektivləri barədə sistemli tədqiqat və layihə materiallarını özündə birləşdirir.
Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri su təsərrüfatı tədbirlərini və ölkənin su ehtiyatlarına olan perspektiv tələbatını müəyyən etmək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsini təmin etmək, habelə suların zərərli təsirinin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə işlənib hazırlanır.
Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən işlənib hazırlanır.
Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 23. Su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə dövlət proqramları
Su obyektlərinin istifadəsini, mühafizəsini və suların zərərli təsirinin qarşısının alınması tədbirlərini hazırlamaq və həyata keçirmək üçün su təsərrüfatı balansları, su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemləri, dövlət su kadastrı məlumatları əsasında dövlət proqramları işlənib hazırlanır.
Su obyektlərinin istifadəsi və mühafizəsi üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin, su obyektlərinin istifadəçilərinin və ictimai təşkilatların təkliflərini nəzərə almaqla qanunvericiliklə müəyyən olunmuş qaydada işlənib hazırlanır və yerinə yetirilir.
Dostları ilə paylaş: |