Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


XXVII fəsil. Təqsirləndirilən şəxs qismində cəlb etmə



Yüklə 1,91 Mb.
səhifə18/37
tarix24.10.2017
ölçüsü1,91 Mb.
#12244
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

XXVII fəsil. Təqsirləndirilən şəxs qismində cəlb etmə

Maddə 223. Təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası və qaydası

223.1. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur.

223.2. Bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.

223.3. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:

223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar;

223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti;

223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri;

223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü;

223.3.5. məsuliyyəti ağırlaşdıran hallar.

223.4. Qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir.

223.5. Təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilir.

223.6. Qərarın surəti onun qəbul edildiyi andan 24 saat müddətində müstəntiq tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.



Maddə 224. İttihamı elan etmə qaydası

224.1. Müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın çıxarıldığı andan 48 saatdan gec olmayaraq və hər bir halda təqsirləndirilən şəxsin gəldiyi, yaxud tutulduğu və məcburi gətirildiyi gündən gec olmayaraq ona ittiham elan edilməlidir.

224.2. Təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir.

224.3. İttihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi (bu hərəkətin yerinə yetirilməsində iştirak edirsə) tərəfindən imzalanır.

224.4. Təqsirləndirilən şəxs və ya müdafiəçi qərarı, yaxud protokolu imza etməkdən imtina etdikdə, müstəntiq həmin sənədlərdə imza etməkdən imtina və imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir.

Maddə 225. İttihamın dəyişdirilməsi və ona əlavələr edilməsi

225.1. İbtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, müstəntiq bu Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etməlidir.

225.2. İbtidai istintaq zamanı elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədikdə, müstəntiq öz qərarı ilə ittihamın həmin hissəsində cinayət işi üzrə icraata xitam verir, onu təqsirləndirilən şəxsə elan edir və qərarın surətini ona təqdim edir.

XXVIII fəsil. Dindirmə və üzləşdirmə

Maddə 226. Dindirməyə çağırışın qaydaları

226.1. Şahid, zərər çəkmiş, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşularından, mənzil-istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağırılırlar. Onlar, həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağırıla bilərlər.

226.2. Çağırış vərəqəsində kimin, hansı prosessual qisimdə çağırıldığı, habelə çağırılan şəxsin haraya və nə vaxt (gəlmə günü və saatı) gəlməli olduğu göstərilir. Çağırış vərəqəsində çağırılan şəxsin gəlmədiyi halda onun bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi gətirilməyə məruz qala biləcəyi barədə xəbərdarlıq qeyd olunur.

226.3. Yetkinlik yaşına çatmayan şəxslər, bir qayda olaraq, onların qanuni nümayəndələri vasitəsi ilə çağırılırlar.

226.4. Həbsdə saxlanılan şübhəli və təqsirləndirilən şəxs onların həbsdə saxlanıldığı yerin müdiriyyəti vasitəsi ilə çağırılırlar.

Maddə 227. Şahidin dindirilməsi

227.1. Şahidi cinayət təqibi üçün əhəmiyyəti olan hər bir hal üzrə, o cümlədən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, digər şahidlərin şəxsiyyəti barədə dindirmək olar. Şahidin dindirilməsində onun nümayəndəsi (vəkil və ya digər şəxs) iştirak etmək hüququna malikdir.

227.2. Şahid ibtidai istintaq hərəkətinin aparıldığı yer üzrə, zəruri hallarda isə onun olduğu yer üzrə dindirilir.

227.3. Hər bir şahid digər şahiddən ayrılıqda dindirilir. Bu halda müstəntiq dindirmə qurtaranadək eyni iş üzrə çağırılmış şahidlərin öz aralarında ünsiyyətdə ola bilməməsi üçün tədbirlər görür.

227.4. Dindirmədən əvvəl müstəntiq şahidin şəxsiyyətini müəyyən edir, ona hansı iş üzrə çağırıldığı barədə məlumat verir və ona iş üzrə məlum olan bütün hallar barədə danışmaq vəzifəsi, habelə ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir. Şahidə özünün və ya yaxın qohumlarının əleyhinə ifadə verməyə borclu olmadığı barədə məlumat verilir. Bundan sonra müstəntiq şahidlə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin münasibətlərini müəyyənləşdirir və dindirməyə başlayır.

227.5. Dindirmə şahidə cinayət təqibi ilə bağlı bütün halları danışmaq təklifi ilə başlanır və bundan sonra ona suallar verilə bilər.

227.6. Müstəntiq şahidi audio yazıdan, video və kino çəkilişdən və digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.

Maddə 228. Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi

228.1. Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər.

228.2. 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.

228.3. Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslərə onların dindirmədə iştirak etmək, müstəntiqin icazəsi ilə öz qeydlərini bildirmək və suallar vermək hüququ, habelə onların vəzifələri izah edilir. Müstəntiq verilmiş sualları rədd edə bilər, lakin onlar dindirmə protokolunda qeyd edilməlidir. Həmin protokola, həmçinin dindirilmiş şəxsin və dindirmədə iştirak etmiş şəxslərin bütün qeydləri daxil edilir.

228.4. 16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir.

Maddə 229. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsi

229.1. Lal, kar və ya kor şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir.

229.2. Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır.

229.3. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər.



Maddə 230. Şahidin dindirilməsi protokolu

230.1. Şahidin dindirilməsi haqqında protokol tərtib edilir. Həmin protokolda aşağıdakılar göstərilir:

230.1.1. dindirmənin tarixi, vaxtı və yeri;

230.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

230.1.3. şahidin soyadı, adı, atasının adı, habelə onun doğulduğu il, ay, gün və yer;

230.1.4. şahidin vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

230.1.5. şahidin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə münasibətləri barədə məlumatlar;

230.1.6. şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi barədə qeyd;

230.1.7. dindirmənin aparılmasının xüsusiyyətləri, xüsusən şahidin dindirilməsi zamanı audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

230.1.8. şahidə verilmiş suallar və bu suallara onun cavabları, habelə şahidin cinayət işinin hallarının mahiyyəti üzrə sərbəst ifadələri.

230.2. Şahidin ifadələri və onun verilmiş suallara cavabları dindirmə protokolunda birinci şəxs adından və mümkün qədər hərfi şəkildə qeyd edilir.

230.3. Dindirmə zamanı şahid öz ifadələrini Azərbaycan Respublikasının dövlət dilində və ya özünün bildiyi dildə verir. Şahid dövlət dilini və ya ibtidai araşdırmanın aparıldığı dili bilmədiyi halda dindirmənin aparılmasına tərcüməçi cəlb edilir. Şahidin xahişi ilə ifadəsi onun bildiyi dilə tərcümə edilir. Bu protokol şahid və tərcüməçi tərəfindən imzalanır. Protokol iş materiallarına əlavə edilir.

230.4. Şahidin xahişi ilə ona ifadələrini əlyazma üsulu ilə vermək imkanı verilir və bu barədə dindirmə protokolunda müvafiq qeyd aparılır.

230.5. Dindirmə qurtardıqdan sonra müstəntiq şahidi dindirmə protokolu ilə tanış edir. Şahid müstəntiqdən dindirmə protokolunda əlavə və düzəlişlərin edilməsi barədə xahiş etmək hüququna malikdir.

230.6. Dindirmə protokolu müstəntiq və şahid tərəfindən onun axırında, habelə şahid tərəfindən əlavə olaraq onun hər səhifəsində imzalanır. Dindirmə tərcüməçinin iştirakı ilə aparıldıqda, tərcüməçi dindirmə protokolunu şahidlə bərabər və ilk növbədə imzalayır.

230.7. Şahid dindirmə protokolunu imzalamaqdan imtina etdiyi halda müstəntiq həmin imtinanın səbəbini araşdırır və protokolu öz imzası ilə təsdiq edir. Şahidin savadsızlığı və ya fiziki qüsurları üzündən dindirmə protokolunu imzalaması mümkün olmadıqda, müstəntiq bu halları protokolda əks etdirir və onu öz imzası ilə təsdiq edir.

230.8. Dindirmə protokolu işin materiallarına əlavə edilir. Dindirilmədə audio yazılan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazı, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

Maddə 231. Zərər çəkmiş şəxsin dindirilməsi

Zərər çəkmiş şəxsin dindirilməsi bu Məcəllənin 227—230-cu maddələrində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır.



Maddə 232. Şübhəli şəxsin dindirilməsi

232.1. Şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır.

232.2. Şübhəli şəxsin tutulduğu halda o, öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir.

232.3. Müstəntiq şübhəli şəxsi audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.

232.4. Şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir.

232.5. Müstəntiq dindirməyə şübhəli şəxsə şübhə barəsində və onun mülahizələrinə görə iş üçün əhəmiyyətli ola bilən bütün digər hallar barədə ifadə vermək təklifi ilə başlayır. Qalan hallarda müstəntiq şübhəli şəxsin dindirilməsində təqsirləndirilən şəxsin dindirilməsi üçün bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydaları rəhbər tutmalıdır.



Maddə 233. Təqsirləndirilən şəxsin dindirilməsi

233.1. Müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır.

233.2. Təxirəsalınmaz hallar istisna olmaqla, təqsirləndirilən şəxsin dindirilməsi yalnız gündüz vaxtı aparılmalıdır.

233.3. Təqsirləndirilən şəxsin dindirilməsi ibtidai araşdırmanın yeri, zəruri hallarda isə onun olduğu yer üzrə aparılır.

233.4. Təqsirləndirilən şəxs iş üzrə digər şəxslərdən ayrılıqda dindirilməlidir. Müstəntiq təqsirləndirilən şəxsin iş üzrə digər şəxslərlə ünsiyyətdə olmaması üçün tədbirlər görür.

233.5. Təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir.

233.6. Yetkinlik yaşına çatmamış, habelə lal, kar, kor və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi bu Məcəllənin 228.2 və 229-cu maddələrində nəzərdə tutulmuş qaydada aparılmalıdır.

233.7. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti, habelə iş üçün əhəmiyyətli olan hallar üzrə dindirilir.

233.8. Müstəntiq təqsirləndirilən şəxsi audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.

233.9. Dindirmənin başlanmasından əvvəl müstəntiq təqsirləndirilən şəxsə onun müdafiəçinin köməyindən istifadə etmək və ifadə verməkdən imtina etmək hüququnu izah edir.

233.10. Dindirmənin əvvəlində müstəntiq təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini aydınlaşdırmalıdır.

233.11. Dindirmə zamanı təqsirləndirilən şəxsin susması onun özünü təqsirli bilməsi kimi qiymətləndirilə bilməz. Müstəntiq təqsirləndirilən şəxsə ona elan edilmiş ittiham üzrə və özünün mülahizələrinə görə cinayət işi üçün əhəmiyyətli olan digər hallar üzrə ifadələr verməyi təklif edir.



Maddə 234. Şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi protokolu

234.1. Şübhəli və ya təqsirləndirilən şəxsin hər bir dindirilməsi haqqında müstəntiq tərəfindən protokol tərtib edilir və həmin protokolda aşağıdakı məlumatlar göstərilməlidir:

234.1.1. dindirmənin aparıldığı tarix, vaxt və yer;

234.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

234.1.3. şübhəli və ya təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı, habelə onun doğulduğu il, ay, gün və yer, onun vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

234.1.4. şübhəli və ya təqsirləndirilən şəxsin məhkumluğu, dövlət təltifləri və şübhəli və ya təqsirləndirilən şəxsi səciyyələndirən və iş üçün əhəmiyyətli olan digər məlumatlar;

234.1.5. şübhəli və ya təqsirləndirilən şəxsə onun hüquqlarının və vəzifələrinin izah edilməsi barədə qeyd;

234.1.6. şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsinin xüsusiyyətləri, xüsusən dindirmə zamanı audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

234.1.7. şübhəli və ya təqsirləndirilən şəxsə verilmiş suallar və onun bu suallara cavabları, habelə şübhəli və ya təqsirləndirilən şəxsin işin hallarının mahiyyəti üzrə ifadələri.

234.2. Şübhəli və ya təqsirləndirilən şəxsin ifadələri və onun verilmiş suallara cavabları birinci şəxs adından mümkün qədər hərfi şəkildə qeyd edilir.

234.3. Şübhəli və ya təqsirləndirilən şəxsə öz ifadələrini əlyazma üsulu ilə vermək imkanı verilir və bu barədə müstəntiq protokolda qeyd aparır. Şübhəli və ya təqsirləndirilən şəxsin yazılı ifadələri ilə tanış olduqdan sonra müstəntiq ona əlavə suallar verə bilər. Bu suallar və onlara cavablar protokola daxil edilir.

234.4. Dindirmə qurtardıqdan sonra müstəntiq şübhəli və ya təqsirləndirilən şəxsi protokolla tanış edir. Dindirilən şəxslər protokolda əlavələrin və düzəlişlərin edilməsini tələb etmək hüququna malikdirlər. Onların düzəlişləri və əlavələri mütləq protokola daxil edilməlidir.

234.5. Protokol şübhəli və ya təqsirləndirilən şəxs və müstəntiq tərəfindən imzalanmalıdır. Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən ayrıca imzalanır.

234.6. Şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi zamanı audio yazıdan, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildiyi halda müvafiq yazılar, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.



Maddə 235. Üzləşdirmə

235.1. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir.

235.2. Üzləşdirmə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müstəntiq həmin istintaq hərəkətinin aparılmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir.

235.3. Üzləşdirmənin əvvəlində aralarında üzləşdirmə aparılan şəxslərin bir-birini tanıması və onların münasibətləri dəqiqləşdirilir. Şahidlər ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmağa və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında; habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdar olunurlar.

235.4. Üzləşdirməyə çağırılmış şəxslərə aydınlaşdırılması üçün üzləşdirmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə vermək təklif olunur. Bundan sonra müstəntiq suallar verir. Üzləşdirməyə dəvət olunmuş şəxslər müstəntiqin icazəsi ilə bir-birinə suallar verməklə dindirmədə iştirak edə bilərlər.

235.5. Üzləşdirmə iştirakçılarının əvvəlki dindirmələrdə verdikləri ifadələrin səsləndirilməsinə onların üzləşdirmə zamanı ifadə verməsindən və həmin ifadələrin protokola daxil edilməsindən sonra icazə verilir.

235.6. Bu Məcəllənin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş hallarda üzləşdirmənin aparılmasında müəllim, həkim, tərcüməçi və dindirilən şəxsin qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilərlər.

235.7. Müstəntiq üzləşdirməni video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir.

235.8. Üzləşdirmənin aparılması barədə müstəntiq protokol tərtib edir və protokolda aşağıdakı məlumatları göstərir:

235.8.1. üzləşdirmənin aparıldığı tarix, vaxt və yer;

235.8.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

235.8.3. üzləşdirmə iştirakçılarının soyadı, adı və atasının adı, habelə, onların doğulduğu il, ay, gün və yer; vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

235.8.4. üzləşdirmə iştirakçılarına onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi barədə qeyd:

235.8.5. üzləşdirmənin xüsusiyyətləri, xüsusən üzləşdirmə zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

235.8.6. üzləşdirmə iştirakçılarına verilmiş suallar və bu suallara onların cavabları, habelə işin hallarının mahiyyəti barədə onların ifadələri.

235.9. Müstəntiq üzləşdirmə iştirakçılarını üzləşdirmə protokolunun məzmunu ilə tanış edir. Dindirilən, habelə üzləşdirmədə iştirak edən şəxslər protokola əlavə və düzəlişlərin edilməsini tələb etmək hüququna malikdirlər. Üzləşdirmə protokolu müstəntiq, habelə dindirilən şəxs və üzləşdirmədə iştirak edən şəxslər tərəfindən imzalanır. Dindirilən hər bir şəxs öz ifadələrini və protokolun hər səhifəsini imzalayır.

235.10. Üzləşdirmə zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazı, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

XXIX fəsil. Baxış, meyitin qəbirdən çıxarılması və şəxsi müayinə

Maddə 236. Baxış

236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır.

236.2. Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır.

236.3. Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında azı 2 (iki) hal şahidi iştirak edir.

236.4. Müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır.

236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür.

236.6. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer;

236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

236.6.3. baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;

236.6.4. hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda);

236.6.5. hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda);

236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;

236.6.7. müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar.

236.7. Protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır.

236.8. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

236.9. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2—177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin