XI fəsil. Su obyektlərindən balıqçılıq və ovçuluq üçün istifadə
Maddə 66. Su obyektlərindən balıqçılıq üçün istifadə
Balıq ehtiyatlarının yetişdirilməsi, artırılması və ovlanması üçün vətəgə əhəmiyyətli su obyektləri və ya onların bir hissəsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq ehtiyacları üçün istifadə edilir.
Balıqçılıq əhəmiyyətli sututarlardan və ya onların ayrı-ayrı sahələrindən istifadə edən hüquqi və fiziki şəxslər həmin sututarların çirklənməkdən və zibillənməkdən qorunması üçün tədbirlər görməlidirlər.
Su obyektlərinin istifadəçiləri müvafiq icra hakimiyyəti orqanının razılığı ilə sututarların vəziyyətinin yaxşılaşmasını və balıq ehtiyatlarının bərpasını təmin edən balıqartırma və balıq təsərrüfatı meliorasiya tədbirləri görməli, habelə ov alətlərinin qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar.
Maddə 67. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində yerləşən sututarlardan balıq yetişdirilməsi və ovlanması üçün istifadə
Hüquqi və fiziki şəxslər, onların mülkiyyətində və ya istifadəsində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən balıq yetişdirilməsi və ovlanması üçün istifadə edə bilərlər.
Göstərilən su obyektlərindən balıq yetişdirilməsi və ovlanması üçün istifadə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdikləri qaydalara uyğun həyata keçirilir.
Dostları ilə paylaş: |